Xəbər lenti

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi (FOTO/VİDEO)
Foto 16:40 24.09.2020

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi (FOTO/VİDEO)

Türkanda 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova etiraz aksiyası keçiriblər. Ahıl qadınlar torpaqlarının zəbt olunmasına etirazlarını bildirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyi önünə gəliblər. Onlar üzərində  "Türkanda torpaq mafiyası – icra nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Səfərov, Xəzər Rayon İcra Hakimiyyəti”, "Cənab prezident! Biz sağ olduğumuz halda bizi "öldürüb” torpaqlarımızı ələ keçiriblər. Onları Allaha tapşırıram” sözləri yazılmış transparantlar tutublar. Aksiyada Əzizəxanım Atayevanın oğlu Əlihüseyn Atayev də iştirak edib.

Məsələnin mahiyyəti budur ki, Xəzər icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının "ürək çatışmamazlığı”ndan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə "dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Əzizəxanım Atayeva, Xumara Şabanova Xəzər Rayon İcra Hakimiyyəti rəsmilərinin Rahil Babayevə gizli himayədalıq etdiklərini dilə gətiriblər. Deyirlər ki, Rahil Babayevin onlara qarşı atdığı cinayətə bərabər addımların araşdırılmaması onun himayə olunması ilə əlaqədardır.

Türkan qəsəbəsində "öldürülən” ahıl qadınlar - 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova baş verən qanunsuzluqlarla bağlı 2 dəfə Baş Prokurorluqda olublar.

Hazırda Türkanda hər kəs torpaqları zəbt edib satan cinayətkar şəbəkənin nə vaxt həbs olunacağını səbrsizliklə gözləyir. Ancaq hüquq mühafizə orqanları böyük bir cinayət ortada ikən baş verənlərlə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verib. Bu qərardan narazı qalan Əzizəxanım Atayeva və Xumara Şabanova Baş Prokurorluqda olublar. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Əzizəxanım Atayeva deyib ki, ona və qohumu Xumara Şabanovanın adına çıxarılan  və saxtalığı göz önündə olan ölüm haqda şəhadətnamələrdə Rahil Babayevin imzası var. Bundan başqa onların ailə tərkibi haqda saxta arayışlar da Rahil Babayevin imzası ilə verilib.  

Hüquqşünaslar deyir ki, Rahil Babayev vəzifəli şəxs olduğu üçün onun vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətməsi ehtimalları, faktları prokurorluq orqanında araşdırılmalıdır. Əzizəxanım Atayeva bu haqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin prokuroruna rəsmi qaydada şikayətini təqdim edib. Zərərçəkən ona və övladlarına qarşı hədələrin olduğunu, susmayacaqları, şikayətlərini davam etdirəcəkləri zaman başlarına işlər gələcəyi təhdidi aldığını da bildirib. Tələb edib ki, onlara qarşı baş verən cinayətlərin tam və hərtərəfli araşdırılması üçün baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülsün, cinayət əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Baş prokurora ünvanlanan və qəbul şöbəsinə təqdim edilən müraciətdə vəzifə saxtakarlığına yol vermiş Xəzər rayonu üzrə qəsəbə nümayəndəsi Rahil Babayevin qanunsuzluqlarının prokurorluqda araşdırılması və işi baş prokurorun şəxsi nəzarətinə götürməsi xahiş olunur: "Bizə qarşı edilmiş dələduzluq, vəzifə saxtakarlıqlarını və sağ olduğumuz halda ölüm haqqında şəhadətnamə düzəldilərək torpaqlarımızın ələ keçirilməsi cinayətinin əvvəldən Xəzər rayonunda araşdırılmasının əleyhinə olmuşuq. Cinayət işində adı keçən şəxslər rayonda özlərini suda balıq kimi hiss edirlər. Onların cəzasız qalacağı indidən bəllidir və bu səbəbdən təcili olaraq iş həmin rayondan alınmalıdır. Torpaqlarımızı ələ keçirən Daşqın Nəsirov 2012-ci ildə Türkanda qonşusunu güllələyib və sonuncu təsadüfdən sağ qalıb. Xəzər Rayon Prokurorluğu Daşqın Nəsirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə cinayət işi başlasa da, sonradan "sehirli çubuq” vasitəsilə cinayət işi xuliqanlıq maddəsinə dəyişdirildi. Daşqın Nəsirov cəmi 2 ay həbsdə yatdı. Hazırda Daşqın Nəsirov sərbəst gəzir. Bu işdə vəzifəli şəxslər Türkan qəsəbəsi üzrə nümayəndə Rahil Babayev, 31 saylı Dövlət Notariat Kontoru və digər notariat kontorlarının nümayəndələri, Daşqın Nəsirov və digər şəxslərlə birlikdə cinayət əlaqəsində olublar.

Rahil Babayev 2 ədəd saxta arayış verib. Hər şey həmin arayışlardan başlayıb və bu arayışlar əsasında eyni üsulla, torpaqlar aidiyyəti olmayan şəxslərin adına saxtalaşdırılaraq eyni gündə Daşqın Nəsirov tərəfindən satılıb”...

Müraciətdə həmçinin yazılır ki, Türkan qəsəbəsində torpaq mafiyası fəaliyyət göstərir və bura Xəzər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, qəsəbə nümayəndəsi Rahil Babayev, Daşqın Nəsirov və digər şəxslər daxildir: "Bizə qarşı olan bu cinayət Xəzər rayonunda araşdırıla bilməz. Eyni zamanda qeyd edilir ki, Rahil Babayev və Daşqın Nəsirov rayon rəhbərliyi tərəfindən himayə olunurlar. Onlar ”torpaq mafiyası"na qarşı olan bu və digər faktları araşdıra bilməz. Bizi diri-diri öldürən məmurlar bizə qarşı istənilən qanunsuzluğu edərlər, üstüörtülü hədələr gəlməkdir”.

Sonda baş prokurordan xahiş olunur ki, cinayət işi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılsın.

Mənbə: Musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->