Ərəstun Baxşəliyev
Əslində son günlərdə Türkiyə ilə bağlı baş verən hadisələri Osmanlı Türkiyəsinin I Dünya Müharibəsinin başlanması ərəfəsində İngiltərə tərəfindən bilərəkdən müharibəyə sürüklənməsi ilə eyniləşdirmək olar.
Bölgədə vəziyyət olduqca gərgindir. Hatayda baş verən terror aktından sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F 16 təyarəsinin də Suriya tərəfindən vurularaq düşürülməsi, hazırda Türkiyəni bilərəkdən müharibəyə sürüklənməsi anlamını kəsb etməkdədir.
Bu gün Suriyada və bölgədə baş verənlər Bəşər Əsəd rejimin süqutunun son akkordlarından xəbər verir. Məhz bunun nəticəsidir ki, bu günə qədər Suriya rejimini müdafiə edən tərəflər son həmlə olaraq Türkiyəni savaşa sürükləməklə, bölgədə yeni müharibənin alovlanması ilə vəziyyəti öz xeyirlərinə dəyişməyə təşəbbüs göstərirlər.
Bu məslədə İran tərəfinin daha aktiv rol alması daha çox aktualdır. Çünki son günlərdə Türkiyədə PKK probleminin həllinə doğru atılan adımlar daha çox İranı narahat etməkdədir. Digər tərəfdən Suriya halqasının getdikcə daralması da İran rejimin daha çox narahat edən məqamlardandır.
Suriyadakı Əsəd rejimindən sonra növbəti hədəfin İranın olması şəksiz və şübhəsizdir. Bunu dərk edən tərəflərin belə bir təxribatçı addımlarla Türkiyəni bilərəkdən müharibəyə sürükləməsi də əslində gözlənilən idi. Təsadüfi deyil ki Türkiyə Baş naziri Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalarda məhz bu notlar xüsusi olaraq qabardılır. Sitat: “Xüsusi olaraq bunu vurğulamaq durumundayam. Bizlər, Türkiyəni Suriyadakı qanlı bataqlığın içərisinə sürükləmək üçün təşkil edilən provakasiya qarşısında soyuqqanlı olmaq məcburiyyətindəyik. Türkiyənin səbri, soyuqqanlılığı sanki sınağa çəkilir. Xüsusilə Hatay bölgəmizdə bir qisim təhrik etmə surətiylə fitnə çıxarmaq istəyirlər.
Böyük dövlətlər, hadisələr qarşısında soyuqqanlılığını qoruya bilən, aqil düşüncə ilə düşünən və hərəkət edə bilən dövlətlərdir.... Birilərinin Dəməşqdəki canilərlə, tanınmayan qüvvələrlə gönül bağı ola bilər. Birilərinin əli qanlı terror qrupları ilə münasibəti ola bilər. Birilərinin məzhəb çatışmalarına rəvac vermə istəyi də ola bilər. Ancaq bizlər buna icazə verməyəcəyik. Açıq şəkildə bəyan edirəm ki, bu tip qanlı hadisələrə rəvac vermək, qanlı Baas rejiminin tərəfdarlarına fürsət vermə anlamına gəlməkdədir...”
Ərdoğan tərəfindən verilən bu açıqlamadan da göründüyü kimi bölgədə vəziyyəti qarışdırmaq istəyən və Türkiyəni bu bataqlığa sürükləmək istəyən qüvvələr getdikcə daha aktiv bir şəkildə hərəkət edərək, Türkiyəni bilərəkdən bu müharibənin içərilərinə çəkmək istəyəcəklər. Maraqlı haldır ki, dünya mediası da Türkiyə ilə bağlı baş verən son hadisələri “Suriyadakı savaşın Türkiyəyə sıçraması” kimi qələmə verir.
Bəs Türkiyə hansı halda bu müharibədən yayına və ya öz milli təhlükəsizliyinə qarşı olan bu tip təhdidlərdən sığortalana bilər?
Vəziyyətin kifayət qədər kritikliyi əslində bu sualların özünü belə sual altında qoyur. Çünki hakimiyyətin baş verməkdə olan hadisələr qarşısında hər hansı bir mexanizmlə cavab verməməsi və ya elə hakimiyyətin öz dili ilə desək provakasiyalara getməməsi, sonda xalq arasında hakimiyyətə qarşı olan inamın da getdikcə sınması ilə nəticələnə bilər.
Hadisələrin bu tərzdə cərəyan etməsi isə onu göstərir ki, “Türkiyə Suriyaya müadaxilə edəcəkmi?” sualı bu gün üçün daha aktual kimi görünür. Ancaq yenə də fikrimcə Türkiyə üçün bu məsələ nəzəri cəhətdən qəbul edilə bilsə də, bunun aktiv fazaya keçməsi o qədər də asan görünmür. Çünki Türkiyənin istər bəzi bölgə dövlətləri ilə yaşanmaqda olan problemləri, istər daxili problemləri, istərsə də Suriya rejiminin son günlərini yaşaması, ona əlavə cəbhənin açılmasına imkan və ya lüzum verməyəcəkdir.
Bu yalnız o halda baş verə bilər ki, o zaman Türkiyənin həm ərazi bütövlüyünə və həm də milli təhlükəsizliyinə qarşı kifayət qədər təhdidlər özünü göstərmiş olsun.
Maraqlıdır ki, hadisələr Türkiyənin Suriyaya hərbi müdaxilə üçün öz hava məkanından istifadəyə izn verə biləcəyi ilə bağlı vermiş olduğu açıqlamadan sonra aktivləşib.
Bu arada Türkiyə baş naziri Ərdoğan tərəfindən ABŞ-a səfəri öncəsi ötən həftə NBC telekanalına vermiş olduğu müsahibədə ABŞ-ın Suriya məsələsinə birbaşa müdaxilə edərək ciddi addımlar atmasını istədiyini bildirməsi və bu addımlar içərisində uçuşun qadağan edildiyi zonanın yaradılması, hava hücumu və hərbi müdaxilə kimi tədbirlərin olması, sözsü olaraq Suriya və Suriya yanlı qüvvələrin Türkiyəyə qarşı belə bir mövqe sərgiləməsində müstəsna rola malik olubdur.
Qərbin Suriya qarşı hərbi əməliyyata başlaması sualına gəlincə isə.. Qərb dövlətləri tərəfindən Suriyaya qarşı hər hansı bir müdaxilənin olacağı o qədər də inandırıcı görünmür. Çünki Qərbin Suriya məsələsinə baxış bucağı, Liviya məsələsinə baxış bucağı ilə eyni deyildir. Hər halda bu hal baş vermiş olsa idi, yəqin ki məsələnin bu günə kimi uzadılmasına da lüzum görülməzdi. Başqa bir yandan isə NATO-nun açıq şəkildə bölgədəki hadisələrə müdaxilə etməyəcəyi ilə bağlı səsləndirmiş olduğu fikirlər də ən azından bugün üçün Qərbin Suriyadakı proseslərə müdaxiləsini sual altında qoymuş olur.
Sitat: “Suriya Türkiyəyə hücum etsə ittifaq o zaman hərəkətə keçəcək. Türkiyə hücuma məruz qalmadıqca, Suriyaya hərbi müdaxilə edilməyəcək. Birləşmiş Millətlər Təşkilatının istəyi ilə Suriyaya hərbi müdaxilə edə bilmərik. Suriyalı müxaliflər belə xarici müdaxiləyə çağırmır. Suriya cəmiyyəti siyasi, etnik, dini və regional baxımdan çox kompleksli bir cəmiyyətdir. Belə bir ölkəyə hərbi müdaxilə, gözləniməz nəticələr doğura bilər” -deyə NATO-nun baş katibi Anders Foq Rasmussen bunu fevral ayında vermiş olduğu açıqlamasında bəyan etmişdir.
Maraqlıdır ki, Suriyaya hərbi müdaxiləyə, bu gün heç ABŞ-ın özü də könüllü kimi görünmür. Belə ki, Amerika hökuməti Suriyaya birbaşa müdaxilə deyil də, ərəb ölkələri kimi Türkiyə üzərindən yardım göndərilməsini, silah verilməsi vasitəsilə rejimin tədricən çöküşünə daha çox üstünlük verir. Təsadüfi deyil ki, ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeronla birgə mətbuat konfransıda, Suriyanın dostları qrupunda olan ölkələrin Bəşər Əsədin devrilməsinə nail olması üçün loyal müxalifətə edilən dəstəklərini davam etdirməsinə daha çox üstünlük verilməsini dilə gətiriblər. Sitat: “Biz Suriya müxalifətinə qeyri-hərbi yardımları iki dəfə çoxaldacağıq və Əsəd rejiminə təzyiqləri artırmağı davam etdirəcəyik”..
Hər halda hadisələrin belə bir məcrada davam etməsi və Türkiyədə baş verən qanlı terror aktından sonra Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri çərçivəsində ABŞ prezidenti Obama ilə görüşü zamanı gündəmdə Türkiyədə Reyhanlıda baş verən partlayış, Suriya münaqişəsi, İraq, İsrail və İranla bağlı önəmli siyasi məsələlərin yer alacağı daha aktualdır.
Qaynar.info
Şərhlər