"Son günlər Ukraynada azərbaycanlı gənclərlə tanınmış blogger Konstantin Andriyuk arasında yaşanan və sosial şəbəklərdə, mətbuatda yayılan videodakı azərbaycanlı tələbələr və onların valideynləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna dəvət olundu.
Görüşdə Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Samir Əliyev də iştirak edirdi. Məqsəd iki gündür bu videonu bəhanə edərək azərbaycanlıları aqressivlikdə ittiham edən ermənilərin təxribatçı statuslarının qarşısını almaq idi”. Modern.az xəbər verir ki, bu barədə məlumatı Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, səmimi müzakirələr zamanı blogger Konstantin Andriyukla tələbələri barışdırdıq: "Mən bloggeri Azərbaycana dəvət etdim. O da Azərbaycan diasporunun problemə bu qədər operativ reaksiya verməsindən məmnunluğunu ifadə etdi. Azərbaycan haqqında çox müsbət fikirdə olduğunu bildirdi. Qeyd etdi ki, bu barədə öz səhifəsində izləyicilərinə məlumat verəcək, azərbaycanlılara qarşı aqressiv fikirlərin qarşısını almağa çalışacaq”.
H.Cavadov bildirib ki, Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Samir Əliyev də tələbələrə öz tövsiyələrini verib.
Görüşdə UABD sədrinin müavinləri Murad Cəfərov, Elşad İbrahimov və Ukraynanın "Azov” könüllülər batalyonunun döyüşçüsü, azərbaycanlı Vidadi İsrafilov iştirak edib.
Qeyd edək ki, dünən Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan blogger Konstantin Andriyuk azərbaycanlı tələbələrin hədələri ilə qarşılaşıb. Belə ki, tələbələrin qanunla qadağan olunmuş yerdə avtomobillərini saxlamalarına etiraz edən ukraynalı blogger ölümlə təhdid olunub. Üç azərbaycanlı tələbə bloggerin üstünə yeriyərək onu söyüşlə təhqir ediblər. Bloggerlər görüntüləri YouTube kanalında yerləşdirib. Qısa müddət ərzində videoya çoxsaylı şərhlər yazılıb. (modern.az)
Şərhlər