Azərbaycanda iki yeni tarixi film çəkilir. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai ilə Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı Ağa Məhəmməd Şah Qacarın həyatından bəhs edəcək senariləri Azərbaycanla İran İslam Respublikası birgə ekranlaşdıracaq.
Filmin senari müəllifi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Qaynarinfo-ya müsahibəsində deyir ki, hər iki senarinin çəkilişi Prezident Adminstrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq Prezidenti Ramiz Mehdiyevin göstərişi ilə dayanıb:
- Şah İsmayıl Xətai ilə Ağa Məhəmməd Şah Qacar senarisi neçə illərdir ki, yazılmış və təsdiq olunub qalmışdı. İndi İrandan həmin senarilərin ekranlaşdırılması üçün bizə təkliflər gəlib. Təkliflər Xalq artisti Fəxrəddin Manafovla fəaliyyəti dayandırılan ANS şirkətlər qurupunun prezidenti Vahid Naxış vasitəsi ilə gəlib. İndi onun sənədlərini hazırlayıram ki, əsərlərin hər ikisini təhvil verim. Mən həyatımı bu iki senariyə həsr etmişəm.
- Hər iki film Bakıda çəkiləcək, yoxsa İranda?
- Onu bilmirəm, senari haranı tələb edirsə, həmin yerlərdə. Əsas odur ki, bu iki film ekranlaşsın. Bir də bunun üçün Bakıda, eləcə də Azərbaycanda yetərincə tarixi yerlər var. Senaridə tarixi bəlli olan ünvanlar və dekorasiyalar da var. Əsas odur ki, tarixi mövzuda iranlılar film çəkə bilər.
- Hər iki filmin senaristi siz olacaqsınız?
- Bəli, həm də baş məsləhətçi kimi qalacağam.
- Filmlərdə Azərbaycan aktyorları yer alacaq, yoxsa İrandan da aktyorları dəvət olunacaq?
- Hər iki layihəyə Vahid Naxış rəhbərlik edəcək. Onun böyük film studiyası var axı. Bundan əlavə, baş rolda Xalq artisti Fəxrəddin Manafov oynayacaq. İran tərəfilə razılıq əldə olunub, hər iki film müştərək çəkiləcək. Bu iki senari məni milliləşdirdi, soyumuza, kökümüzə qaytardı. Elə bil ki, bu iki senari mənə təzədən həyat verdi. Ona kimi oxuduğum nə vardısa, hamısı kölgədə qaldı. 40 ildir bu sahədə zəhmətim var, belə bir ağır yükün altına girməyə fiziki gücüm də yetmir. Əsas odur ki, baş məsləhətçi və senari müəllifi kimi nəzarət edəcəm. O vaxt məni İran səfiri dəvət etdi. Təklif etdi və mən buna ağır cavab verdim. Bununla da məsələ bağlandı. Sonra İrana gedəndə mənə dəvət gəldi, getdim görüşdüm, amma yenə də razılaşmadım.
- Onların sizdən istəyi nə idi?
- Onlar istəyirdi ki, Şah İsmayıl Xətai İran hökmdarı kimi təqdim olunsun. Bu şərt altında mənə hər şəraiti yaradırdılar. Film nə tələb edirdisə, onu qarşılamağa hazır idilər. Amma mən buna razı ola bilməzdim. Buna nə qeyrətim yol verər, nə də mənəvi haqqım var. Mən kiməm ki? Ona görə də uzana-uzana qaldı. İndi gəlib divara dirənib. Xəstəyəm, müalicəmi dostlar etdirir. Həkimlər də müəyyən güzəştlər edir. Bu boyda zəhmət çəkən Əbdül Hacıbala Abutalıbovun günahı və tamahı ucbatından evin damında yaşayır. Bu məmurlara heç kimin, hətta qanunların da gücü çatmır. Əlimdə 3 məhkəmə qətnaməsi ola-ola 10 idir ki, mən evin damında yaşayıram. Senaridə vəsiyyət etmişəm, yazmışam, bildirmişəm ki, mən bu filmi Azərbaycanın milli-ruhlu vətənpərvər, xalqın təhrif olunmuş müqəddəs tarixinə kişi kimi sahib duracaq insanlara hədiyyə edirəm. Bura kimi gətirdim, burdan sonra nə yaş, nə də sağlamlıq imkan verir. Sağ olsunlar, Vahid Naxış və Fəxrəddin Manafov, bundan sonra ölüm yoxdur, film çəkiləcək. Senarilər o vaxt bədii şura tərəfindən təsdiq olunub. O vaxt mən bu filmi başlamışdım, 1 milyon da Heydər Əliyev pul ayırdı. Allah ona rəhmət eləsin, nə qədər sağ idi, bu layihənin üzərində özü dayanmışdı. O, dünyasını dəyişəndən sonra Fatma Abdullazadə, İqrar Əliyev və Ramiz Mehdiyev dedi ki, bizə Şah İsmayıl lazım deyil, bu senari İranla aramızda qarşıdurma yaradır... Baxın, beləcə film dayandı.
Bahar Rüstəmli
Şərhlər