Vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələr davam edir. Məktəbli formasının əsas məqsədləri sırasında şagirdlər arasında sosial fərqlərin xarici görünüşdə minimuma endirilməsi, məktəb mühitində vahidliyin yaradılması və intizamın gücləndirilməsi göstərilir. Bununla yanaşı, formanın şagirdlərin fərdi, sosial, dini və mədəni xüsusiyyətlərinə uyğunluğu, eləcə də onların psixoloji rahatlığı və təhsil prosesinə təsiri ilə bağlı suallar da gündəmə gəlir.
Bəs vahid məktəbli formasının tətbiqində əsas məqsəd nədir və bu yanaşmanın şagirdlər arasında sosial bərabərliyə, eləcə də məktəbdaxili münasibətlərə hansı təsiri gözlənilir?
Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya bildirib ki, vahid məktəbli formasının əsas məqsədi şagirdlərin geyimindən irəli gələn nəzərəçarpan sosial fərqləri azaltmaq, məktəbə aidlik hissini gücləndirmək və diqqəti xarici görünüşdən təhsil prosesinə yönəltməkdir.
“Uşaqlar geyimlərinə, istifadə etdikləri brendlərə və ailələrinin maddi imkanlarına görə müqayisə edildikdə, bu, xüsusilə yeniyetməlik dövründə özünəinamın zəifləməsinə, utancaqlığa, sosial təcridə və qruplaşmalara səbəb ola bilər. Vahid forma belə müqayisələrin müəyyən qədər azalmasına kömək edir.
Eyni zamanda, vahid məktəbli forması şagirdlərdə kollektivə mənsubiyyət, bərabərlik və ümumi qaydalara hörmət hissinin formalaşmasına müsbət təsir göstərə bilər. Məktəbdaxili münasibətlərdə geyim üzərindən ayrı-seçkiliyin və lağ etmənin azalması, uşaqların bir-birini daha çox davranışına, biliyinə və şəxsi keyfiyyətlərinə görə qiymətləndirməsi gözlənilir”, – deyə psixoloq bildirib.

Onun sözlərinə görə, məktəbli formasını sosial bərabərliyi tam təmin edən vasitə kimi təqdim etmək doğru deyil.
“Uşaqlar arasındakı fərqlər telefon, məktəb ləvazimatları, əlavə məşğələlər, gündəlik xərclər və digər göstəricilər vasitəsilə yenə də görünə bilər. Buna görə də forma ilə yanaşı, məktəbdə ayrı-seçkiliyə və bullinqə qarşı sağlam psixoloji mühitin yaradılması, müəllimlərin münasibəti və valideynlərlə aparılan maarifləndirmə işi də mühüm əhəmiyyət daşıyır.
Formanın tətbiqində uşağın fiziki və psixoloji rahatlığı nəzərə alınmalıdır. Geyim rahat, mövsümə uyğun, gigiyenik, əlçatan və uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır. Dini və mədəni həssaslıqlar, eləcə də sağlamlıqla bağlı xüsusi ehtiyaclar üçün əsaslandırılmış istisnalar müəyyən edilə bilər.
Həddindən artıq sərt nəzarət və uşağın alçaldılması isə vahid formanın müsbət məqsədini kölgədə qoya bilər”, – E.Rüstəmov vurğulayıb.
Psixoloq qeyd edib ki, düzgün və həssas şəkildə tətbiq olunan vahid məktəbli forması uşaqlar arasındakı sosial müqayisəni zəiflədə, aidlik hissini gücləndirə və məktəbdaxili münasibətlərin daha sağlam qurulmasına dəstək verə bilər.
“Əsas məsələ formanın sadəcə intizam vasitəsi deyil, uşağın rahatlığını, ləyaqətini və psixoloji təhlükəsizliyini qoruyan ümumi məktəb mədəniyyətinin bir hissəsi kimi qəbul edilməsidir”, – deyə E.Rüstəmov əlavə edib.
Şəbnəm İbrahimxəlilova
Şərhlər