Xəbər lenti

Dünya 16:03 28.01.2025

"Ukraynanın nüvə silahı olsaydı, Rusiya ona hücum etməzdi" - Ekspert

"Zelenskinin bəyanatı Qərbin üzərinə öhdəlik qoymağa hesablanmış addımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin nüvə silahından imtina etməsinin doğru olmadığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Budapeşt sammitinin vaxtilə qəbul etdiyi qərarlar artıq öz əhəmiyyətini itirib:

"Tərəflərin heç biri öz imzalarına hörmət etmədi. Ukraynanın nüvə silahını əlindən alandan sonra verilən vədlər, sözlər boş çıxdı. Qərb indi Ukraynaya dəstək olmaqla müəyyən qədər öz sözünün arxasında durduğunu göstərmək istəyir, amma bu, verilən sözlərə əməl etmək deyil". 
 


Ekspert deyib ki, Qərb bilavasitə Ukraynaya öz ordusu ilə dəstək verməyə borclu idi. Həmsöhbətimiz qeyd edib ki, Zelenskinin indi buna peşman olduğunu bildirməsi heç nəyi dəyişmir:

"Təbii ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya ona hücum etməzdən əvvəl iki dəfə fikirləşər, bəlkə də buna cəhd etməzdi".
 
Azər Qasımov hesab edir ki, Zelenskinin indi bunu bildirməsi Qərbin üzərinə öhdəlik qoymaq cəhdindən başqa bir şey deyil:

"Ukraynaya nüvə silahı verilməsi də mümkün deyil. Bu, çox riskli addım olardı. Ona görə də Qərb mütləq Ukraynanın arxasında sona kimi durmalıdır. Ukraynanın işğal edilmiş əraziləri geri qaytarılmayınca öz dəstəyini Ukraynadan əsirgəməməlidirlər".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın "Il Foglio” nəşrinə müsahibəsində Kiyevin nüvə silahından əl çəkməsinin doğru yanaşma olmadığını etiraf edib:

"Çünki nə Rusiya, nə də Qərb Budapeşt Memorandumuna əməl etmir. Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi". 

Xatırladaq ki, Ukrayna, Qazaxıstan və Belarus 1994-cü ilin dekabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə imzalanan memorandumla arsenalında olan nüvə silahlarından imtina ediblər. Memorandum ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin tərəfindən imzalanıb. Memorandumda nüvə silahından imtina edən Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı təhlükəsizlik təminatları da öz əksini tapıb. Bu memorandum nəticəsində 1994-1996-cı illər arasında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->