Xəbər lenti

Türkiyə Azərbaycanda hərbi baza açarsa, Kreml nə edə bilər? (RƏY)
Siyasət 12:30 19.06.2021

Türkiyə Azərbaycanda hərbi baza açarsa, Kreml nə edə bilər? (RƏY)

"Peskovun dedikləri ehtimala qarşı deyilən sözlərdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Azərbaycanda Türkiyə hərbi bazalarının  qurula biləcəyi barədə xəbərə reaksiya verərkən, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Moskvanın ona qarşı müəyyən addımlar atmalı olacağı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.  

O, qeyd edib ki, Peskovun söylədikləri özünün deyil, Putinin fikridir:  

"Şuşa Bəyannaməsində Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsilə bağlı hər hansı bir bənd yoxdur. Bu olsaydı,  Kreml dərhal reaksiya verərdi. Digər tərəfdən, Rusiyanın məsələ ilə bağlı bu şəkildə davranması təbiidir. Kreml NATO-nun öz sərhədlərinə doğru yaxınlaşmasına qıcıqla yanaşır”.  
 
 

Ekspert bildirib ki, Türkiyə Azərbaycanda hərbi baza qurmayacaq: 

"Amma Azərbaycan Ordusunun yenidən strukturlaşmasında, təlimlərində daha aktiv iştirak edəcəklər. Bununla bərabər, Şuşa Bəyannaməsi üçüncü dövlətlərə qarşı açıq şəkildə verilən  mesajdır. Azərbaycan ərazisində münaqişənin yenidən alovlanması halında Türkiyə buna seyrçi qalmayacaq”.  

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ehtimalı reallaşacağı təqdirdə isə, həmsöhbətimizə görə, sözsüz ki, Rusiya buna seyrçi qalmayacaq və müəyyən addımlar atacaq. F.Mehdiyev düşünür ki, bu halda Moskva erməniləri qızışdırıb yenidən üstümüzə göndərməyə cəhd edə bilər: 

"Moskva öz marağı üçün ciddi təhlükə gördükdə bunları edir. Bunu Gürcüstan və Ukraynada gördük”.  

Amma ekspertin fikrincə, zamanla balans dəyişə bilər. Özü də Azərbaycanın xeyrinə: 

"Xankəndi də daxil, bütün Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpağı olduğunu dünyaya qəbul etdirdikdən sonra məsələnin ölkəmizin xeyrinə həlli əlavə təsiredici məqam olacaq. Bu hal Rusiyanın özünə də təsir göstərəcək”. 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->