Xəbər lenti

İdman 13:00 14.08.2023

"Vallah, gülməlidir, dünyanın heç bir yerində belə şey yoxdur" (MÜSAHİBƏ)

Uzun müddətdir gözlərdən uzaq olan Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürov Qaynarinfo-ya müsahibəsi verib. 

Veteran futbolçu ölkə futbolunun durumu və problemləri barədə fikirlərini bölüşüb.

- Klublarımızın avrokuboklarda çıxışlarını və bu həftə keçirilək cavab görüşlərində şanslarını necə dəyərləndirirsiniz?

- Hər birimiz "Qarabağ"dan çox şey gözləyirdik. Amma futbolda hər şey ola bilər. Klubun Çempionlar Liqasının II təsnifat mərhələsini keçə bilməməsi futbol ictimaiyyətində narazılığa səbəb oldu. Əslində "Qarabağ"ı başa düşənlər vəziyyəti anlayırlar, başa düşməyənlər isə "Qarabağ"ı istəməyən insanlardır. Futbolda şans deyilən amil var və bəxt "Qarabağ"ın üzünə gülmədi. HİK-i öz meydanında yensə də, səfərdə çətin olacaq. Çox istəyərəm ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində düşsün. Uğurlar arzu edirəm. 

Çoxları "Sabah"dan bu uğuru gözləmirdi. Komanda tarixində ilk dəfə avrokuboklarda iştirak edir. Ancaq buna baxmayaraq, yaxşı oyun nümayiş etdirir. "Sabah"ın düz yolda olduğu görsənir. Bu il qrupa düşə bilməsə belə, inanıram ki, növbəti illərdə təcrübə qazanıb qruplarda iştirak edə bilər. 

"Neftçi"dən çox şey gözləsək də, komandada bir çox dəyişikliklər oldu. Yeni baş məşqçi, yeni futbolçular gəldi. "Beşiktaş"la "Neftçi"nin fərqi göz önündədir. Həm büdcə, həm futbolçu baxımından aralarında çox fərq var. Ona görə də "Beşiktaş" komandası ilk oyunda layiqli qələbə qazandı. "Neftçi" də pis oynamadı. Ancaq 80 faiz şansını itirib. Bundan sonra "Neftçi"nin məqsədi qalır Azərbaycan çempionatına. 

- Çempionatdan söhbət düşmüşkən, neçə ildən sonra Azərbaycan Premyer Liqasında artıq 10 komanda mübarizə aparır. Fikirləriniz... Məsələn, "Neftçi" ilk turda "Kəpəz"ə uduzdu. 

- Bu il komandaların çoxu iddialıdır. "Kəpəz"də baş məşqçi və futbolçular yenidir. İndi onlar öz məqsədlərini ortaya qoymaq üçün çalışırlar. "Neftçi"dən dedilər ki, avrokubokda oynamışıq deyə yorğun idik. Elə komanda seçməlisən ki, həm çempionatda, həm avrokubok oyununda maksimum nəticə qazansın. Ona görə də bəhanələr etmək olmaz. Nə qədər Avropada oynasa da, "Neftçi" "Kəpəz"i udmalı idi. Bu gün "Neftçi" "Kəpəz"dən xal ala bilmirsə, çempionatın digər oyunlarında fəsadları üzə çıxacaq. Çünki bu gün "Neftçi" ilə "Kəpəz"in həm büdcə, həm futbolçu, həm də şərait baxımından aralarında yerlə göy qədər fərq var. 

- "Qarabağ" da "Zirə"yə uduzdu... 

- "Qarabağ"ın üzərində basqı çox idi. Futbol ictimaiyyəti komandanın üzərinə çox getdi. Ola bilər ki, həm məşqçi, həm də futbolçuların psixoloji baxımdan problem yaşaması oyuna təsir etdi.  "Zirə" onlara nisbətən oyuna psixoloji cəhətdən daha yaxşı hazırlaşmışdı. Mənə elə gəlir ki,  Çempionlar Liqasında mərhələ keçməmək futbolçulara psixoloji təsir etdi və "Zirə"yə məğlub oldular. 

- Digər klublarla bağlı nə düşünürsünüz? Məsələn, bu il əvvəlki illərə nisbətdə həm klub sayı artdı, həm transferlə bazarında canlılıq oldu, alış-verişə daha çox pul yatırıldı. Bu il çempionatın səviyyəsi yüksələrmi?

- Klubların çoxlu legioner gətirib futbolçu sayını çoxaltmasının heç vaxt tərəfdarı olmamışam. Bəzən futboldan anlayışı olmayan birini gətirirlər. O gələn legionerlər Azərbaycan futuboluna nə verəcək? 5-6 əcnəbidənsə, o pula 2 legioner gətir və azərbaycanlı futbolçular onlara baxıb nəsə öyrənsinlər. Yoxsa gələn əcnəbi azərbaycanlı futbolçunun kölgəsində qalacaqsa, o legioner nəyə lazımdır, ona niyə pul xərclənməlidir?! 

Məsələn, "Neftçi"nin sağ cinah müdafiəçisi (red.- Ervin Koffi) mənim heç xoşuma gəlmədi. Belə matçlarda legioner zəif oynayırsa, avrokubokda komandasına kömək edə bilmirsə, neynirik o legioneri? Onun yerinə azərbaycanlı uşağı oynadaq. Kimsə də tənqidi fikirlə yanaşanda, cavab verərsən ki, yerlidir, gəncdir, gələcəyinə görə meydana buraxırıq. 

Əcnəbi futbolçunu ona görə gətirirsən ki, Avropa oyunlarında komandaya köməklik etsin, qruplarda oynayaq. Çünki klublarımızın arzusu qrupa düşməkdir. Yoxsa ölkə çempionatında elə öz uşaqlarımız oynayar. Bunu keçən il "Turan Tovuz" da sübut etdi. Əgər Azərbaycan futbolunun gələcəyini düşünürüksə, bunlara diqqətlə yanaşmalıyıq. 

Deyirik, 10 komanda var. Bu 10 klubdan neçəsinin öz stadionu var? 3 oyundan sonra deyirlər ki, stadionda problem var və gedib başqa rayonda ya da Bakıda oynayırlar. Hansı dövrdə yaşayırıq? 1990-cı, 2000-ci illər deyil... 2023-cü ildir və 10 klubun bəzilərinin hələ də stadionu yoxdur. Vallah, gülməlidir. Dünyanın heç bir yerində belə şey yoxdur. Sonra deyirik ki, klublarımız niyə Avropaya düşmür. Avropada hər komandanın öz bazası, hər bir şəraiti var.

- İnfrastukturla yanaşı, uşaq futbolu ilə bağlı problemlər də var...

- Əlbəttə. Premyer Liqa klubu bu gündədirsə, görün onların yaş qrupları nə vəziyyətdədir. Sonra deyirik ki, futbolçu yetişmir. Təbii ki, futbolçu yetişməyəcək. Bu gün hamı ancaq Premyer Liqa komandasına fikir verir, uşaq futboluna baxan yoxdur.  

"Qarabağ"ın özünün akademiyası yoxdur. 10 ilə yaxındır UEFA oyunlarında iştirak edir, komanda göz önündədir. Bu 10 ildə "Qarabağ"ın yaş qrupundan öz heyətinə 20 uşaq çıxmalı idi. "Qarabağ" bunun öhdəsindən gələ bilmirsə, o biri klublar heç nə edə bilməyəcək. Gedib elə ancaq kənardan əcnəbi gətirəcəklər. Aşağı yaş qruplarında futbolçu yetişməyəcəksə, yerli futbolçular gələn legionerə baxıb nəsə öyrənməyəcəksə, kimə lazımdır o legioner?! Onun yerinə yerli uşaqlara yaxşı izah etsən, elə özləri oynayacaqlar. İlk növbədə bu baxış dəyişməlidir. 

- Bu ildən ölkə futbolçunda liqaların da sayı da artdı. Sizcə, bunun faydasını görə bilərikmi?

- 2023-cü ildə ayılmışıq hələ? Bunu 5 il əvvəl etsəydilər, neçə uşaq üzə çıxa bilərdi. İndi 5-10 il gözlə ki, oradan bir uşaq çıxsın. Bunları heç bilmək olmur. Bu il etdilər, gələn il ləğv edərlər.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->