Xəbər lenti

Vəkillər Kollegiyasına yeni sədr seçildi
Ölkə 12:00 07.12.2017

Vəkillər Kollegiyasına yeni sədr seçildi

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.

Qaynarinfo "report"-a istinadla xəbər verir ki, "Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.

Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Qeyd edək ki, A.Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olub. Anar Bağırovun əsas fəaliyyət sahələri korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli, bank, maliyyə hüququ və daşınmaz əmlak məsələləridir. O, 1997-2005-ci illərdə kommersiya və qeyri-kommersiya təşkilatlarına hüquqi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olub. A.Bağırov 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Kollegiyanın Rəyasət Heyətinin üzvüdür. O, "Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin idarəedici partnyoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi, Azərbaycan Respublikası Hakimlərin Seçki Komitəsinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin "Cənubi Qafqaz hüquq jurnalı” və Rusiyanın "Avrasiya vəkilliyi” Jurnalının redaksiya heyətinin üzvüdür. Anar Bağırov tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən Chambers and Partners reytinq şirkətinin "Chambers Asia Pacific 2014” nəşrində "Azərbaycanda biznes hüququ” kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olub. O, həmçinin "Who`s Who Legal” reytinq şirkətinin "Who`s Who of Construction Lawyers 2013" nəşri tərəfindən aparıcı hüquqşünas olaraq tövsiyə olunur. A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri Hüquq Doktoru” adına layiq görülüb. O, A.Bağırov Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

VK-nın konfransının yekununda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti Ramin Qurbanovun "Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: "e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->