Dünya 18:20 18.01.2022

Ukraynadan rus diplomatların ailələri çıxarılır: Moskva Qərbin nəbzini yoxlayır (ŞƏRH)

"Belə olaylar psixoloji savaşın tərkib hissəsidir və bununla Moskva Qərbin nəbzini yoxlamağı düşünür”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın Ukraynadan öz diplomatlarını çıxarmağa başladığı barədə Amerika mətbuatında gedən yazıya münasibət bildirərkən deyib: 

"Bildiyiniz kimi, Rusiya Ukraynada hərbi böhran yaradıb. Rusiya özünün geosiyasi maraqlarını təmin etmək üçün hər zaman bu cür hərbi böhranlardan istifadə edir. Bununla da qarşı tərəfin müəyyən təzyiqlərlə geri çəkilməsi fonunda öz maraqlarını təmin edir.

Ukraynadan rus diplomatlarının ailə üzvlərini çıxarmaqla Moskva növbəti dəfə Qərbin nəbzini yoxlayır. Bu yolla da Qərbdən bir çox güzəştlər tələb edir. Ukrayna məsələsi ilə bağlı Qərblə Rusiya arasında danışıqlarda konkret nəticələr olmasa da, danışıqlar da tamamilə tükənməyib. Eyni zamanda, görünən odur ki, Rusiya təzyiq xarakterli hərbi böhranı davam etdirməkdə də maraqlıdır”. 

Ekspertin fikrincə, sözügedən olayla Rusiya guya Ukrayna ilə müharibəyə başlayacağı fikrini gündəmə atır: 

"Bu mənada Rusiya diplomatik nümayəndələrinin ailə üzvlərinin tədricən Ukraynadan çıxarılması hadisəsi də əslində psixoloji təzyiq və psoxoloji savaşın tərkib hissəsidir. İnformasiya savaşının tərkib hissəsi kimi, bu həm də əsəb savaşıdır. Belə vəziyyət isə Kiyevlə yanaşı, Qərb dünyasına da edilən təzyiqdir”. 

N. Miri qeyd edir ki, bu kimi psixoloji təzyiq vasitələrilə Rusiya Ukrayna ətrafında yaratdığı hərbi böhranın ikinci mərhələsinə keçdiyini bəyan edir: 

"Bu, hara qədər davam edəcək, Qərb dünyası və Ukrayna hara qədər dayanıqlı olacaq? Bunu gələcək göstərəcək. Görək Rusiya öz istəklərinə nə qədər nail olacaq? Qarşı tərəflərin məsələyə nə qədər adekvat cavab verəcəyi və dayanıqlı olacağı da yaxınlarda verəcəkləri reaksiyadan bəlli olacaq”.

Qeyd edək ki, Rusiyanın Ukraynadan öz diplomatlarını çıxarmağa başladığı barədə məlumat "Nyu York Tayms” qəzetində yer alıb. Məlumata görə, yanvarın 5-də Ukraynanı avtobuslarla 18 nəfər tərk edib. Bunlar əsasən Rusiya diplomatlarının həyat yoldaşları və uşaqlarıdır. Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbənin verdiyi məlumata görə, yaxın günlərdə Kiyevdəki səfirlikdən və Lvovdakı konsulluqdan daha 30 nəfərin ölkədən gedişi gözlənilir. Digər şəhərlərdə olan Rusiya diplomatlarına da ölkədən çıxmaqla bağlı əmr verildiyi iddia olunur.

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?