Qidalanma ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Əsas yeməklərlə yanaşı, gün ərzində seçilən qəlyanaltılar da ürək-damar sisteminə təsir göstərə bilər.
Qaynarinfo "Prevention” nəşrinə istinadən xəbər verir ki, kardioloq və diuetoloqlar ürək sağlamlığı üçün ən yaxşı qəlyanaltılardan biri kimi edamameni (cavan soya paxlası) tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, ideal qəlyanaltı zülal və qida lifi ilə zəngin olmalıdır. Bu maddələr enerji səviyyəsinin qorunmasına və növbəti yeməyə qədər toxluq hissinin saxlanmasına kömək edir. Ürək sağlamlığını dəstəkləmək istəyənlərə isə bitki mənşəli zülal mənbələrinə üstünlük vermək tövsiyə olunur.
Tibb elmləri doktoru və kardioloq Treysi Paşke bildirir ki, bitki mənşəli zülalın müntəzəm qəbulu ürək-damar xəstəlikləri və digər səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Onun sözlərinə görə, ürək sağlamlığı üçün ən yaxşı qəlyanaltı seçimlərindən biri edamamedir. Dondurulmuş edamameni mikrodalğalı sobada qısa müddətdə hazırlamaq mümkündür. Bu məhsul həm dadlı, həm də qida maddələri ilə zəngindir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 100 qram edamamenin tərkibində 11,5 qram zülal və 5 qram qida lifi var. Bu da uzun müddət toxluq hissinin qorunmasına kömək edir.
Evdə hazırlamağa vaxtı olmayanlar üçün qovrulmuş, xırtıldayan edamame də alternativ hesab olunur.
Diyetoloq və profilaktik kardiologiya üzrə mütəxəssis Mişel Rutenşteyn isə edamameni sevməyənlərə qovrulmuş noxudu tövsiyə edir.
Onun sözlərinə görə, qovrulmuş noxudun tərkibində bitki mənşəli zülalla yanaşı, həll olunan qida lifi, kalium, maqnezium və antioksidant polifenollar da var. Bu maddələr xolesterinin və arterial təzyiqin normal səviyyədə saxlanmasına, həmçinin qan damarlarının sağlamlığının qorunmasına kömək edir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 28 qramlıq bir porsiya qovrulmuş noxudun tərkibində təxminən 5 qram zülal və 5 qram qida lifi var.
Aydın
Şərhlər