Xəbər lenti

Türkiyə bu əraziləri ya daimi nəzarətdə saxlamalı, ya da...
Hüseynbala Səlimov
Siyasət 14:06 14.10.2019

Türkiyə bu əraziləri ya daimi nəzarətdə saxlamalı, ya da...

Hüseynbala Səlimov

Valday Forumundan və MDB-nin Aşqabad sammitindən sonra Azərbaycan diplomatiyasında bir hücum ovqatı duyulsa da Dağlıq Qarabağ problemində yaranmış gərginlik hələ də tamam götürülməyibdir və biz bir tərəfdən bu gərginliyin yaratdığı narahatlığı yaşayır, digər tərəfdən də qardaş Türkiyənin apardığı yeni anti-terrror əməliyyatlarını izləməyə çalışırıq.

Bir tərəfdən sevindirici haldır ki, Ankara bir çox dövlətlərin müqavimətini qıraraq öz təhlükəsizliyini təmin etmək və bunun üçün zəruri əməliyyatlar aparmaq üçün mandat ala bildi və artıq bir neçə gündür ki, Türkiyə tərəfdən də itkilər olsa da, ümumi halda əməliyyatlar uğurla davam edir və bir daha deyirik ki, bu, bizi sevindirməyə və həm də düşündürməyə bilməz...

Amma bu konteksdə də müəyyən narahatlığımız var. O, da budur ki, belə əməliyyatlar prinispcə, birinci dəfə deyil ki, keçirilir, Ankara həm öz ərazisində, həm də yaxın coğrafiyalarda terrorçuları zərərsizləşdirmək üçün böyük cəhdlər edir. Fəqət, problem nə çözülmür, nə də tükənmir. İndi də bizə elə gəlir ki, qardaş Türkiyənin problemi iki halda həll oluna bilər. 

Birincisi, ya Türkiyə ilə həmsərhəd ölkələrdə, İraqda və Suriyada öz ərazilərinə nəzarət edə bilən, öz vətəndaşlarını - əhalisini sözün əsl mənasında idarə edə bilən stabil dövlətlər yaranmalıdır, ya da Türkiyə öz sərhədləri boyunca müəyyən təhlükəsizlik zolağı yaratmalı və daim onu nəzarətdə saxlamalıdır. 

Amma biz yaxın dövrlərdə İraqda və Suriyada belə dövlətlərin yaranacağına çox böyük şübhə ilə yanaşırıq – xüsusən də Suriya məsələsi çox güman ki, hələ çox narahatlıqlar yaşadacaqdır. Ona görə də daimi təhlükəsizlik zolağı yaratmaq ən effektiv çıxış yolu olardı.

İkincisi, ABŞ-ın regiondakı siyasətindən də çox şey asılıdır, ən az ona görə ki, bu ölkənin on illərlə əlində oynatdığı "kürd kartı” bölgəki qeyri-sabitliyin ən əsas səbəblərindən biridir. 

Ümumiyyətlə götürəndə, Vaşinqton on illərdir ki, regionda heç də ürəkaçan bir rol oynamır: bir tərəfdən Səudiyyə monarxiyasını himayə edir, digər tərəfdən də guya regionun digər avtoritar ölkələrinin liderlərini cəzalandırır. Amma ki necə? Bu ölkələrdə uzunmüddətli xaos və pərakəndəlik yaratmaq, onların ərazisində idarə olunan lokal münaqişə ocaqlları formalaşdırmaqla!.. 

İndi İraqın da ərazisində kürd muxtariyyatı, Suriyada da kürd zonası vardır. Məgər aydın deyilmi ki, faktiki olaraq yalnız ABŞ-dan asılı olan bu yarımanklavlar bölgədəki qeyri-stabilliyin əsas səbəblərindən biridir?

Düşünmürük ki, Vaşinqton bunun tamam fərqində deyildir, yox, prezident D.Tramp Suriya ilə, ümumiyyətlə, regionla bağlı bəzən çox  təəccüb doğuracaq dərəcədə diletant bəyanatlar versə də (məsələn, bu yaxınlarda dedi ki, biz Suriyaya İŞİD problemini həll etmək üçün getmişdik və onu da etdik!) gün kimi aydın məsələdir ki, lap əvvəldən "kürd kartı” ən azı dörd dövlətin – İraq, İran, Suriya və Türkiyənin başı üzərində yumruq kimi nəzərdə tutulmuşdu və demək olar, bu missiyanı heç də pis yerinə yetirmir...

Amma ümid edirik, Türkiyə növbəti əməliyyatları ilə bu həlqəni xeyli dərəcədə zəiflədə biləcək. Fəqət, düşünürük ki, onu tamam həll edə bilməyəcək, çünki bunun üçün ABŞ bölgədən öz "barmağ”ını götürməli və İraqda, Suriyada, bir daha deyirik ki, öz ərazisinə və əhalisnə nəzarət edə bilən dövlətlər bərqərar olmalıdır.  

Burada bir məsələni də qeyd etmək yerinə düşər. Türkiyənin öz təhlükəsizliyini təmin etmək, bunun üçün hətta qonşu ərazilərdə anti-terror əməliyyatlar aparmaq haqqı tanınır və bu, bizi sevindirir. Amma separatizm hər yerdə separatizmdir və məlum deyil ki, niyə görə bir yerdə separatizm pislənir və cəzalandırılır, digər yerlərdə isə buna hətta imkan verilmir? Məsələn, niyə görə Azərbaycan öz ərazisi hüdudlarında bu cür əməliyyatlar keçirə bilməz?..

Əgər yaxşı diqqət etdinizsə, MDB-nin Aşqabad sammitində daha bir detal da oldu. Belarusun prezidenti A.Lukaşenko İkinci Dünya müharibəsindəki qələbədən danışan dövlət və hökumət başçılarının diqqətini keçmiş sovet, indiki MDB məkanındakı münaqişələrə çəkmək istədi. Həqiqətən çox yerinə düşən qeyd idi: 74 il bundan əvvəl ümumi düşmənə qarşı vuruşan xalqlar indi biri - birinə qarşı vuruşur və heç kim də bunun qarşısını almağa çalışmır!.. 
Amma uzaq Suriyada guya sahman yaratmaq istəyən prezident V.Putin cənabları bu qeydin qarşılığında heç nə demədi, çünki bunsuz da hər şey yetərincə aydındır: orada da, burada da Putinlərin məqsədi sahman deyil, sadəcə, öz "qarmaq”larını yeni-yeni ərazilərə ilişdirməkdir...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->