Dünya 11:04 09.03.2013

Venesuelanın müvəqqəti prezidenti and içdi

Uqo Çavesin prezidentliyi dövründə Venesuelanın vitse-prezidenti postunu tutmuş Nikolas Maduro ölkənin müvəqqəti prezidenti kimi and içib.

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, andiçmə mərasimi Venesuela parlamentində keçirilib. N.Maduro Milli Assambleyanın deputatları qarşısında and mətnini oxuyub.

Venesuela Konstitusiyasına əsasən, yeni seçkilər prezidentin ölümündən sonrakı 30 gün ərzində keçirilməlidir. Seçkilərin dəqiq tarixi hələlik açıqlanmayıb.

Müxalifət lideri, 2012-ci ilin oktyabr ayında keçirilən seçkilərdə Uqo Çavesə məğlub olan Enrike Kapriles Maduronu yalançı adlandıraraq, onu prezidentin dəfnindən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib. O, tərəfdarlarının sabiq prezidentlə vida mərasiminə buraxılmadığını da bəyan edib.

Qeyd edək ki, Uqo Çaves martın 5-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Paytaxt Karakasda Çaveslə rəsmi vida mərasimi başa çatıb. Lakin ziyarətçilərin sayının çoxluğu ilə əlaqədar vida mərasimin müddəti bir neçə gün uzadılıb. Mərasim başa çatdıqdan sonra mərhum prezidentin nəşi mumiyalanacaq və İnqilab Muzeyində saxlanacaq.

Qaynar.info