Xəbər lenti

Vitse-marşal Putini danışıqlara tez oturmağa məcbur edəcək yeganə şərti açıqladı
Dünya 17:17 08.10.2025

Vitse-marşal Putini danışıqlara tez oturmağa məcbur edəcək yeganə şərti açıqladı

Rusiya prezidenti Vladimir Putin ya məqsədlərinə çatmayınca, ya da iqtisadi və ya hərbi səbəblər onu dayandırmayınca geri çəkilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikri hərbi analitik, Britaniya Kral Hərbi Hava Qüvvələrinin sabiq döyüş pilotu və vitse-marşalı Şon Bell TSn telemarafonunda yayımlanan müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün Rusiya döyüş meydanında yavaş da olsa, irəliləyir. Eyni zamanda, hazırda NATO və Avropa daxilində Ukraynaya yardım məsələsində birliyin hiss olunmadığını qeyd edib.

"Hərbçi kimi əminəm ki, Putin məqsədlərinə çatmayınca və ya onu dayandırmağa məcbur edən iqtisadi və ya hərbi səbəblər ortaya çıxmayınca dayanmayacaq. Hələlik Avropanın bunu etməyə kifayət qədər güclü olduğu hiss olunmur”, – deyə Bell vurğulayıb.

Onun fikrincə, mövcud templə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam ələ keçirilməsi üçün 2–3 il lazımdır. O bildirib ki, Putin bu məqsədlərinə çatmayınca dayanmayacaq, çünki əks halda bu, onun üçün məğlubiyyət sayılacaq.

Bell hesab edir ki, əgər Ukrayna öz ərazilərinin bir hissəsindən Rusiyanı geri çəkilməyə məcbur edə bilsəydi, Putin kifayət qədər tez danışıqlar masasına oturardı.

"Əgər Krıma real təhlükə yaradacaq əməliyyat keçirə bilsəydiniz, Putin onu itirmək istəməzdi və yəqin ki, danışıqlara razılaşardı. Amma belə imkanlar yaratmaq çox çətindir”,
 
– deyə o bildirib və əlavə edib ki, Qərbin ordularını münaqişəyə cəlb edəcəyinə və Ukraynanın bu yolla müharibəni udmasına kömək edəcəyinə inanmır.

"Amma Qərb uçuşsuz zona yarada və "artıq bəsdir” deyə bilər, həmçinin sanksiyaları gücləndirib Rusiyanın vəziyyətini xeyli çətinləşdirə bilər. Bəli, bunu edə bilər, amma bu, yaxın aylarda baş verməyəcək”, – deyə hərbi ekspert əminliklə qeyd edib.

Bellin sözlərinə görə, NATO ölkələri üzərində görünən dronlar Avropanı daha qərarlı olmağa vadar etməlidir. Onun fikrincə, Rusiyanın Polşaya, Rumıniyaya pilotsuz zərbələri və Estoniya üzərində uçuşları Avropanı daha sərt mövqe tutmağa sövq etməlidir, əks halda Putin vəziyyətdən faydalanmağa davam edəcək.

"Mən hesab edirəm ki, Putin NATO-ya artıq hücum edib. 9 sentyabrda Polşaya yönəlmiş 18 dron ölkənin dərinliklərinə qədər uçdu. Rumıniya üzərinə girən dronlar da dərinliklərə qədər irəlilədi. Üç rus MiQ-31 qırıcısı Estoniyanın hava məkanına daxil olduqda orada 12 dəqiqə qaldı. Bu, sınaq idi – NATO Türkiyənin 10 il əvvəl etdiyi kimi reaksiya verəcəkmi? O zaman iki rus təyyarəsi Türkiyə sərhədlərinə yaxınlaşmışdı, biri döndü, digəri isə irəlilədi və türk F-16-sı onu vurdu”,
 
– deyə Bell xatırladıb.

O əmindir ki, Qərb müttəfiqləri də eyni cür davranmalı idilər:

"Putin heç bir sərt bəyanata və ya səfiri "izahat verməyə çağırmağa” hörmət etmir. Ona cavab zərbəsi vurulmalıdır. Əgər bunu etməsən, o təzyiq göstərməyə davam edəcək”.

Bellin fikrincə, bu gün Rusiyanın NATO hava məkanına təyyarə və dron göndərməsinin qarşısını almağın yeganə yolu uçuşsuz zonanı genişləndirmək və onun bir hissəsini Ukraynanı da əhatə edəcək şəkildə tətbiq etməkdir. Analitik deyir ki, Avropa bu variantı hazırda müzakirə edir.

O vurğulayıb ki, Avropa və NATO-nun hərbi gücü Rusiyadan qat-qat üstündür. Onun fikrincə, Rusiya yalnız bir şeyi çox effektiv etdi — Qərb ölkələrini "əgər müdaxilə etsəniz, nüvə silahı işlədərik” bəyanatı ilə qorxutmağı bacardı.

"Putinin nüvə silahından istifadə etməsinə heç bir səbəb yoxdur, amma o, Avropanı birbaşa müdaxilədən çəkindirməyə nail oldu”, – deyə Bell bildirib.

O, ABŞ-ın Ukraynaya mümkün dəstəyini şərh etməkdən imtina edib: "Trampın başında nə olduğunu bilmirəm, ona görə də bu məsələyə qarışmaq istəmirəm”, – deyib.

"Amma həmkarlarımın çoxu bir qədər çaşqınlıq hiss etdilər, çünki prezident Tramp Putini qırmızı xalçada alqışlayırdı və Rusiyanı dayandırmaq üçün təsir mexanizmlərinə sahib olduğuna inanırdı”.

Bellin fikrincə, hazırda Ukraynaya göstərilən yardım yetərli deyil. Avropa Ukraynanın uduzmaması üçün kifayət qədər edib, amma onun qalib gəlməsi üçün kifayət qədər etmir.

"The Times” son həftələr Avropa üzərində çətin izlənən bir destabilizasiya dalğasının yayıldığını yazıb. Bəzən hava limanları üzərində dronlar görünür, bəzən meteoroloji şarlar qəfil hava məkanını pozur, bəzən isə Baltik dənizində müəmmalı gəmilər saxlanılır.

Məsələn, "Pushpa” və ya "Boracay” adları ilə tanınan tanker əvvəllər Danimarka hərbi bazaları üzərində dron uçuşlarının qeydə alındığı ərazilərdə görünüb. İndi bu gəminin dron buraxılışı üçün üzən platforma kimi istifadə oluna biləcəyi ehtimal olunur.

Xatırladılır ki, 9 sentyabr gecəsi azı 20 rus dronu Polşanın hava məkanını pozduqdan sonra regionda demək olar ki, hər gün həyəcan siqnalları verilir. Onlar azı yeddi NATO ölkəsində onlarla hava limanı və hərbi obyektləri əhatə edib — və bunlar yalnız ictimaiyyətə məlum olan hallardır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->