Ərəstun Oruclu: “Orada xarici qüvvələrin təsiri, məncə, mümkün olan şey deyil”“Mənə elə gəlir, Türkiyədə baş verən hadisələrin kökündə hakimiyyətin Türkiyənin ənənəvi düzənini dəyişmək cəhdi və son zamanlar bu cəhdi bir qədər də intensivləşdirməsi dayanır”.
Bunu
Qaynar.info-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Türkiyədə yaranmış gərginliyi şərh edərkən deyib. O bildirib ki, özünü daha çox dünyəvi göstərmək istəyən və yaxud bu cür təqdim edən AKP hökuməti addım-addım ölkədə mühafizəkar bir cəmiyyətin qurulmasına doğru islahatlar həyata keçirirdi: “Son zamanlar Türkiyənin həm xarici siyasətindəki müəyyən problemləri, həm də daxildə müxalif zümrənin toparlanması faktiki olaraq Ərdoğan hökumətini daha kəskin, qəti addımlar atmağa sövq etdi. Bu addımlar sırasında da müxtəlif məhdudiyyətlər ehtiva edən qanunların qəbul edilməsi, bundan başqa Baş nazirin özünün Mustafa Kamal Atatürkün və İsmət İnönünün ünvanına işlətdiyi təhqiramiz ifadələr Türkiyə cəmiyyətini açıq-aydın 2 zümrəyə parçaladı: Mühafizəkar-AKP tərəfdarı olanlar və şərti olaraq liberal cümhuriyyətli zümrə. Həmin parkda ağacların kəsilməsi bəhanə oldu ki, bu qarşıdurma açıq müstəviyə keçsin. Bu proses də başlandı. Hesab edirəm ki, əsas məsələ bu idi”.
Siyasi ekspert Türkiyədə baş verənlərin xarici qüvvələrlə əlaqəsi olmadığını qeyd edib: “Söhbət Türkiyə Cümhuriyyətinin koordinal, onun ənənəvi düzəninin əsaslı şəkildə dəyişdirilməsindən və Türkiyədə mühafizəkar dini təmayüllü bir dövlətin qurulması cəhdindən gedir. Bu, ağac məsələsi deyil, ağac xırda məsələdir. Türkiyə 80 milyonluq əhalisi, oturuşmuş siyasəti olan bir ölkədir. Orada xarici qüvvələrin təsiri, məncə, mümkün olan şey deyil. O ki qaldı iqtidarın müxalifəti bu məsələdə ittiham etməsi ənənəvi bir məqamdır. Bütün Şərq ölkələrinin siyasətində, heç uzağa getmək lazım deyil, Azərbaycanı, digər MDB ölkələrini götürək. İstənilən daxili tələblər həmin an xarici düşmənlərlə əlaqələndirilir. Türkiyədə də eyni üsuldan istifadə olunur. Amma bu, uğurlu üsul deyil. Hesab edirəm ki, əsas faktor daxili faktordu. İllər boyu yığılıb, qaynama həddinə çatan həmin o potensial bir anda partladı. Ordu generallarına qarşı “Balyoz”, Ergenekon əməliyyatları, 60-70-dən yuxarı tənqidçi jurnalist müxtəlif ittihamlarla həbsdə saxlanması buna səbəb oldu. Belə partiyalar hakimiyyətə gələnə qədər demokratiyadan, insan hüquq və azadlıqlarından danışırlar, amma hakimiyyətə ələ keçirəndən sonra faktiki olaraq avtoritar üsul-idarə tətbiq etməklə dövlətin düzənini dəyişəməyə cəhd edirlər. Eyni ilə də AKP həmin addımı atdığına görə sonda belə qarşıdurmaya gətirib çıxardı”.
İlkin
Qaynar.info
Şərhlər