Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib. "Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini xahiş ediblər. Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.
Posesdə prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin iştirakı ilə nazirliyə 153 milyon manat ziyan vurulub. Prokuror təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.
Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə yollanıb. Daha sonra hökm elan edilib. Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə endirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. "Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, "Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qaynarinfo.Az
Şərhlər