Sənət 18:00 04.06.2014

Xalq artisti məhkəmədən şikayətləndi

“Gəlinimin də, özümün də vəziyyətimiz yaxşıdır”. 

Bunu Modern.az saytına açıqlamasında ailəsi avtomobil qəzasına düşən tarzən, xalq artisti Ağasəlim Abdullayev bildirib: “Gəlinin üzündə çapıq izləri var, amma zamanla həkim müayinəsi altında düzələcəyi deyilir”. 

Xalq artisti qəzanı törədən Xalid Mədətovun ailə üzvləri ilə yalnız qırx mərasimində qarşılaşdığını deyib: “Onlarla heç bir əlaqəm yoxdur. Hər hansı barışıqdan söhbət gedə bilməz. Mənim onlarla hər hansı ədavətim olmayıb. Sadəcə günahkarın cəzalanması üçün məhkəməni gözləyirəm”.

A.Abdullayevin sözlərinə görə, faktla bağlı məhkəmənin nə vaxt başlayacağı müəmmalıdır: “Nədənsə məhkəmənin vaxtı uzanır”.  

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

Qaynar.info