Nazlı Ağayeva
...Böyük olmayan kollektivi yığıb iclas keçirib. Hardansa əlinə keçən mətndən təmtəraqlı cümlələr oxuyub. Sonra öz dilində izah edib ki, idarədə kadr islahatı mühüm məsələdir. Buna görə işçilərlə təkbətək danışmalıdır. Növbə idarənin xadiməsi Tutu xalaya çatanda o da süpürgəsini, vedrəsini götürüb gəlib ki, yəqin hardasa gözündən hörümçək toru, ayaq izi qaçıb. Müdir müdrük görkəm alıb soruşub:
– Bilirsən də, sənin yerinə neçə nəfər göz dikib?
Tutu xala qorxa-qorxa çiyinlərini çəkib. Onda müdir səsini bir az da qaldırıb:
– Çox adam, Tutu xala. Aralarında tapşırılan da var, hörmət etmək istəyən də. Bilirəm külfətə baxırsan. İndiyə qədər səni qorumuşam, yenə də qoruyacam. Amma gərək sən də özünü göstərəsən.
– Necə göstərim, a bala? Mənimki bir süpürgədir, bir də bu vedrə ilə əski. Onlar da gün uzunu əlimdən düşmür. Ayrı neyləyə bilərəm ki?
Müdir gülümsəyib səsinin tonunu aşağı salır:
– Əlindəkiləri qoy bir tərəfə, Tutu xala. İndi sənin yalnız bir öhdəliyin var. Özünü doğrultsan iş yenə sənindir. Doğrulda bilməsən, süpürgəni, vedrəni o öhdəliyi yerinə yetirən götürəcək. Vallah, mən də istəyirəm, evinə bir loxma çörək aparasan.
Həyəcandan rəngi ağarmış Tutu xala "xeyir olsun”, deyə pıçıldayıb stulun qırağına çökür .
Müdir ona yaxınlaşıb sözə başlayır:
– Bilirsən Tutu xala, bu işi almaqdan ötrü az şeydən keçməmişəm. Dünənə-srağagünə qədər borc ödəyirdim. İndi şükür, mayası çıxıb, qazancı da ki, qazanc. Çətini böyüklərin gözünə girincədir, sonrası corab söküyü kimi gəlir, həm də gətirir. Kimlərlə durub-oturduğumu arada özün də görürsən. Hər şey yaxşı gedir, amma bu yuxarı dairələr kənarda qadın saxlamayana birtəhər baxırlar. İndi sən adı üstündə bir gəlin tapmalısan, ərindən başqa heç kimlə əlaqəsi olmasın. Sonrası mənlikdi. Daha oyuna girmişəmsə gərək qaydaları ilə oynayam. Bir də kimdən əskik kişiyəm ey, maşallah. Sən bu işi düzəlt, ondan sonra görəcəksən müdirini.
Tutu xala əsəbdən titrəyən əllərini sıxa-sıxa müdirin cavabını verir:
– Qabiliyyətinə, kişiliyinə maşallah düşür əlbət. Amma yuxarılı-ağağılı hamınız bir yerdə bu cındır əskiyə dəyməzsiniz! Qaldı ki, istədiyndən var. Bizim qancıq iti zəncirdə saxlayırıq, bu günə qədər erkək üzü göməyib...
Qapını birdəfəlik çırpıb çıxan Tutu xalanın axırıncı hesabını gətirib evində veriblər. Hətta qayıtsın deyə xahiş ediblər. "Ehtiyacın var o işə, əlin-qolun öyrəşib, o qədər ağır da deyil. İnciklik olan şeydi, hər nə olubsa, bağışla məsələ bitsin, – deyən yaxınlarının təkidinə baxmayaraq bir daha ora qayıtmayıb. Evinə daha əziyyətli yerlərdən çörək aparıb.
Tutu xalanın da gəlini vardı, oğlu işsizlikdən, iradəsizlikdən içkiyə qurşanıb xəstə düşmüşdü. Onu yaxşı tanıyan müdir bunu düşünməyə cəsarət edə bilməzdisə də, Tutu xala hər onu görəndə bəlkə bu gerçəyi xatırlayacaqdı. Bəlkə bu "qorxulu” ehtimal heç ağlına da gəlməzdi. Heç kim bilmir.
O əhvalatdan illər ötüb. Cəfakeş, əzabkeş, qürurlu Tutu xala allahın rəhmətinə gedib. Artıq əxlaq da dəyişib o müdir isə...
***
Həyət qapısının açılıb-örtülən səsindən "şikayətçilərimi” tanıyıram. Sərt şəkildə daha ərizə yaza bilməyəcəyimi, indiyə qədər üzə düşüb inanmadığım şeylərdən yazdığıma utandığımı bildirib elə ordan yola salmağa çalışıram. Çalışıram ona görə ki, yüngülvari etirazla çıxıb getmirlər. Çünki o adamlar o məktubun o ünvana deyil, məhz "o adama” çatacağına kökləniblər. O məmur adam onların təsəvvürlərində zərfin içindəki bütün dərdlərinin, ehtiyaclarının çarəsidir.
O gün ortabab cütlük yarızorla içəri təpilib nüfuzlu, mötəbər bir məmurun şəxsi qəbuluna düşmək üçün ona "mədəni” sözlərlə müraciət yazdırmaq istədiklərini bəyan etdilər. Sakit halda çıxıb getmələrini xahiş etdim. İstəklərini daim təmənnasız yerinə yetirdiyin adamlar evimin qapısını kontora döndərəndə başqa yol qalmır. "Qonaqlar” qapıdan çıxarkən ayaq saxladılar:
– Şəxsin kimliyini bilmədiniz. Bəlkə fikriniz dəyişərdi.
Soruşmadım, maraqlanmadım. Özləri dedilər. Yenə reaksiya vermədim. Reaksiya verib nə deyəcəkdim? Allah Tutu xalaya rəhmət eləsin, hər şeyi necə var deyib getmişdi...
Şərhlər