Ölkə 14:29 13.09.2019

Uşaqlarda məktəb qorxusunu necə yenmək olar? - Valideynlərə məsləhət

Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Bu dövr həm valideynlər, həm də uşaqlar üçün çox həyəcanlı keçir. Xüsusilə məktəbə ilk dəfə gedəcək birincilər, onların valideynləri daha həyəcanlıdır.

Qaynarinfo məktəbə ilk dəfə gedəcək uşaqlarda məktəb, dərs, kitab, dəftər kimi anlayışlara qarşı qorxunun, həyəcanın qarşısını almaq, bu prosesdə məktəbin, valideynin üzərinə düşən yükün nələrdən ibarət olduğunu, uşaqları buna hazır etmək üçün əsas məsləhət və tövsiyə nələrdir və s. öyrənmək üçün psixoloq Fərqanə Mehmanqızına müraciət edib.



Psixoloqun sözlərinə görə, bu mövzular nə qədər kənarda dayansa da, necəsə yola verərik düşünülsə də, əslində çox önəmlidir: 

"Hətta mənim bir panik atak pasiyentim var idi, onun bu xəstəliklə tanışlığı birinci sinifdə sırada durarkən olub. Belə ki, sırada duran zaman anası ona acıqlanaraq "kişi ol, sırada düzgün dur, üzünü sıraya çevir!” deyib. Anasının bu reaksiyası və tanımadığı insanların ətrafında olması ilə o yaşlarda artıq panik atak yaranıb".

Bəs bağçaya getməyən, ilk dəfə böyük kollektiv, təlim-tərbiyəni məktəbdə görəcək uşaqların valideyinləri nə etməlidir?

Psixoloqun fikrincə, bu mövzuda ən əsas yük məktəbin üzərinə düşür: 



"Düzdür bəzi özəl məktəblərdə xüsusi proqram olsa da, hələlik dövlət məktəblərində yoxdur. Ancaq birinci sinif şagirdlərini qəbul edən bütün məktəblər onları bir həftə əvvəldən psixoloqların vasitəsilə məktəblə tanış edəcək, alışdıracaq proqram həyata keçirməlidir. Proqramlarda yüngül, qısa, məktəb haqqında daha maraqlı, hətta nağıllar vasitəsilə danışaraq təhsilin, müəllimlərin qorxulu olmadığına inandırmalıdır. Bir həftə ərzində psixoloqlar onlarla seminar keçirərək dərsə, 45 dəqiqə parta arxasında oturmağa alışdırmalıdır. Ancaq bu gün məktəblərdə belə proqramlar olmadığı üçün bu məsələdə ən böyük güc və ağırlıq valideynin üzərinə düşür. Məktəbə getməyə başlamadan valideynlər mütləq uşaqlarda dərs, müəllim haqqında ilk təəssürat yaratmalıdır".

Fərqanə Mehmanqızının sözlərinə görə, uşaqların ən böyük qorxularından biri də valideynlərindən ayrılmasıdır. Onlar elə düşünür ki, məktəbə getməklə artıq valideynlərindən ayrılacaq və ya ata-ana onlara əvvəlki kimi diqqət göstərməyəcək. Psixoloqun fikrincə, uşaqlarda bu qorxu normaldır: 



"Ancaq zaman keçib yaş artıqca valideyndən ayrılmaq qorxusu uşaqlarda daha isterik hal alır, travmatik olur. Bir var 3 yaşında uşağın valideyndən ayrılıb bağçaya getməsi, bir də artıq 6 yaşında uşağın anadan ayrılaraq birbaşa məktəbə getməsi. Bu proses məktəbdə müəllimlərin işində də çətinlik yaradır. Ona görə də məktəbə gedən birinci yol mütləq və mütləq bağçadan keçməlidir.

Çətinliklə qarşılaşmamaq üçün hər zaman valideynlərə deyirəm ki, uşaqlar mütləq bağçaya getməlidir. Çünki asosial olmayan uşaqlarda bu proses, uyğunlaşma dövrü daha rahat olur. Səhər oyanıb bağçaya getmək, dərs rejimi, müəllimlər, uşaqlar, sosial mühit, kollektiv, ailədən kənar insanlarla ünsiyyət olmalıdır ki, məktəb onlara bağçanın ardı kimi gəlsin və heç bir travma yaşamadan, məktəbə nifrət etmədən gedə, qorxmadan təhsillərini davam etdirə bilsinlər. Bu alışqanlıqlar olsa, ilk məktəb dövründə həm valideynlər, həm uşaqlar, həmdə müəllimlər psixoloji cəhətdən rahat ola biləcək. Uşaqlar sakit oturub müəllimi dinləyə biləcək, hətda ən hiperaktiv uşaqlar belə bağçaya gediblərsə, orda artıq qayda-qanunu mənimsəyib məktəbdə rahat oturacaq. Çünki, məktəb tərbiyə deyil, təhsil, təlim ocağıdır".

Günay İlqarqızı