Xəbər lenti

Uzun ömrün resepti dəyişdi: Qadın və kişi üçün ayrı qaydalar
Sağlamlıq 20:12 17.02.2026

Uzun ömrün resepti dəyişdi: Qadın və kişi üçün ayrı qaydalar

Uzun və sağlam ömrün sirri ilə bağlı aparılan tədqiqatlar artıq ümumi tövsiyələrlə kifayətlənmir, cinsə xüsusi yanaşmalar təqdim etməyə başlayır. Yeni elmi araşdırma qadın və kişilərin bioloji ehtiyaclarının fərqli olduğunu vurğulayaraq, ömür müddətini üç ilə qədər uzada biləcək qidalanma modellərini müəyyən edib.

Qaynarinfo xəbər verir ki, İngiltərədə 100 mindən çox insanın məlumatlarını təhlil edən mütəxəssislər hər iki cins üçün meyvə, tərəvəz və sağlam yağların vacibliyini qeyd etsələr də, əsas fərqlərin detallarda gizləndiyini bildirirlər.

Queen Mari Universiteti və Tongji Tibb Fakültəsi tərəfindən aparılan genişmiqyaslı analiz sübut edir ki, 45 yaşlı bir şəxs düzgün qidalanma strategiyası ilə ömrünə əlavə illər qazana bilər. Araşdırmanın nəticələrinə görə, qadınların "Alternativ Aralıq dənizi pəhrizi”nə riayət etməsi onların ömrünü təxminən 2,3 il artırır. Kişilər üçün isə "Diabet riskini azaltma pəhrizi” daha təsirli hesab olunur və ömür müddətini 3 ilə qədər uzada bilir.

Qadınlar üçün tövsiyə olunan qidalanma modelində əsas yeri kinoa, yulaf və qəhvəyi düyü kimi tam taxıllar tutur. Mütəxəssislər bildirirlər ki, qadınların gündə ən azı üç-altı porsiya tam taxıl qəbul etməsi maddələr mübadiləsini tənzimləyir və iltihabi prosesləri azaldır. Kişilər üçün isə mənzərə bir qədər fərqlidir. Onların ömrünü uzadan pəhrizin mərkəzində liflə zəngin qidalar və çərəzlərlə yanaşı, gözlənilməz bir içki də yer alır: qəhvə. Gündə iki və ya daha çox fincan qəhvə içməyin kişilərdə ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığı müəyyən olunub. Eyni zamanda, kişilərin şəkərli içkilərdən və emal olunmuş ətlərdən uzaq durması ömür müddətinin artımında mühüm rol oynayır.

Genetik amillərin ömür uzunluğuna təsiri danılmaz olsa da, bu araşdırma ümidverici bir faktı da ortaya qoyur. Sağlam qidalanma rejimi, insanın genetik irsində "uzunömürlülük genləri” olmasa belə, müsbət nəticə verir. Yəni düzgün pəhriz genetik çatışmazlıqları böyük ölçüdə kompensasiya edə bilər. Xüsusilə xərçəng və tənəffüs yolu xəstəliklərinə qarşı qoruyucu rol oynayan bu qidalanma modelləri orqanizmdə antioksidant səviyyəsini artıraraq qocalma prosesini ləngidir.

Tədqiqatın ümumi nəticələri göstərir ki, seçilən pəhrizdən asılı olmayaraq bəzi qidalar hər kəs üçün həyati əhəmiyyət daşıyır. Bol təzə meyvə və tərəvəz qəbul edənlərdə erkən ölüm riski 5 faiz azalır, müntəzəm çay içənlərdə isə bu göstərici 4 faiz aşağı düşür. Digər tərəfdən, riskli qidalar da var: həddindən artıq şəkərli içkilər ölüm riskini 7 faiz artırır, emal olunmuş ət və şirniyyat ağırlıqlı qidalanma isə ömrü qısaldan əsas amillər sırasındadır.

Aydın

--> -->