Orxan Kərimov

Blogger
Yazılar
1

"Uçan qadın" - Orxan Kərimovdan hekayə

Orxan Kərimov

Bazar səhəri idi. Sağ əlimdə tutduğum fincanımdan çayımı qurtumlayarkən sol əlimdəki telefonumla da dünyada və ölkədə baş verən xəbərləri oxumaq adətim idi. İşimə görə gündəlik xəbərlərdən məlumatlı olmalı idim. Əslində, son vaxtlar yeni heç bir mövzu, məlumat görmürdüm. Çünki gündəlik gözümü mazol edən xəbər başlıqları aşağı-yuxarı belə olurdu: "Qarabağda mina partladı”, "Sülhməramlılar” , "Covid-19” , "Hansısa müğənninin Həcisi”, "Meşə yanğınları”, "İntihar”, "İntihar”...

"İntihar" sözünü nədənsə özüm də bilmədən iki dəfə təkrar etdim. Bəlkə mənim üçün həm çox uzaq, həm də çox yaxın ikitirəli mövzu olduğuna görə. Mən həyatı çoxdan intihar edəcək qədər ciddi qəbul etmirdim. İntihar edən insanlar həyata çox məna yükləyib, sonra bu məna yükünün sadəcə yükdən başqa bir şey olmağını anlayanda intihar edirlər. Mənim üçün isə həyat qarşımdakı masanın üzərindəki almadan daha mənalı deyildi. Həyat eynilə alma kimidir: Bəzən şirin, dadlı, doydurucu olduğu halda,  bəzən isə  qurd basmış zibil tullantısı idi. 

Nə isə, bunları uzun illərdi düşünmürdüm. Yenə də düşünməməli idim. Saatıma baxdım, 10 : 05 göstərirdi. Bazar günü olduğu üçün bu gün zəngli saatımın xəbərdarlıq səsi ilə yox, beynimin refleksi ilə oyanmışdım. Əvvəllər bazar günləri mənim üçün həftənin ən gözəl, mənalı günü idi. Son illərdə isə tətil günlərinə nifrət edirdim. İşləmək fiziki və zehni yorğunluğu yaradır, bu da beynimin içindəki bəzi düşüncələri süstləşdirir, sanki gördüyüm adi işlər ağlıma gələn hər dərin düşüncəyə bir sillə vururdu. 

Pəncərəyə yaxınlaşıb pərdəni açdım. Fevral ayı olmasına baxmayaraq, günəşin şüaları gözümü qamaşdırırdı. Bakı bax belə şəhər idi. Günlərlə, həftələrlə külək, yağış, fırtına insanın canını çıxarır, sonra peşman olub üzrxahlıq edən adamlar kimi, belə xoş hava bəxş edirdi. Bu xoş havada bütün xoş  üzr sözləri kimi vaxtsız, yersiz və lazımsız olurdu.

Kirayənişin olduğum evin çölə baxan hissəsi şəhərin sakit, az adamların olduğu hissəsinə baxsa da, bu gün dəhşət izdiham var idi. Bazar günü belə günəşli havanı tapmaq asan ələ düşmürdü. İndi bütün restoranlar, alış-veriş mərkəzləri, mağazalar adamla dolacaqdı.  Mənə görə insanlar ən böyük çətinlikləri bazar günləri yaşayırlar. Həftə sonu istirahət edəcəkləri ümidilə beş gün işləyirlər. Amma bütün dünyada ən pis vaxt bazar günüdür. Çünki daha çox qəza baş verir, daha çox insan intihar edir, daha çox cinayət, oğurluq və təcavüz olur. Qəribədir... Bu insanlar beş gün ərzində nəyləsə məşğul idilər və heç bir problem yox idi. Amma həftə sonu onlara qəflətən bir seçim verildi, nəyləsə məşğul olmaq, amma nə ilə ?! İnsanlar çimərliklərə qaçırlar, basabasda, kilometrlərlə yol gedirlər. Əgər onlardan hara getdiklərini soruşsan, "izdihamdan qaçırıq" deyəcəklər. Amma bütün bu izdiham onlarla birlikdə gedir! Tənha bir yer, sakit bir məkan tapacaqlar - hamısı birlikdə...  Bax bütün bunların yaşanmaması, mənim də bunları düşünməməyim üçün bazar günlərini sevmirəm.

Mənim sevdiyim digər hər şey kimi bazar günlərinin ən gözəlləri uşaqlığımda qaldı. İndi nə bu adamlar, nə də onların bazar günləri mənimkilərlə uzlaşmır. Bazar günləri yarımçıq qalmış uşaqlığımın ən maraqlı günləri olurdu. Biz uşaq olanda bazar günü həm də"çimmək günü” mənasını verirdi. Çimmək də nə çimmək... Vannaya girməmişdən öncə mütləq onu suyla doldurar,  anamı əsəbləşdirərkən başıma dəyib "danq" deyə səs çıxaran qablarla çimərdim. Çiməndən sonra isə məhrabaya bürünüb odun sobasının yanında dayanaraq  saçımdan, əlimdən su damcılarını sobanın üstünə tökər, o damcıların necə "cızz" edərək yox olub buxarlanmasını izləyərdim. Bazar günlərinin ən sevdiyim oyunlarını, sevdiyim cizgi filmlərini anamın məni məcbur çimizdirməsinə görə qurban verirdim. O vaxtlar bundan narazı olsam da... O günlərin biri üçün belə indi də hər şeyimi qurban verməyə hazır idim. Məncə, insanın ən təmiz olduğu vaxtlar anasının onun çimizdirdiyi vaxtlardı. Nə vaxt ki insan özü çiməcəyi vaxtına çatdı, başlayır kirlənməyə. Sadəcə bu vaxt  məndə digərlərinə nisbətən daha tez - 8 yaşımda gəlmişdi. Anamı və atamı sonsuzadək itirdiyim yaş... Bəlkə ona görə 8 rəqəmini hər görəndə sonsuzluq işarəsi ağlıma gəlirdi.

Pəncərənin qarşısında dayanıb bütün bu xatirələrin içində azırdım ki, telefonuma gələn zəngin səsiylə diksindim. Ekrana baxdım. Zəng edən o idi. Niyə zəng edirdi, görəsən, adını adı ilə qeyd etmişdim: "Nigar". Bəzən insana ən soyuq müraciət elə öz adı ilə olandır. Sənə xüsusi bir ad qoyan sevdiyin insan  bir müddət sonra səni adınla çağıranda özünə də, adına da nifrət edirsən. Telefonu açmadım.

***

Nigarla böyüdüyümüz uşaq evində tanış olmuşduq. Yataqxanalarımız fərqli olsa da,  müəyyən dərslər və dərnəklər üçün bir yerə toplaşırdıq. O, rəsmlər çəkirdi, mən də şeirlər yazırdım. Nigarın çəkdiyi bütün soyuq kağızlarda sanki yumşaq ana qucağı təsvir olunurdu. Mən də o rəsmləri isti ata sözləri ilə bəzəyirdim. Bax, biz beləcə, uşaqlar evində ata-ana oyunu  oynaya-oynaya böyüyüb bir - birimizin atası-anası qədər yaxın olmuşduq. Adının "Uşaqlar evi” olmasına baxmayın, orda heç kim uşaq olmur. Ora uşaqlığını itirən, az yaşlı böyüklərin sığınacağıdır. Mən ora yaşadığımız dünyanın kiçik modeli deyirəm. Dünya da insanlıqlarını itirən çox yaşlı adamların sığınacağıdır. "Yetimxana” sözünün mənası  yaxınını itirən insanların yaşadığı yerdirsə, dünyadakı ən böyük yetimxana elə dünyanın özüdür.

Nigarla yaşıd idik, 18 yaşımız olanda o, rəssamlıq kollecinə qəbul olub tələbə yataqxanasına köçdü, mən isə hərbi xidmətə yollandım. Hərbi xidmətdə olduğum  18 ay ərzində mənə güc verən yeganə şey həftədə bir dəfə də olsa, onunla danışacağımın təsəllisi idi. Sevgili deyildik biz. Amma hər şey idik. Əsgərliyin ilk ayları bəzən hər gün danışsaq da, son zamanlarda bu interval ayda bir dəfəyə qədər enmişdi. Ağlıma pis heçnə gətirmir, körpə uşaq kimi qoyub gəldiyim gənc bir qızın dərslərinə ya da işlərinə başının qarışdığını düşünürdüm. Saat-saat hesabladığım 548 gündən sonra gəlib gördüyüm mənzərə isə...

Nigarı Bakıya qayıtdığım gün, qayıtdığım saat görəcəyimi düşünsəm də, bu qarşılaşma heç də düşündüyüm kimi olmadı. O hər dəfə ya görüş vaxtını dəyişir, ya da nəsə bir bəhanə tapır, bəhanə tapılmayanda "xəstələnirdi". Amma dünya, ələlxüsus da, Bakı çox kiçikdir. Və kiçik yerlərdə gizlənqaç oyunu oynamaq əlverişsizdir. Bunu da uşaqlar evindən öyrənmişdim. Elə yenə uşaqlar evində oxuduğum və hələ də unutmadığım cümlə gəldi ağlıma; "İnsan ən çox qaçdığı şeyə möhtacdır”

Bir müddət sonra Nigara zəng də çatmadı. Həftələrcə çox ciddi cəhdlə axtardım. Bütün ortaq tanışlardan , müəllimlərindən, otaq yoldaşlarından,  işlədiyi yerlərdən, hətta əlacsız qalıb şəhərin mərkəz hissəsindəki böyük ticarət mərkəzlərindən də soraqladım. Öyrəndim ki, təzəlikcə İncəsənət Kollecindəki təhsilindən yarımçıq imtina edib. İşlədiyi mağazaya da ki, ümumiyyətlə, aylardır getmirmiş. Uşaqlar evindəki müəllim kollektivi ilə, bütün rəfiqələri ilə, bir sözlə, uşaqlıqdan tanıdığı, bildiyi hamıyla əlaqəsini kəsmişdi. Son çarə olaraq, polisə müraciət etdim, belə adda şəxsin ölməsi və ya xəsarət alması ilə bağlı heç bir məlumat yox idi. Düzü, belə olan halda bir az rahatlaşdım. Düşündüm, bəlkə kimisə sevir, xoşbəxtdir. Sadəcə bunu mənə deyə bilmir. Əgər sağdısa və yaxşıdısa, görmək istəsəydi, görərdi...

Hərbi xidmətdən qayıtdıqdan sonra uşaqlar evindən tanıdığım tanışlarımın kirayə qaldığı evə köçmüşdüm. Bir az yazma bacarığımın da olması səbəbilə 2-ci dərəcəli qəzet redaksiyalarının birində işə başlamışdım. Qəzet üçün hekayələr, məqalələr yazırdım. Yazmaqla da həyatdan intiqam alırdım. İntiqam mənim leksikonumda verilməmiş ədalət mənasına gəlirdi. Bu həyatda hər kəs ona verilməmiş, əlindən alınmış yarımçıq ədalət payını fərqli yollarla təmin  edirdi. Bu yol kiminə görə öldürmək, oğurlamaq, içib-çəkmək, yüngül həyat tərzi keçirib, heç kimi və heç nəyi vecinə almamaq idisə, kiminə görə də oxumaq, işləmək, karyerya qurub, uğurlu adam olmaq idi. Mənim üçün də yazmaq. Həm də əgər yazmasam, çoxdan ya həbsxanada, ya dəlixanada, ya da ölüxanada olardım. 

Eyni evi, çörəyi, həm də eyni taleyi bölüşdüyüm otaq yoldaşlarımın təkidi ilə yenə bir bazar günü stressdən uzaqlaşmaq, əsgərliyin yorğunlunu canımdan çıxarmaq, həm də Nigarla nə baş verdiyini bir neçə saatlıq da olsa, düşünməmək üçün şəhərin gecə klublarının birinə getməyə qərar verdik. Həyatımda ilk dəfə idi ki, belə bir məkanda idim. İnsanlar ya gecə, ya gündüz həvaskarı olurdu. Mən də "gecə quşu” idim. Ancaq klubdakı quşlardan tamamilə fərqli, öz aləmində, təkliyi sevən bir quş. Klubdakı insanlara nəzər yetirəndə onların tək probleminin boş ev və "qoruyucu” olduğu halda, mənim problemim içimdəki boşluq və özümü insanlardan qorumaq idi. Onlar dünyanın səsini kəsmək üçün belə gurultu olan yerlərə gəlirdi. Mən isə içimdəki qışqırıqlardan dünyadakı səsləri eşitmirdim. Qarşımdakı pivədən bir az içmişdim ki, yad, bir o qədər də tanış səsə çevrildim.

-Cavan oğlan, bəlkə içkiyə qonaq edəsən?
-Nigar?!
-Bilirdim ki, məni tapacaqsan.

Bənizi solmuşdu. Gözlərinin işığı sönüb, rəngi bozarmışdı sanki. Saçında, dodağında, paltarında bu qədər parlaq rənglər olduğu halda, mənə dünyanın ən qaranlıq insanı kimi görünürdü. Həyatda ən saf, ən təmiz bildiyim insan indi gecə klubunda qarşıma çıxmışdı. Bəli, o fahişə idi. Amma bütün fahişələr kimi o da saf və təmiz olduğuna inanırdı. Həyatın ironiyasıdır bu. Eyni xəstəxanada eyni palatada dünyaya göz açan təmiz uşaqların bəzisi rahibə, bəzisi fahişə olur. Bunlardan zərər gəlməz, çünki kim olduqları bilinir. Ən təhlükəliləri içində fahişə gizlədən rahibələr, ən yazıqları isə rahibə gizlədən fahişələrdir. 
Nigar kimi...  Mən yoldaşlardan ayrılıb fərqli bir masada Nigarla qarşı-qarşıya oturub içki içirdim. Düşünürdüm ki, iki ilə yaxın müddətdə hər gün düşündüyüm qadın qarşısındakı bakalın kənarına dairələr çəkə-çəkə mənə nələrisə danışmağı planlaşdırır. Ancaq yarım saata yaxın vaxt keçəndən sonra başını qaldırıb sadəcə bu sözü dedi.

-Necəsən?

Hər zaman düşünmüşəm ki, insanların intihar etmə səbəbləri yüzlərlə , minlərlə psixoloqun, psixoterapevtin yazdığı elmi məqalələr deyil. Əgər elə olsaydı, günümüzdə ən çox yer verilən sahələrdən biri psixologiya olduğu halda intiharların da sayı paralel olaraq azalardı. Cəmiyyətə baxanda görürük ki, intihar edənləri psixoloqlar yox, ən yaxşı halda, Fövqalə Halların əməkdaşları xilas edirlər.

Mən uzun illər düşünüb intiharın daha sadə cavabını, səbəbini tapmışdım. Məncə, intiharların əksəriyyətinin səbəbi elə "Necəsən?” sualı idi. Daha doğrusu, sualın cavabı. İnsana verilən "Necəsən?" sualına düzgün cavab verilsə, əslində, intihar edəcək heç nə qalmayacağı gün kimi aydındır. Sadəcə biz bütün "necəsən"lərə "yaxşıyam" deyirik. Yalandan dediyimiz hər "yaxşıyam"  bizi bir az da yuxarı sürükləyir. Bəli, yuxarı.  Tanrının qucağına.

-Yaxşıyam.
-Sən necəsən? 
-Səni gördüm, yaxşı oldum. 
-Danış. Hər şeyi başdan danış. Bura necə düşdüyünü bilmək istəyirəm. 
-Bu haqda heç nə danışmayacağam. 
-Ən azından bunu borclusan mənə.
-Nə danışım ? Hansını danışım? 

Uşaqlar evində hər gecə yatağıma gəlib özünü mənə sürtən gombul bağbanı, kollecdə pulum olmadığı üçün qiymətlərimi kəsib, öz halal qiymətimi təzədən özümə yazmaq qarşılığında iyrənc təkliflər edən müəllimi, maaşımı artırmaq üçün ya da daha dəqiq desək, bir aylıq maaşımı bir gecəyə təklif edən dul müdirimi, yoxsa "Bu qız yetimxanada böyüyüb” cümləsinin "Əxlaqsız qadın olacaq” cümləsi kimi başa düşüldüyü cəmiyyəti? Fahişəyə çevrildiyim yolda hansının hekayəsi sənə daha maraqlı gəlirsə, ünvanlarını deyim, get özlərindən soruş. Mən heç nə danışmayacağam.

"Qarşımdakı 20 yaşlı qadını, doğrudan mı cəmiyyət fahişə etmişdi?" - deyə düşündüm. Ümumiyyətlə, elit kütlələrdə, cəmiyyət öz fərdinin davranışlarından və davranış pozğunluqlarından məsuliyyət daşıyır. Biz də isə niyəsə bunun əksi olur. Fərdlər cəmiyyətin məsuliyyətindən hökmlü , yüklü olur.

Daha bu haqda heç nə soruşmadım. İçkidən içə-içə uşaqlığımızdan, mənim əsgərlik xatirələrimdən, ordan-burdan danışırdıq. Başımız o qədər söhbətə qarışmışdı ki, dostların evə getməsindən xəbərim olmamışdı. Ya da bəlkə olmuşdu, bilmirəm. Nigarın danışdıqları, qarşımdakı mənzərə, içki və yüksək musiqi başımı dumanlandırmışdı.  

Saat 4 olardı. Bayıra çıxdıq.Maşınım olmadığından Nigar öz maşınıyla məni evə aparacağını təklif etdi. Polislərin də onu çox "istədiyindən” içkili maşın sürmək onun üçün problem deyilmiş.

Bir az getmişdik ki, hündürmərtəbəli binanın qarşısında dayanıb əli ilə ən yuxarını göstərib bu cümlələri dedi:

-Heç düşünmüsən, bəlkə də, intihar edəcək şəxsi yerdən 20 mərtəbə hündürə çıxaran, "Tanrıya nə qədər yaxın olsam, məni o qədər daha yaxşı eşidər” düşüncəsidir. Yoxsa aşağılarda da yüz cürə üsulla ölmək olar. Ya da bəlkə də o qədər hündürə çıxan birinin məqsədi heç ölmək də deyil. Elə uçmaq üçün çıxır ora. Amma elə iki qanad çalan kimi bizim göydəki ahlarımıza, düşüncələrimizə ilişib yerə yıxılır. Bilmirik, bəlkə Tanrıya etdiyimiz ahlar çox olduğu üçün tıxac yaranıb yuxarıda. Etdiyimiz dualar, bəlkə, 20-ci mərtəbədən o tərəfə keçmir heç. 20-ci mərtəbədən o tərəfə keçməyən lazımsız və saysız istək dualarımız uçmaq istəyən adamların başına keçir tor kimi...

Bunları deyərkən səsinin tutulduğunu hiss etdim. Uşaqkən də pis nə isə olarsa, ağlamazdı, bax beləcə tutulardı..

O gecə məni evə apardı. Nömrəmi istədi, öz nömrəsini mənə verdi. Ancaq xahiş etdi ki, vacib nə isə olmasa və onu incitmək istəmirəmsə, narahat etməyim. Əgər bu yolu gedirsənsə, keçmişlə bağlı hər şeyi, hər kəsi silməlisən. Əks halda, bu ikitirəliyin arasında ilişib qalarsan. 

İndi aylar sonra ondan gələn zəng məni narahat etmişdi. Qarşıdan nə kimi söz eşidəcəyimi bilmirdim. Bəlkə, pis nə isə yox idi. Sadəcə görüşüb çay içmək istəyirdi. Bu düşüncə ağlıma daha çox batdı. Zəng etdim.

-Alo
-Salam. Siz Nigar Allahverdiyevanın atasısınız?
-Anlamadım. Siz kimsiniz ? 
-Sizinlə danışan, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin leytenantı Əliyevdir. N.Allahverdiyeva 14 fevral 2021-ci il, yəni bu gün səhər saatlarında özünü yaşadığı binanın 20-ci mərtəbəsindən ataraq intihar etmişdir. Telefonunda sizin adınız "Ata” olaraq qeyd olunduğu üçün...

Daha heç nə eşitmirdim. Günün necə sonlandığını xatırlamıram. Axşam feysbukda hamı Nigardan xəbər, status, məlumat paylaşırdı. Hərə bir şey yazır, kimi söyür , kimi təqdir edirdi. O qədər yazının içindən gənc bir şairin Nigara həsr etdiyi şeirin başlıq hissəsi diqqətimi çəkdi "20 mərtəbəli binadan ağlayaraq uçan qadın...”

OXŞAR XƏBƏRLƏR

X