Şəhərin ən qaynar küçələrində, metrolarda qolunuzdan yapışıb pul istəyən balaca dilənçilərə yəqin ki, rast gəlmisiniz. Yay-qış, gecə-gündüz demədən bu uşaqları küçələrdə dilənməyə vadar edən nədir?
ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Cavid İmamoğlu - Sosioloq: "Ailədəki yoxsulluq bir çox hallarda uşaqların işləməyinə gətirib çıxarır. Ailə üçün fərq etmir o küçədə işləyir yoxsa hansısa bir ofis şəraitində işləyir”.
Cəmiyyətin bu məsələyə həssaslığını nəzərə alaraq uşaqların dilənməsi daha gəlirli hesab olunur. Amma bu məsələdə əks fikirlər var. Bir qisim pul verməklə onlara kömək etdiyi, digərləri isə əksinə onları bu fəaliyyətə daha çox stimullaşdırdığı qənaətindədir.
Elmir Əkbər - Psixoterapevt: "Yaxşı olardı ki, heç olmasa yemək şəklində, o uşağın əyninə uyğun ola biləcək paltar şəklində və istifadə edə biləcəyi nəyisə alıb vermək olar”.
Cavid İmamoğlu - Sosioloq: "Küçədəki uşaqlara qətiyyən pul vermək olmaz. Nəyə görə? Onlara pul verməklə əksinə onları küçələrdə qalmasına şərait yaradırsız.
Küçə həyatı yaşayan, dilənçiliklə məşğul olan uşaqlar çox vaxt kənar gələn ailələrdən olur. Onlar üçün dilənmək ehtiyac yox, həyat tərzinə çevrilib. Amma həqiqətən ehtiyac üzündən kimdənsə pul istəyənlər də ola bilər.
Hikmət Babaoğlu - Millət vəkili: "Bəzən ayrı-ayrı ailələrin də bu qazanc yoluna məcbur edilməsi halları da olur. Düzdür bunların sayı çox azdır amma mən düşünürəm ki, bu problemi həll eləmək üçün ciddi statistika aparılıb, bu saylar dəqiqləşdirildikdən sonra onların səbəbləri araşdırılmalıdır”.
Qanunla hər bir uşağın tərbiyə olunmasında məsuiliyyət valideynlərin üzərinə düşür. Bu öhdəliyi doğru yerinə yetirməyən, övladını küçə həyatına, dilənçiliyə vadar edən valideynlər isə qanun qarşısında məsuliyyət daşıyır.
Gülnar Qulizadə - Vəkil: "Ailə Məcəlləsində birbaşa göstrərilir ki, uşaq əməyindən istifadə edərək onu dilənçiliyə məcbur etmək və öz valideynlik vəzifələrini yerinə yetirmədikdə valideynlər məhkəmə qətnaməsinə əsasən valideyinlik hüququndan məhrum edilir və uşaq bir başa dövlətin himayəsinə verilir”.
Son illər bu cür halların azaldığını bildirən rəsmilər də problemin təmamilə həlli üçün əlavə tədbirlərə ehtiyac olduğu qənaətindədir.
Pərviz Əliyev - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi: "Problemi ciddi olaraq araşdırmaq lazımdır, hər bir uşağa fərdi yanaşma olmalıdır və bu problem tam aradan qaldırılana qədər cəmiyyətdə proflaktik maarifləndirici tədbirlər aparılmalıdır”.
Kəmalə Aşumova - "Ümidli gələcək” təşkilatının icraçı direktoru: "Küçələrə düçar olan uşaqların çoxu regionlardan olan uşaqlardır ki, biz onlarla invidiual tanışlıq, ailələrə səfər, onların probleminin həllində uşaq sahəsində çalışan bütün dövlət qurumlarının cəmləşdirilməsi və bu dövlət qrumlarının dəstəyi ilə onların problemlərinin həllinə çalışırıq”.
Uşaqlar dünyanı gözəlləşdirir. Onların saflığı, qayğısız gülüşləri bəzən həyatın ən ağır anlarında bizə stimul verir. Erkən yaşdan pul qazanmağa vadar etmək, həyatın çətin üzünü onlara göstərmək isə bu gözəl dünyanı məhv edir. Cəmiyyət olaraq burada hər birimizin məsuliyyəti var.
Şərhlər