Adətən, oğlum Amuru şəhər gəzintisinə aparanda sonda məlum olur ki, mən onu yox, o məni gəzdirirmiş. Belə ki, uşaq məni həmişə sevdiyi yaşıl parklara, eskalatorlu yeraltı keçidlərə dartıb aparır. Dünən də həmin gəzintilərimizdən biri idi. Demək, "28 May” metrostansiyasından çıxıb üzü Milli Bank tərəfə, ordan da yeraltı keçiddən keçib Heydər Əliyev parkına geçdik. Burda, Rəşid Behbudov prospektinin altında ikitərəfli, dördçıxışlı yeraltı keçiddəki eskalatorların hamısının işlədiyini heç zaman görməmişəm. Hər dəfə ya yuxarı qaldıran, ya da aşağı endirən tayı işləmir. Bu dəfə də belə oldu, uşağın sevimli eskalatorları işləmirdi. Buranın dəmir qanunu budur, eskalatorlar ya taykeş işləməli, ya da heç işləməməlidi!
Fəaliyyətsiz eskalatorların üstünü toz-torpaq basıb. Hərdən görürsən bir neçə usta yığışaraq həmin nasaz eskalatorların motorunu söküb təmir eləyirlər.
Çox maraqlıdı, yəqin ki, bu yeraltı keçidləri inşa edərkən onların proyektini əvvəlcə keçid-tuneldən başı çıxan mühəndislər, mütəxəssislər yazıb-çəkib təqdim edirlər. Bildiyimiz kimi eskalatorlar əsasən elektriklə işləyən matordan, bir də dəmir çarxlı pilləkənlərdən ibarətdir. Təbii ki, bu cür matorlara su düşərsə mütləq xarab olur. Xarab olması bir yana, elektriklə işlədiyinə görə o matorlar həm də çox təhlükəli hala gələ bilərlər.
Başqa yerləri demirəm, təkcə həmin keçidlərdəki eskalatorları ayda ən azı bir neçə dəfə təmir eləyirlər. Bu qədər xərc çəkib pul tökürlər, yəni. Eskalatorlar fəaliyyətsiz olduğuna görə çox vaxt piyadalar yol hərəkət qaydalarını pozmağı, fəaliyyətsiz dəmir pilləkanlarla quyuya düşüb-çıxmaqdan üstün tuturlar.
Əlbəttə, açıq hava şəraitində eskalator uzun müddət işləyə bilməz! Üstü örtülməmiş eskalatorların dişcikləri zir-zibillə dolur, yağan yağış, çirkli qar suyu onun motoruna axır, axı!
Həmin yeraltı keçidləri inşa edən mühəndislərin qolundan tutub demək lazımdı, a kişi, tikintinin xərci sənin cibindən çıxmır ki, niyə belə yarımçıq iş görmüsən? Layihədə bunların üstünü ən azı şüşə örtüklə örtmək haqda bir qeyd eləsəydin, canın çıxardı? Yarımçıq, qeyri-peşəkar işinlə camaatı qoymusan avara. Təkcə bu eskalator motorlarının təmirinə mütəmadi çəkilən xərclə keçidlərin girişinin üstünü üç dəfə örtmək olardı...
Ordan qanı qara halda keçdik Qış parkına. Bu gözəlim parkın içi ilə üzü Milli Dram Teatra tərəf getdik. Parkın o başında yenə yeraltı keçidə girəsi olduq. Burda da eyni mənzərə! Keçiddəki dörd eskalatorun heç biri işləmir! Üstü örtülməmiş eskalator necə işləsin, axı?
Sinəmə gəlmişkən, icazə verin yollarımız haqda da bir neçə xanə deyim. Qayda belədi, yol çəkilişi zamanı, ilk olaraq, kənarlarda ya yeraltı su kanalları, ya da açıq arxlar quraşdırılmalıdır ki yağan yağışın, qarın suyu axıb həmin kanallara tökülsün, hər yağmur sezonunda şəhərin müxtəlif bölgələri su altında qalmasın. Yəni, əgər mühəndis yolun inşasını düzgün konstruksiya edə bilməyibsə və yağış zamanı yollar göl bağlayırsa, buna şəhərin meri neyləsin?
Birini də deyim, söhbəti bağlayaq. Bizim yaşadığımız bölgədə, Əsəd Əhmədov küçəsində yaraşıqlı bir orta məktəb var. Məktəbin qarşısındakı işıqforsuz yolda piyadaların keçməsi üçün zolaqlı keçid var. Ətrafda yaşayan sakinlər və əsasən də orta məktəb şagirdləri həmin zolaqlı yoldan keçirlər. Gün ərzində minlərlə insan bu yolu o tərəf-bu tərəfə adlayır. Ancaq intensiv keçən maşınların təkərləri altında sürtünən o ağ zolaqlar tezcə pozularaq görünməz hala düşür. İldə bir-iki dəfə gəlib o zolaqları yenidən çəkirlər, üstündən bircə ay keçməmiş zolaqlar yenə görünməz olur. Niyə? Çünki o zolaqları keyfiyətli boya ilə yox, adi emulsiya ilə çəkirlər. Həmin zolaqların görünməz vaxtı bu yolu ilk dəfə keçən naşı sürücülər piyadalara dəfələrlə təhlükə yaradıblar.
Olmazmı, yol tikinti idarəsi bir dəfə də keyfiyətli iş görsün, o zolağı normal, müvafiq ağ kraska ilə çəkəsin?
Murad Köhnəqala
Şərhlər