Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Yunanıstanın zəif durumunda Türkiyəyə hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
O, bölgədə artan təxribatlar səbəbiylə "S-400” hava hücumundan müdafiə sistemlərinin ən qısa müddətdə işə salınmasının lazım olduğunu bildirib.
"Heç kimlə danışıqlar aparmadan "S-400”ləri aktivləşdirmək mühüm məsələyə çevrilib. Bunları işə salmaqla dövlətimiz və millətimizin təhlükəsizliyini təmin etməliyik. "S-400” hücum yox, müdafiə silahıdır. Əgər sizin ölkənizə bir təyyarə müdaxilə edirsə, bu silah dərhal işə düşür. Amma Yunanıstanın əldə etdiklərinin hamısı hücum sistemləridir. Kimə qarşıdır: İtaliya, Albaniya, Makedoniya, yoxsa Bolqarıstana qarşıdır? Əlbəttə, yox. Türkiyəyə qarşıdır”, - Yaycı bildirib.
Admiral Fransa və Yunanıstan arasında imzalanmış hərbi anlaşmanın da Türkiyəyə qarşı olduğunu söyləyib. O, hər iki ölkənin NATO-nun müttəfiqlik prinsiplərinə zərbə vuraraq, digər alyans üzvü – Türkiyəni hədəf aldıqlarını vurğulayıb.
"Niyə iki NATO ölkəsi olaraq, özünüzdə bu müqaviləni imzalamaq məcburiyyəti hiss edirsiniz? NATO-dakı bu çat ortaya qoyulmalıdır, üstü örtülməməlidir”, - Yaycı qeyd edib.
O, Yunanıstanın böyük "meqa ideyalar”a sahib olduğunu və Türkiyəyə zəif anında hücum edə biləcəyini də deyib:
"Onlar "Böyük Yunanıstan” qurmaq idealına sahibdirlər. Bunun üçün ilk növbədə bütün adaları Yunanıstana birləşdirmək istəyirlər. İkincisi, Qərbi Anadolunu Yunanıstana birləşdirmək niyyətləri var. 1922-ci ilə qədər buna cəhd etdilər, amma Atatürk qarşısını aldı. Üçüncü hədəfləri Kipr adasını Yunanıstana birləşdirməkdir. 1950, 1963 və 1974-cü illərdə buna cəhd etdilər, amma uğursuzluğa düçar oldular. Amma bir ay əvvəl Cənubi Kiprin xarici işlər naziri Yunanıstandan olan həmkarı ilə görüşündə "Məqsədimiz Kiprdə Helenizmdir” şüarını səsləndirdi. Bu, Kiprin yunanlaşdırılması niyyətinin olması deməkdir. Yəni bu iddialarından əl çəkməyiblər.
Əsas hədəfləri isə İstanbulu ələ keçirərək, burada Vatikan tipli yeparxiya qurmaqdır. Yəni Yunanıstanın böyük ideyalarından imtina etməyib”. /Teleqraf.com
Şərhlər