Bildiyiniz kimi, "Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj” (4:1) ilə oyunda erməni təxribatı baş verib, dron vasitəsilə stadionun üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib.
Təxribatla bağlı UEFA-nın hansı tədbir görəcəyi ilə maraqla gözlənilir. Məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək üçün "Qarabağ" klubu ilə əlaqə saxladıq.
Klubun mətbuat katibi
Nurlan İbrahimov Sport7.az-a açıqlamasında bildirib ki,
"UEFA qrup mərhələsində çıxış edən klublara dron məsələsi ilə bağlı tövsiyyə xarakterli məktub göndərib. Məktubda həm dron istifadəsi ilə bağlı məlumat, həm də baş verən halların qarşısını almaq üçün diqqətli olmaq gərəkdiyi qeyd olunub. UEFA siyası məsələlərə qarışmır. Biz də öz növbəmizdə ölkəmizdə dron istifadəsinin dövlətin xüsusi mühafizəsində olduğu ilə bağlı məlumat vermişik".
Qeyd edək ki, "Düdelanj” – "Qarabağ” matçının 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib və Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunub.
Röya Kərimli
Şərhlər