Xəbər lenti

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?
Sağlamlıq 20:10 08.04.2026

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq adi bir hadisə kimi qəbul edilsə də, bəzi hallarda ciddi xəstəliklərin ilkin siqnalı ola bilər. Mütəxəssislər xüsusilə təkrarlanan və həyat keyfiyyətinə təsir edən unutqanlığın diqqətdən kənarda qalmamalı olduğunu bildirir.

Qaynarinfo hübaerturk-e istinadən xəbər verir ki, nevroloq Hasan Armağan Uysal bildirib ki, normal və xəstəliklə bağlı unutqanlıq arasındakı əsas fərq informasiyanın itirilib-itirilməməsidir. Onun sözlərinə görə, gündəlik həyatda açarın yerini unutmaq, adları xatırlamaqda çətinlik çəkmək və ya bir anlıq nə üçün hansısa yerə getdiyini unutmaq normal hesab olunur. Bu hallarda məlumat itmir, sadəcə gec xatırlanır.

Lakin xəstəliklə bağlı unutqanlıq zamanı informasiya tamamilə itə bilər. Bu halda insan eyni sualları təkrar-təkrar verir, hadisələri yenidən danışır və bunun fərqində olmur. Həkimin sözlərinə görə, belə vəziyyət artıq sadə unutqanlıq deyil, ciddi siqnaldır.

Mütəxəssis qeyd edib ki, gündəlik həyatı çətinləşdirən unutqanlıq halları xüsusi diqqət tələb edir. Tanış yerdə yolu itirmək, maliyyə işlərində qarışıqlıq, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik çəkmək kimi hallar "yaşa bağlı normal vəziyyət” kimi qiymətləndirilməməlidir.

Unutqanlığın ən çox rast gəlinən səbəblərindən biri olan alzheimer xəstəliyi adətən gizli şəkildə başlayır. Erkən mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrarlanır və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə istiqamət tapmaq, qərar vermək və gündəlik həyatı təşkil etmək daha da çətinləşir.

Bununla yanaşı, hər unutqanlıq ciddi nevroloji problem demək deyil. Xüsusilə gənclərdə unutqanlığın səbəbi çox vaxt yuxusuzluq, stress, depressiya və həddindən artıq informasiya yüklənməsi ilə bağlı olur. Həkim vurğulayıb ki, yaddaşın düzgün işləməsi üçün diqqət vacibdir və bəzən problem yaddaşda deyil, diqqətin zəifləməsində olur.

Mütəxəssis həmçinin bildirib ki, unutqanlıq getdikcə artırsa, gündəlik həyata təsir edirsə və ya davranış dəyişiklikləri ilə müşayiət olunursa, vaxt itirmədən müayinə olunmaq vacibdir. Erkən diaqnoz xəstəliyin gedişini idarə etməyə, müstəqilliyi daha uzun müddət qorumağa və düzgün müalicəyə vaxtında başlamağa imkan yaradır.

Sonda həkim beyin sağlamlığını qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, sosial ünsiyyət, yeni biliklər öyrənmək və ümumi sağlamlıq göstəricilərinə nəzarət yaddaşın qorunmasında mühüm rol oynayır.
 
Günay

--> -->