Ukraynaya sülhməramlı missiya üçün göndəriləcək Britaniya əsgərləri Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) normaları ilə bağlı olacaqlar.
Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, Britaniya Müdafiə Nazirliyi, belə bir imkanın olmasına baxmayaraq, sülhməramlı missiya ilə bağlı konvensiyanın müddəalarının ləğvinə çalışmayacağını
təsdiqləyib.
"Bu o deməkdir ki, regionda fəaliyyət göstərən Britaniya qoşunları, konvensiyanın iştirakçısı olmayan Rusiyadan fərqli bir hüquqi kodekslə məhdudlaşdırılacaq", — deyə nəşr qeyd edir.
Silahlı Qüvvələr naziri El Karns yazıb: "Ukrayna Avropa Şurasının üzvüdür və Avropa İnsan Hüquqları Konvensiyasının imzalayan tərəfdir. Konvensiyada nəzərdə tutulmuş hüquqlar Ukraynadakı Çoxmillətli Qüvvələrin tərkibində yerləşdirilən hərbçilərə şamil ediləcək".
Eyni zamanda, hərbi rəhbərlər və ekspertlər xəbərdarlıq ediblər ki, bu yanaşma Ukraynada yerləşdirilməli olan minlərlə Britaniya hərbçisini Rusiya və ya onun müttəfiqləri tərəfindən məhkəmə təqibi riskinə məruz qoyacaq.
2006-2009-cu illərdə Baş Qərargah rəisi olmuş Lord Riçard Dannatt hesab edir ki, Britaniya sülhməramlıları üçün AİHK reqlamentindən geri çəkilmək (derogation) daha yaxşı olardı:
"Əsassız iddiaların və əməliyyatdan sonrakı araşdırmaların növbəti dövriyyəsi, dürüst desək, tamamilə lüzumsuzdur. Belə fəaliyyət yalnız əsgərlərin motivasiyasını və mənəvi ruhunu sarsıdır".
Tənqidçilərin fikrincə, problem ondadır ki, AİHK öhdəlikləri əsgərlərin əl-qolunu digər hərbi konvensiyalardan (məsələn, Silahlı Münaqişələr Hüququ) daha çox bağlayır və bu, hərbi əməliyyatlara xələl gətirə bilər.
Konvensiyanın əsas maddələri:
•Maddə 2: Yaşamaq hüququ.
•Maddə 5: Azadlıq hüququ.
Hər iki maddə tez-tez əsgərlərə qarşı məhkəmə iddiaları qaldırmaq üçün istifadə olunur.
Oksford Universitetinin hüquq professoru Riçard Ekins qeyd edib ki, bu, Rusiyanın mütləq istifadə edəcəyi ciddi bir zəiflik yaradır:
"Ruslar axmaq deyillər. İddiaları hətta Rusiya dövləti və ya onun nümayəndələri deyil, müxtəlif kənar təşkilatlar da qaldıra bilər. Bu, müəyyən qeyri-müəyyənlik yaradır və əsgərlərimizin nəyə hüququ olduqları barədə anlayışını təhrif edir".
Bundan əvvəl Britaniyanın müdafiə naziri Con Hili bəyan etmişdi ki, ölkəsi qoşunların Ukraynada yerləşdirilməsinə hazırlıq üçün 270 milyon dollar maliyyə vəsaiti ayıracaq. Bu vəsait nəqliyyat vasitələrinin və rabitə sistemlərinin modernləşdirilməsinə, həmçinin dronlardan qorunma sistemlərinə xərclənəcək.
Buna baxmayaraq, Müdafiə Qərargahı rəisi Riçard Nayton vurğulayıb ki, Britaniya hərbçilərinin Ukraynaya göndərilməsi yalnız atəşkəs elan edildikdən sonra mümkündür və belə bir əməliyyat üçün əsgərlərin kifayət qədər təhlükəsizlik səviyyəsi təmin edilməlidir.
Alpər
Şərhlər