İdman 14:35 11.09.2018

UEFA 3-cü avrokubok turnirinin təşkilinə razılıq verdi

UEFA Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü klub turnirinin təşkilinə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli "Football Italia"ya açıqlamasında bildirib. 

"UEFA-dan razılıq gözləyirdik. Artıq "yaşıl işıq" yandırılıb. Yeni turnirdə 96 klub mübarizə aparacaq və 2021/2022 mövsümündən başlanacağı gözlənilir" deyə Andrea Anyelli qeyd edib.

Yeni turnirin formatı barədə məlumat verilmir. Lakin onun əvvəllər keçirilmiş Kuboklar Kubokuna bənzəyəcəyi gözlənilir. Həmin turnir 1960-1961 mövsümündən 1998-1999 mövsümünədək UEFA-ya üzv olan ölkələrin kubokunu qazanmış komandaların iştirakı ilə təşkil olunub. 

Avropa mətbuatının məlumatına görə, üçüncü turnir yaradılandan sonra Çempionlar Liqasında komanda sayı eyni qalacaq, Avropa Liqasındakı komandaların sayı isə 48-dən 32-yə endiriləcək.