Divarları uçub, taxtaları çürüyüb, bina qəzalı vəziyyətdədir. Bəli, paytaxtda bu cür istismara yararsız binalar hələ də var. Biz hazırda o binalardan birindəyik. Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 10 ünvanındakı 4 mərtəbəli tikili. Burada sakinlər üçün yaşamaq çox çətindir, hətta təhlükəlidir”.
Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.
Sakin: "Bura hər an uça bilər. Yavaş-yavaş uçmağa başlayır bəzi yerləri. Yaxşı ki, adam çox olmur deyə xəsarət alan olmur”.
Sakin: "Kifayət qədər köhnə binadır. Burda yaşamaq mümkün deyil, qalmışıq burda çıxılmaz vəziyətdə”.
Binanın üzərində 1929-cu ildə tikildiyinə dair yazı var. Amma sakinlər binanın ondan da əvvəl tikildiyini iddia edir. Bəli binanın azı 1 əsrə qədər yaşı var. Bina o qədər köhnədir ki, daşı daş üstə qalmır. Əlini hara vurursan, uçur-dağılır.
Sakin: "Burda yaşamaq çox çətindir. O qədər köhnəlib ki, hətta yuxarı mərtəbədə gəzəndə sirkələnmə hiss edirsən. Yəni 2-3 bal gücündə zəlzələ olsa, bu binalar uçacaq”.
Sakinlər deyir ki, qəzalı binaların söküntüsünə rəy verilərkən, düzgün seçim edilmir. Yəni daha çox qəzalı vəziyətdə olan bina qalır, ondan uzun illər sonra tikilən və yaşayış üçün yararlı olan binalar sökülür.
Ekspertlər deyir ki, paytaxtda istismar müddəti bitən binalar nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə sökülür. Bu zaman köhnə binanı sökən və təzə binanı da tikən özəl tikinti şirkəti olduğu üçün seçimi də o edir.
Elnur Fərzəliyev – Ekspert: "Tikinti şirkətləri daha çox həcmi kiçik ərazisi böyük olan binalara üstünlük verirlər. Həmin binanı sökərək yerində daha geniş bina tikərək daha çox gəlir əldə edirlər. Amma bir-birinə yaxın olan köhnə yaşayış binaları var ki, onu bugünki normativlərə uygun söküb yerində yeni bina tikmək özəl tikinti şirkətləri üçün səmərəli deyil. Hətta ordan zərərlə də çıxa bilərlər”
Ölkədə bayram tətili ilə əlaqədar qeyri-iş günləri olduğundan, mövzu ilə bağlı aiddiyəti qurumların mövqeyini öyrənə bilmədik.
Qeyd edək ki, bu günlərdə paytaxtın Nərimanov rayonunda yaşayış üçün yararsız vəziyyətdə olan 8 binanın sökülməsinə qərar verilib. Həmin köhnə tikililərin yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub.
Şərhlər