İdman 17:13 01.09.2020

UEFA-dan açıqlama: "Neftçi" - "Qalatasaray" matçı azarkeşlərlə keçirilə bilər?

UEFA "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin oyununun məhdud sayda azarkeşin iştirakı ilə keçirilmə ehtimalına münasibətini açıqlayıb.

Bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib. Qurum İcraiyyə Komitəsinin avrokubok oyunlarının gələcək məlumatlandırmayadək qapalı şəraitdə təşkil olunacağına dair qərar çıxardığını xatırladıb.

UEFA Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 24-də məhdud sayda azarkeşin iştirakı ilə Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq UEFA Super Kuboku qarşılaşmasının sınaq xarakteri daşıyacağını əlavə edib.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

UEFA-dan həmçinin bildirilib ki, "Qarabağ" və Norveç "Molde"si arasında keçirilməli olan Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ilə bağlı məsələdən xəbərdardırlar və hazırda situasiyanı öyrənirlər.

"Hazırkı mərhələdə əlavə şərhimiz yoxdur", - deyə açıqlamada vurğulanıb. 

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" qarşılaşması sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, görüşün neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.