"Nə Co Bayden, nə də Donald Tramp adminstrasiyasının PKK və YPG-nin bitirilməsi barədə qərar verəcəklərini düşünmürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə milli müdafiə naziri Yaşar Gülərin Ankaranın Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə ABŞ-ı məlumatlandırdığı və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid etdiyi barədə bəyanatını şərh edərkən deyib.
"ABŞ dövlət katibi Entoni Blinken məhz PKK və YPG terrorçularını indiki vəziyyətdə qorumaq üçün təcili olaraq Türkiyəyə səfər edib. Lakin istədiklərini ala bilmədilər. Düşünürəm ki, bu səfər həm də zaman qazanmaq xarakteri daşıyırdı. Ona görə də Bayden hakimiyyətinin PKK-ya yardımın dayandırılması və onun bitirilməsilə bağlı qərar qəbul edəcəyini düşünmürəm. Onu əvəzləyəcək Trampa gəldikdə, o birinci dönəmdə də ABŞ ordusunun Suriyada hər hansı bir işinin qalmadığını və tezliklə çıxacaqlarını bəyan edib. Lakin bu günə qədər bu baş verməyib. Əksinə, Makqurt kimi türk düşmən olan casusu ABŞ yenə də regiona öz səlahiyyətli nümayəndəsi kimi göndərib. Pentaqonda və xüsusi xidmət orqanlarında çalışan məmurların Prezidentlərə təsir imkanları böyükdür. Ona görə Tramp növbəti dəfə əvvəlki prezidentlik dönəmindəki fikirlərini təkrarlasa da, əməldə onun icra ediləcəyini gözləmirəm", deyə Natiq Miri bildirib.
Həmsöhbətimiz deyib ki, ABŞ Suriyada varlığı ilə dolayısı ilə həm də İsrailə müəyyən imkanlar yaradır:
"İsrail Colan təpələrilə kifayətlənməyərək, Suriyanın digər bəzi bölgələrini də işğal etməkdədir. Bu isə ABŞ-ın hələ bir müddət regionda qalmaqda davam edəcəyinin göstəricisidir. Vaşinqtonun uzun müddətli planları var ki, bu planlar da təkcə Suriya ilə bağlı deyil. Eyni zamanda, Tehranın dəstəklədiyi proksi qüvvələr və İranla əlaqəlidir. Təcili qaydada Bayden hökuməti "Trumen” atom bombası və aviadaşıyıcı gəmilərini yenidən Yaxın Şərqə göndərir. Tramp da bu məsələdə öz adminstrasiyasının Bayden hökumətilə kordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bəyan edir. Ona görə də ABŞ tərəfindən PKK-ya dəstəyin dayandırılacağı və onun bitiriləcəyini düşünmürəm”.
Ekspert bu qənaətdədir ki, Türkiyə və Suriyanın yeni hökumətinin hərbi qüvvələri həmin öhdəliyi üzərlərinə götürməli və vaxt keçmədən onu dərhal başa çatdırmalıdırlar:
"Sonra gec ola bilər və proses hətta Türkiyə-ABŞ qarşıdurmasına qədər inkişaf edə bilər. Ona görə Tramp hakimiyyətə gələnə qədər bütün sərhədboyu strateji bölgələr tamamilə PKK-dan təmizlənməlidir".
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankaranın Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə ABŞ-ı məlumatlandırdığını və bu istiqamətdə Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdə olub. Bu səfərdə əsas müzakirə mövzusunun Suriya olduğu bəllidir. Görünür, tərəflər PKK məsələsinə də toxunublar.
Rüfət Sultan
Şərhlər