Siyasət 15:10 27.01.2021

Vaxt vardı Paşinyan gəlib orada çaxır içib rəqs edirdi, indi də... – Hərbi ekspert

"Gec-tez Qarabağa Azərbaycan özü nəzarət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini şərh edərkən deyib. Ekspert bildirib ki, hazırda sərhədlər müəyyənləşdirilir:
 

"Bir neçə məsələ var ki, yekunlaşsın, ondan sonra Laçın dəhlizindən keçid məntəqəsinə Azərbaycanın özü də nəzarət edəcək. Qarabağda olan bütün terrorçular oradan getməlidir. Əks halda onlar Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında cavab verəcək. Silahlılar getməli, terrorçular da həbs olunmalıdır. Yerli əhali də orada yaşamalıdır. Yerli əhalinin oradaya yaşaması üçün Azərbaycan dövləti nə lazımdırsa etməlidir. Yox, əgər burada yaşamaq istəmirsə, Ermənistanda yaşamaq istəyirlərsə, yol açıqdır. Dünyanın istənilən ölkəsinə gedə bilərlər”. 

Emin Həsənli qeyd edib ki, Ermənistan rəsmiləri ürəyi istədiyi anda Qarabağa gələ bilməz:

"Ancaq humanitar məqsədlər üçün gediş-gəliş ola bilər. Qohumlar, təhsil almalar, xəstələr də gedib-gələ bilər. Yoxsa kimsə silah aparıb-gətirsin, yaxud da Ermənistan rəsmiləri gəlib-getsin, bu olmaz. Nə işi var Ermənistan rəsmilərinin bizim torpaqda? Bu məsələlər bitəcək. Vaxt vardı Paşinyan gəlib orada çaxır içib rəqs edirdi. Bu da insanların heysiyyatına toxunurdu. İndi də Ermənistan rəsmilərinin Qarabağa gəlişi haqlı olaraq vətəndaşlarımızın heysiyyatına toxunur. Paşinyan kimi onların da ayağı Qarabağdan kəsiləcək. Azərbaycan dövlətinin bununla bağlı planları var. Zamanla bu planların hər biri həyata keçiriləcək. Sülhməramlılar beynəlxalq hüquqla hərəkət etməlidir. Onların hər biri Azərbaycan dövlətinin qanunlarına hörmət etməlidir. Edəcəklər də”. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb. 

Bahar Rüstəmli