İdman 00:39 30.10.2020

Unai Emeri: "Qarabağ"ın cəzbedici oyunu var"

"Maraqlı oyun alındı. İlk hissədə rəqib öz oyununu göstərməyi bacardı. Düzdür, qol imkanı yaratmağa imkan vermədik. Amma tam istədiyimiz kimi oynamadıq. İkinci hissədə isə qoldan sonra komandam ayıldı. Layiqli qələbə qazandıq".

Bunu İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunda İstanbulda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

2 il əvvəl İngiltərə "Arsenal"ınln sükanı arxasında olarkən qarşılaşdığı "Qarabağ"la hazırkı komanda ilə müqayisə edən 49 yaşlı mütəxəssis ciddi dəyişiklik görmədiyini bildirib: "Qarabağ"ın çox cəzbedici oyunu var. Adama xoş gəlir. İki il əvvəlki ilə indiki komanda hardasa oxşardır".

İspaniyalı baş məşqçinin sözlərinə görə, qol buraxandan sonra komandası sakitliyini qoruya bilib: "Bunun nəticəsində qələbə qazandıq. Penalti oyunun nəticəsinə təsir etmədi. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, təmas var idi".

"Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirən Emeri bunları deyib: "Bu gün qələbə bizim üçün vacib idi. Qrupda birinci olmaq istəyirik. Qarşıda oyunlar var. Düşünürəm ki, "Qarabağ"ın da şansı var".(report.az)