Şimal Avropasını, İngiltərəni və hətta Fransanı əsrlər boyunca işğal edən Vikinq döyüşçülərinin ən böyük probleminin diş və qulaq ağrıları olduğunu təsəvvür edərdinizmi?
Qaynarinfo xəbər verir ki, Vikinq dövrünün Skandinaviya sakinlərinin əksəriyyəti basqın və talanlardan qalan yaralarını şərəf nişanəsi hesab edirdi. Lakin bu döyüşçüləri qılınc yaraları deyil, çox güman ki, qulaq infeksiyaları və ya diş ağrıları yıxırdı.
Yeni bir araşdırmada tətbiq edilən yüksək texnologiyalı görüntüləmə üsulları bir çox Vikinqin kəllə sümüklərində qalıcı və ağrılı xəstəlik izlərini üzə çıxarıb. 2005-ci ildə arxeoloqlar İsveçin ən qədim xristian yaşayış məntəqələrindən biri olan Varnhem qəsəbəsində 300-dən çox Vikinq qalıqlarını aşkarlayıb. Qalıqların eramızın X-XII əsrlərinə aid olduğu müəyyən edilib. Vikinqlərin əksəriyyəti bütpərəst olsa da, Britaniya yürüşlərindən sonra bir çoxu xristianlığı qəbul etmişdi.
Bu insanların yaşam şəraitini daha yaxşı anlamaq istəyən tədqiqatçılar 20-60 yaş arasında vəfat etmiş 15 nəfərin kəllə sümüklərini incələyiblər. Kompüter tomoqrafiyası vasitəsilə daxili quruluşların dəqiq görüntüləri əldə edilib və bu görüntülər iki radioloq və bir diş həkimi tərəfindən araşdırılıb.
Nəticələr həmin dövrdə yaşamağın necə əzablı olduğunu və ömür müddətinin niyə qısa olduğunu göstərir. Alimlər 15 kəllə sümüyündən 12-də diş kökündə yaranan bakterial infeksiya olan periapikal lezyon əlamətləri aşkarlayıblar. 10 kəllədə isə sümük defektləri, sümük itkisi və ya furkasiya tutulumunu əhatə edən parodont xəstəlikləri qeydə alınıb. Bu infeksiyalar diş köklərinin birləşdiyi çənə sümüyündə kütlə itkisinə səbəb olacaq qədər ağır olub. Belə hallarda dişin çəkilməsi adətən kifayət etməz və müasir tibbi müdaxilə olmadan müalicəsi son dərəcə çətin olar.
Digər problemlər arasında pis bitişmiş və ya eybəcər çənə sümükləri də müəyyən edilib. Hətta bir Vikinqin kəlləsində gicgah sümüyü yaxınlığında bərkiyib qalmış toxuma izləri tapılıb ki, bu da qulaq infeksiyasının göstəricisi hesab olunur.
Aydın olduğu kimi, müasir tibbin inkişafından əvvəl, ən qorxulu döyüşçülər belə kiçik mikrobların, virusların və bakteriyaların qurbanı olaraq çarəsiz şəkildə əzab çəkirdilər.
Aydın
Şərhlər