Gənclik təravəti hələ də onu tərk etməyib. Daxilən zəngin olduğundan siması çox nurludur. Uşaq təki saf, müdriklər kimi təmkinlidir. Baxışlarından qəribə bir hikmət süzülür. Nitqi rəvan, iti zəkalı, dərin təfəkkürlü, istedadlı xanımdır. Üzücü standartlar ruhuna yaddır. Aktiv olmağı xoşlayır. Hər zaman yenilik yaratmaq eşqi ilə yaşayır…
Haqqında söhbət açdığım Xatirə xanım xalq şairi Nəriman Həsənzadənin ailəsində dünyaya gəlib. Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-1982-ci illərdə indiki Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində oxuyub. 1983-cü ildən həmin ali təhsil ocağında pedaqoji fəaliyyətlə məşğuldur. "Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda "Qafqaz Albaniyasının musiqi mədəniyyəti” adlı doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda rəssamdır…
Deyir ki, "Artıq iyirmi yeddi ildir pedaqoji fəaliyyətlə yanaşı rəssamlıqla da məşğulam. Bu sənətə gəlişim gözlənilmədən olub. Hər gün yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Qız qalasının, Misir piramidalarının sirrlərini əsərlərimdə açmaq istəyirdim. Bir gün hiss etdim ki, mən bunu bacarıram”…
Onun rəngli qrafik əsərləri az deyil, amma daha çox ağ-qara rəsmlər çəkir. Heç zaman çəkəcəyi rəsmi əvvəlcədən planlaşdırmır. Yalnız sonda məlum olur ki, nə çəkib. Sərgilərinin birində ondan hansı üslubda çəkdiyini soruşurlar, cavab verməyə çətinlik çəkir. Xalq rəssamı Rasim Babayev bildirir ki, bu yeni üslubdur. Qeyri-adi istedadı olan bu xanm, qrafikanın məlum üslublarını dəf edərək əlavə bir cığır açıb. İndiyədək xeyli sərgiləri də təşkil olunub. Onu bir rəssam kimi təqdim etsəm də, Xatirə xanım həm də musiqişünasdır. Bir musiqişünas alim kimi də əməyi az olmayıb. Uzun illərdir ki, Azərbaycan mədəniyyətinə xidmət göstərir…
İyunun 17-si Xatirə xanım Həsənzadənin yubiley günüdür. Yəqin ki, doğmaları, əzizləri bu münasibətlə təşkil olunan tədbirdə onun xidmətlərindən söhbət açıb, ağız dolusu danışacaqlar. Mən isə uzaq Amerikadan bu təvazökar, istedadlı Azərbaycan xanımına ehtiramımı bildirir, Onu yubileyi münasibəti ilə təbrik edirəm.
Yeni yaşınız mübarək, Xatirə xanım!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Şərhlər