Vətəndaş cəmiyyətinin inkişafına verilən önəm

Vətəndaş cəmiyyətinin inkişafına verilən önəm

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bu sektora dövlət qayğısının göstərilməsi hər zaman ölkə rəhbərinin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin 2007-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” bu istiqamətdə prioritet sahələri, dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri və digər konseptual məsələləri özündə birləşdirməklə mövcud mexanizmi formalaşdırmış oldu. Dövlətimizin yaratdığı unikal imkanlardan bəhrələnərək ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəallıq nümayiş etdirərək ölkəmizin milli maraqlarının qorunmasında aktivliyi ilə fərqlənə bildilər.

Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun "Vətəndaş cəmiyyətinin inkişafına verilən önəm” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, Azərbaycanın sürətli inkişafı idarəetmədə islahatları, mövcud mexanizmlərin təkmilləşdirilməsini zəruri edir. Aparılan müşahidələr və təhlillər göstərdi ki, 2008-ci il aprelin 16-dan rəsmi fəaliyyətə başlayan və dövlətin ictimai sektorla əməkdaşlıq mexanizmi kimi yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının səlahiyyətləri, funksionallığı və hüquqi statusu bugünkü cəmiyyətin və zamanın mövcud çağırışlarına, gözləntilərinə tam cavab verə bilmirdi. Dövlətimizin başçsının 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ölkəmizdə effektiv idarəetmə mexanizmlərinin tətbiqinin davamı olaraq vətəndaş cəmiyyəti ilə iş sahəsində də islahatların həyata keçirilməsini zərurətindən irəli gəlir. Bu Fərmanla QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha da əlverişli zəmin yaranacaq. Prezidentin bu Fərmanı yeni çağırışlara adekvat olaraq dövlətin bu istiqamətdə ortaya qoyduğu siyasi mövqeyini göstərir və ictimai sektorun inkişafına dövlətin marağının ifadəsini əks etdirir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi və parlaq qələbədən sonra dövlətçilik tariximizdə yeni mərhələ başlanıb. İctimai sektorla bağlı dövlət siyasətinin zamanın çağırışlarına və müasir dövrün tələblərinə uyğun şəkildə qurulması, müvafiq institusional qərarların qəbulu və islahatların həyata keçirilməsi də dövlətin inkişafının yeni mərhələsində yaranmış tələblərdən irəli gəlir.

Dövlətimizin başçısının müvafiq Fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 13 illik müsbət təcrübəsini və pozitiv nəticələrini saxlamaq şərtilə hazırkı tələblərə uyğun daha işlək və effektiv bir mexanizmin yaradılmasını nəzərdə tutur. Yeni yaradılan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin daha üstün səlahiyyətlərə və eyni zamanda, qərarların qəbulu prosesində müstəqilliyə, sərbəstliyə, konkret və aydın hüquqi statusa malik olması dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkilinə, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.

Həmçinin ictimai nəzarətin təşviqində və ictimai şuraların fəaliyyətlərinin dəstəklənməsində agentliyə verilmiş səlahiyyət Prezidentin idarəetmədə şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi istiqamətində gördüyü işlərə real dəstəyi ortaya qoya biləcək və bununla da idarəetmədə şəffaflıq və hesabatlıq əmsalının artmasına ciddi töhfə vermiş olacaq.

Agentlikdə idarəetməni həyata keçirəcək Müşahidə Şurasının üzvlərinin hüquqları da xeyli geniş və miqyaslıdır. Üzvlərə verilmiş geniş səlahiyyət qurumun çevik və effektiv idarəetmə mexanizmi ilə fəaliyyətini də təmin edəcək. Nəzərə alsaq ki, qurumun idarəetmə orqanı olan Müşahidə Şurasının üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir və bu da agentliyin ali orqanının mötəbərliyini bir daha artırmış olur. Yeniliklərdən biri də qəbul olunan qərarda şura üzvlərinin birbaşa iştirakının təmin olunmasını nəzərdə tutur. Belə ki, qəbul olunan bütün qərarlar şura üzvləri tərəfindən imzalanır. Bu da idarəetmədə kollegiallığın məhz nizamnamə çərçivəsində təmin edilməsini şərtləndirir.

Eyni zamanda, agentlik qrant verən qurumların QHT-lərə ayırdığı layihələrin səmərəliliyini və nəticələrini ölçmək və ildə bir dəfə bu haqda hesabat hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və həmin qurumların özlərinə təqdim etmək səlahiyyətinə malikdir.

Agentliyin digər bir fəaliyyəti dövlət-QHT və biznes strukturu münasibətlərində əməkdaşlıq mühitini formalaşdırmaq istiqamətində olacaq ki, bu da ictimai əhəmiyyət kəsb edən məsələlərdə korporativ sosial məsuliyyət mexanizminin effektiv tətbiqinə yardım etmiş olacaq.

Nizamnaməyə müvafiq olaraq, agentliyin filial, nümayəndəlik və digər struktur vahidlərini yaratmaq səlahiyyəti də var və zərurət yaranacağı təqdirdə bu agentliyə əlavə struktur bölmələrini yaratmaq imkanı verir.

Əvvəlki qurumdan fərqli olaraq publik hüquqi şəxs statusu dövlət vəsaitindən əlavə, digər maliyyə mənbələri əldə etmək, bununla da, milli donor institutu olaraq QHT-lərə maliyyə dəstəyini daha da genişləndirmək kimi əlavə imkanlara malikdir.

Yeni yaradılmış agentliyin uğurlu fəaliyyət göstərəcəyinə həm dövlətimizin, həm də vətəndaş cəmiyyətinin ümidləri böyükdür. Milli maraqların qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi naminə vətəndaş cəmiyyətinin səfərbər edilməsi, milli həmrəyliyin gücləndirilməsi istiqamətində QHT-lərin imkanlarından geniş istifadə olunması çox vacibdir. Vətən müharibəsində xalqımızın əldə etdiyi böyük qələbəni həzm edə bilməyən güclərə qarşı ictimai sektor öz sözünü deməlidir, çünki milli dövlətçiliyimizə yönəlmiş təhdidlərə qarşı ayıq-sayıq və mübariz mövqedə dayanmaq, informasiya savaşında öndə olmaq daha çox ictimai fəal qurumların üzərinə düşür.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR