Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vaksin olunmaqla virusun ona yaradacağı təhlükələrdən özünü qorumuş olur.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, beynəlxalq təcrübəyə əsasən vaksinasiya olunmuş insanların əlavə üstünlüklər əldə etməsi mümkündür:
"Bildiyiniz kimi bir sıra ölkələr artıq ərazisinə giriş üçün vaksin olunmağı şərt kimi qoyur. Məsələn, Səudiyyə Ərəbistanının yeni qərarına əsasən, Həcc ziyarətinə getmək istəyənlər mütləq vaksinasiya olunmalıdır. Bir sıra ölkələrdə vaksinasiya olunmuş insanlara ölkədaxili hərəkətdə də sərbəstlik verilir. Bu baxımdan Azərbaycanda da bu cür qaydaların tətbiq olunması məqbuldur. Bu gün karantin qaydalarının yenidən tətbiq edilməsi ehtimalı insanları çox narahat edir.
Çünki əgər məcburiyyət qarşısında sərt karantin tətbiq olunarsa, insanlar yenə də müəyyən şərtlər daxilində, o cümlədən SMS vasitəsilə evdən çıxmalı olacaqlar. Lakin tam vaksin olunmuş insanlar bu cür qadağalardan azad oluna bilərlər. Ona görə də hər bir vətəndaş bu üstünlüklərdən faydalana bilmək üçün vaksinasiya olunmalıdır. Hesab edirəm ki, hər bir vətəndaş vaksinasiyanın ciddiliyini qəbul etməli və vaksinasiya olunmalıdır.
Vaksinasiya ilə bağlı şayiələrə inanmaq lazım deyil. İndi insanlar şayiələrə inanaraq hesab edirlər ki, hansısa vaksin yaxşıdır, hansısa vaksinin fəsadları var. Bu məsələdə ancaq peşəkarların sözlərinə qulaq asmalıyıq, şayiələrə inanmamalıyıq. Əgər bu bəladan qurtulmaq istəyiriksə, vaksin olunmalıyıq. Yəni vaksin olunmaqla biz həm özümüzü koronavirusdan etibarlı şəkildə qoruyuruq, həm də qadağalardan uzaq durmaq imkanı əldə etmiş oluruq”.
Deputat həmçinin vaksin olunmuş şəxslərin metroya girişinin də sərbəst olması təklifi ilə çıxış edib. O qeyd edib ki, bu gün Bakıda sərnişin sıxlığının aradan qaldırılması üçün metronun açılmasına ciddi ehtiyac var, lakin metroda yoluxmaya münbit şərait olduğu üçün hələki onun fəaliyyətini bərpa etmək olmur: "Düzdür bu gün Bakı Nəqliyyat Agentliyi kifayət qədər yaxşı işləyir. Lakin metronun işləməməsi istər-istəməz sıxlığın yaranmasına səbəb olur. Ancaq gələcəkdə yalnız vaksin olunmuş şəxslərin buraxılması şərtilə metronun fəaliyyətinin bərpa edilməsi mümkün ola bilər, yəni tam vaksinasiya olunmuş şəxslərin metrodan sərbəst şəkildə istifadə etməsi üçün şərait yaradıla bilər. Hesab edirəm ki, insanlar vaksinasiya prosesində aktiv iştirak etməli, vaksin olunanların sayı artmalıdır ki, bu cür qərarların qəbul edilməsi üçün şərait yaransın”.
Şərhlər