Sənət 11:20 30.04.2014

Xalq yazıçısı Gəncədə gənclərlə görüşdü

Dünya şöhrətli yazıçı ilə görüş “Odlar Yurdu Gənclər İctimai Birliyi”nin təşəbbüsü və təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Xalq yazıçısı Çingiz Abdullayevin Gəncə şəhərindəki görüşünə şəhər ictimaiyyəti, gənclər, ziyalılar, ali və orta ixtisas məktəblərinin tələbələri, QHT və KİV nümayəndələri gəliblər.

“Odlar Yurdu Gənclər İctimai Birliyi”nin sədri Nigar Ələsgərova görüşü açıq elan edərək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və yazıçı Çingiz Abdullayevə oxucular adından minnətdarlıq bildirib.

Canlı ünsiyyət şəraitində keçən görüşdə yazıçı Çingiz Abdullayev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Onların müəllifi olduğu əsərlərlə bağlı fikir və təkliflərini dinləyib. Gəncləri yazıçıların, elm adamlarının əsərlərini oxumağa səsləyib. Görüşün yekununda xalq yazıçısı Çingiz Abdullayev ona sual ünvanlayan 4 ən yaxşı oxucusuna öz kitablarını hədiyyə edib.

Qeyd edək ki, Çingiz Abdullayev Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmiş, tarixi-memarlıq abidələri və yeni tikilmiş muzeylərlə yaxından tanış olub.

Qaynar.info