Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” (MÜSAHİBƏ)

Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” (MÜSAHİBƏ)

Kulis.az yas məclislərində şeirə-sözə geniş yer verən tanınmış molla Hacı Ariflə müsahibəni təqdim edir. Xatırladaq ki, Hacı Arif Xalq yazıçısı İsa Hüseynovun və bir çox başqa məşhur ədəbiyyat adamlarının da dəfn mərasimini idarə edib.

- Məclislərdə Aşıq Ələsgərdən şeirlər söyləyirsiniz. Aşıq Ələsgərsə deyirdi: "Aləmə məlum olsun, yıxıb İranı mollalar”. Müstəqillik dövründə də xalq arasında belə bir deyim dolaşırdı: "Mollalar gəldisə, dünya dağılacaq...”

- Molla ərəb sözüdür. Lüğəti mənası "elmli”, "savadlı” deməkdir. Misal üçün, Molla Pənah Vaqif, Molla Vəli Vidadi və s. Onlar mənim kimi molla olmayıblar. Mən də son dövrlər yaranan ehtiyacdan molla kimi fəaliyyətə başlamışam. Bakıya gələndən sonra isə bu evin (Xırdalandakı həyət evini nəzərdə tutur – red.) yerində on il dəmir vaqonda yaşamışam. Allah heç kimə elə yaşayış göstərməsin.

Sovet ideologiyasında din xadimlərini təqib etmək bir ideologiya İslamın inkişafı xristian dünyası üçün qəbulolunmaz idi. Din adamları islamın dayağı olduqları üçün çox vaxt siyasi ambisiyaların qurbanına çevriliblər. İkinci tərəfdən özlərinin günahı ucbatından satira atəşinə tutulublar. Onlar nəfslərini yığışdıra bilməyiblər. Din pərdəsi, din kölgəsi, din şüarı altında qeyri-adi işlər görüblər. Ona görə ki, allahdan qorxmayıblar. Amma bunu hamıya aid etmək olmaz.



Yanına gələnlərə ağıl, qorxu, ruzi duası yazan dindarlarımız var. Bunlar hamısı Allahdan gəlməlidir, mən kiməm ki, kiməsə ağıl verəm? Ağlı olmayana Allah necə kömək edəcək? Məhəmməd peyğəmbərin yanına bir uşaq gətiriblər, deyiblər, bu uşaq xəstədir. Peyğəmbər onun anasından soruşub ki, uşağı həkimə aparmısan? Qadın cavab verir ki, yox. Peyğəmbər deyir, əvvəl həkimə apar, sonra mənim yanıma gətir ki, mən də Allaha dua edim. Yəni din adamlarının əksəriyyəti savadsızdılar. 80, 90 faizinin pedaqoji savadı yoxdur. Pedaqogika, psixologiya, metodika keçməyən, Makarenkonu, Uşinskini tanımayan adam məclisi necə ələ ala bilər?

Sumqayıt qəbiristanlığında hər başdaşına bir "təbəri” papaq uşaq söykənib mollalıq edir. Belə mollalar satira atəşinə tutulacaq də. Axı onlar molla deyil. Onlar kiril əlifbası ilə Quran oxuyur ki, görsün, kim ona beş manat verəcək. Hər yerdə demişəm, indi də deyirəm, bu gün İslam Azərbaycanda biznesə çevrilib. Yas məclislərindəki israfçılıq İslam deyil. Peyğəmbər deyirdi, üç gün əzadarlıq edin, amma üç gündən sonra əza sahibinin evində heç nə bişirilməsin. Üç gündən sonra o evə yaxın qohumlardan, qonşulardan təam gəlməlidir.

- Axundov baltanı lap kökündən vururdu. Deyirdi, bütün dinləri puç və əfsanə sayıram. Maraqlıdır sizin özünüzün Axundova, Mirzə Cəlilə, ümumən maarifçilərə münasibətiniz necədir?

- O vaxtın savadsız dindarları öz mənfəətlərini güdür, şəxsi həyatlarını fikirləşirdilər. O dramaturqlar da onları yerində tənqid edirdilər. Misal üçün, Cəlil Məmmədquluzadə "Ölülər” əsərində Kefli İsgəndərin dili ilə dindarları haqlı tənqid edir. Mirzə Fətəli Axundov da, Mirzə Cəlil də, Seyid Əzim Şirvani də, Mirzə Ələkbər Sabir də islamda yabançı olan, islama təsadüfi gələn dindarları yerində tənqid edirdilər. Mirzə Ələkbər Sabir təsadüfən demirdi ki, cin görürəm, şeytan görürəm, xortdan görürəm qorxmuram, amma müsəlman görəndə qorxuram. Din adı ilə bəzi din adamları elə hadisələr törədirdilər ki, cəmiyyətdə ikrah doğururdu.

- Məsələn...

- Məsələn, qadınların bir neçəsini birdən özlərinə siğə edirdilər.



- Ölən qardaşın arvadını alırdılar...

- Nə isə də. Mən indi çox dərinə getmək istəmirəm. Burda məhrəm və naməhrəm söhbəti var. Çox dərinə gedib, danışsam, bizim söhbətimiz iyirmi dörd saata sığmaz. Məsələ burasındadır ki, adını çəkdiyiniz ədiblərin heç birinin günahı yox idi. Onlar allahsız deyildilər. Əlbəttə, Axundovun siz deyən fikri ilə razılaşmıram. Quranı puç və əfsanə saymaq olmaz. Axundov böyük dramaturqdur. Mənə belə gəlir, dindarların etdikləri qeyri-insani hərəkətlərə görə o sözləri işlədib. Cəlil Məmmədquluzadənin "Ölülər” əsərində olduğu kimi.

- Yəni cəmiyyətdəki vəziyyət yazıçını, dramaturqu yönləndirirdi?

- Dramaturq cəmiyyətdə gedən hadisələrin güzgüsüdür. "Ölülər” əsərində baş verənlər faktiki olmuşdu ki, Cəlil Məmmədquluzadə onu qələmə almışdı. Mirzə Ələkbər Sabir də xalqın dərdini çəkən adam idi. Xalqın içərisində olan dindarların islamı pis vəziyyətə salması dindarların günahı idi, yazıçı-şairlərin yox. Çünki yazan adam həyatı, ordakı insanları bədiiləşdirib ədəbiyyata gətirir.

- Adını çəkdiyiniz qələm adamların bir çoxunun ilk təhsil aldıqları yer mədrəsə olub. Axundov hörmət əlaməti olaraq "Axund” sözünü özünə təxəllüs götürüb. Amma sonralar yetişdikləri mühiti sərt tənqid edib.

- Bəli, bəli elədir. Yaxşı məqama gəlib çıxdıq. Axundov mədrəsədə təhsil alıb. Mədrəsədə təhsil alan insan sonralar ona deyilənləri həyatda görmür. İslam elm tərəfdarıdır. Quranda 850 dəfə "elm” sözü işlənir. Quran sözünün mənası da ucadan, avazla, qiraətlə oxumaq deməkdir. Quran "Oxu” sözü ilə başlayır. Lakin sənətkarın formalaşmasında cəmiyyət də çox böyük rolu var. Cəmiyyət onu yüksəldə də bilər, alçada da. Axundov mədrəsədə keçdiyi ədəb-ərkan dərsinin əksini cəmiyyətdə görəndə, mollanın başqasının arvadını özünə siğə etdirməsini, malını mənimsəməsini biləndə, təbii ki, dinə etiraz edəcəkdi.

- Çox zaman mollalar haqqında mənfi imicin formalaşdığını görürük. Bunun səbəbi nədir?

- Nəfs. Mollaların bir çoxunda olan nəfs Murtuz Əlinin qılıncından itidir. Baxmayaraq ki, hər bir molla din adamıdır, amma allahdan qorxmur. Din pərdəsi altındadı.



- Quranı, onun məntiqini necə izah etmək lazımdır ki, müasir, modern insan rahat başa düşüb, anlasın?

- Bu gün Quranın, onun ideyasını, insanlıq konstitusiyası olmasını, heç bir xalqları ayırmamaq fikrini izah etmək üçün birinci gərək özün kamil şəxs olasan. Təbliğatına uyğun şəxsiyyətin, yaşayışın olmalıdır ki, sənin dediyinə camaat inansın. İslam peyğəmbəri bütün varlığı ilə xalqa nümunə olmasaydı, öz qızını diri-diri torpağa basdıran vəhşi ərəbi mədəniləşdirə bilərdi?

- Bizdə klassik ədəbiyyat dindən qaynaqlanıb. Amma müasir ədəbiyyat dindən uzaq düşüb.

- Ədəbiyyatın arxasında insan dayanır. İnsan özü dindən ikrah edirsə, Allahdan qorxmursa, dinə münasibəti yoxdursa, namaz qılıb, oruc tutmursa, bir işə "Bismillah”la başlamırsa, "Əlhəmdülillah”la bitirmirsə, bir söz deyəndə yuxarıda Allahı nəzərdə tutmursa, onun yazdığı əsər də dindən uzaq düşəcək də. Elə yazıçılarımız var, yas məclisinə içib gedir. Füzuli deyir, xoş o kəsdir ki, müddəti-ömür axıra çatanda bu cahandan şəhadətlə köçə.

- İslamda musiqi haramdır deyirlər, əslində isə azanın özündə muğam ladları var.

- Quran və musiqi ikisi də bir-birini tamamlayır. Azan birbaşa "Zəminxarə” üstündədir. Azanı oxuduqca xəyalən gedib çıxıram Qarabağa, vətən dağlarına, 1861-ci ildə tikilən Ağdam məscidinə. O azanın səsləndiyi məscidi yiyəsiz qoyardılar? (kövrəlir) Ağdamda Kor Mustafa adlı bir adam vardı. O zamanlar mikrofon yox idi. O, Qarabağ səsi ilə "Zəminxarə” üstündə azanı o minarələrdən elə oxuyardı ki, səsi bütün dağlarda əks-səda verərdi. 10, 15 km uzaqdan eşidilirdi. O zamanlar ekologiya da bu qədər çirkli deyildi, həm də insanların eşitmə qabiliyyəti yüksək idi. İndi nə səndə, nə də məndə eşitmə qabiliyyəti qalmayıb. Hər bir millətin avazı ayrıdır. Xüsusən biz qarabağlılar Quranı muğam üstündə oxuyuruq. Çünki o avazla böyümüşük. Burda heç bir günah yoxdur. Söhbət qəlbən allaha bağlılıqdan gedir. "Yasin”i oxuyanda mən hansısa səhvi edə bilərəm, allah bunu bağışlayar. Çünki qəsdən etmirəm, bilməyərəkdən olur. Səsdəki avaz ona qulaq asan dinləyicini cəlb etməlidir. Yaxşı səslə oxunan Quran oxuyana da xoş gəlir, dinləyənə də.

- Dində cəlb etmək lazımdır?

- Mütləq lazımdı. İslamın evi onda yıxıldı ki, adamları cəlb edə bilmədik. Savadımız, təlimimiz, tərbiyəmiz çatmadı.

- Məclisdə molla mütləq adamları ağlatmalıdır?

- Xeyir. İnsanı ağlatmaq ən böyük günahdır. İndi məclislərə ağıçı qadınlar gətirirlər, onlar da pul xətrinə insanları ağladırlar. Yas məclisi təbii ki, oynamalı yer deyil. Amma orda Quran varsa, deməli, həm də elm var.



- Sizcə, teatr, kino nə dərəcədə dinə yaxındır? Ötən əsrin əvvəllərində səhnəyə çıxan aktyorları din adamları "Mütrüf” adlandırırdı. Alim Qasımov bir neçə il əvvəl teatr səhnəsində göstərilən açıq-saçıq səhnəyə etiraz edərək zalı tərk etmişdi...

- Kino, teatr mütləq lazımdı. On dörd əsr bundan əvvəl yaşayan peyğəmbərin həyatı haqqında kino çəkiblər. Teatr və kino olmasa həyat gələcək nəslə çatdırıla bilməz. Amma bəzən insanın şəxsiyyətinə xələl gətirən xoşagəlməz cəhətlər olur. Rejissor gərək əsəri elə hazırlayıb təqdim edə ki, zalda oturan gənc, uşaq ondan müsbət şeylər götürsün. Burada mütrüflük aktyorun yox, dramaturqla rejissorun günahıdır.

Bir də ki, ötən əsrin əvvəllərində yaşayan insanların savadsızlığı, xurafatçılığı çox idi. O zamanlar qadınlar səhnəyə buraxılmadıqları üçün kişilər qadın rollarını oynamağa məcbur idilər. Onlar mütrüf deyildilər. Mütrüf indi səhnəyə çıxıb qadın paltarı geyinən Rafaellə Coşqundur. Qadın tapılmır onlar qadın rolları ifa edirlər? Onlar müxtəlif sahələri, peşə adamlarını tənqid atəşinə tuturlar, amma anlamırlar ki, özlərinin hərəkəti daha çox tənqidə layiqdir.

- Küçədə açıq-saçıq geyinmiş qadın görəndə nə hiss keçirirsiniz?

- Elza Seyidcahanın seyidliyi ona qənim olsun! O, efirə çıxanda başında nələr qoyur, hamımız görürük. Az qalır, başına ağac əksin. Geyim insanın yaraşığıdır. Geyim insan üçün abır-həya, insanın daxili mədəniyyətini zahirən izhar edən formadır. İnsan lüt gəzməməli, örtük içində olmalıdır. Allah heç nəyi açıq yaratmayıb. Baş başdır, başın da örtüyü var. Bu gün bir kişi küçədə mayka ilə gəzsə, siz qadınlar ona pis baxacaqsınız, bəs qadınların çoxu niyə mayka ilə gəzir? O qadınlara reaksiyalar da müxtəlifdir. Abırlı kişi həmin qadınlara baxıb ikrah hissi keçirir. Amma şəhvətinin əsiri olan kişi həmin qadınlara başqa gözlə baxır.



- Yazıçı İsa Muğannanı siz dəfn etmisiniz. Vəsiyyətinə əsasən, dəfnində saz çalınıb. Bu əhvalat necə baş verdi?

- Zəlimxan Yaqub, Anar da daxil olmaqla bütün tanınmış yazıçı-şairlər onun dəfnində idilər. Mən onun vəsiyyətindən xəbərsiz idim. "Yasin”i oxumaq istəyəndə işarə elədilər ki, onu sazla dəfn edək. Gördüm elə saz ifaçısı da hazır dayanıb. Aşıq bir "Ruhani” havası çaldı, sonra da mənə dedilər, Quran oxu.

- Etiraz etmədiniz?

- Mən o kişilərin qarşısından çıxıb gedə də bilərdim. Amma dinə qarşı hörmətsizlik olardı. Çünki günah onların özünün idi, mənimki deyildi. Mən etiraz etsəm də, etməsəm də, aşıq sazını çalacaqdı.

İsa Muğanna Ağstafada doğulub, orda böyüyüb, saz onun ruhuna hopub. Vəsiyyəti də belə olub. Amma şəriətdə belə şey olmadığı üçün mən etiraz etdim. Mənim etirazıma məhəl qoyulmaması artıq onların günahı idi, mənim yox.

- Allah qarşısında hamı bərabərdir, təbii ki. Ancaq hamı da İsa Muğanna deyil. Ümumiyyətlə, sizin üçün dünyasını dəyişən insanın kimliyi hansısa bir məna kəsb edirdi?

- Yox. O da hamı kimi insandır. Nə olsun yazıçıdır? O qədər yazıçılar var ki! Şəriətdə qəbr evinə gedən üçün heç bir üstünlük yoxdur. Mənə görə, orda İsa, Musa, Məmməd oldu fərqi yoxdur. Mən orda öz dini vəzifəmi yerinə yetirirəm. "Azdrama”da onu səhnəyə qoyanda da dini qaydalara riayət etdim. Orda da əvvəlcədən bildirdim ki, məni bura gətirmisinizsə, öz dini vəzifəmi yerinə yetirməliyəm. Siz mənim bu fikrimlə bir müsəlman kimi razılaşırsınızsa, razılaşın, razılaşmasanız, yenə özünüz bilərsiniz.

- Razılaşdılar?

- Əlbəttə. Hər şeyi yerli-yerində etdik. Amma İsa müəllimi qəbrə heç kim yendirmədi. Cənazəni iplə salladıq. Bir, iki fəhlə də düşüb mənim bəzi tapşırığımı yerinə yetirdi. Adət var axı. Təlqin oxunana qədər onun yanında kimsə olmalıdır. Baxdım, bu məsləyə heç kim fikir vermir. Bircə qız övladı olub İsa müəllimin. Bildim. Bəs heç bir yaxın qohumu, dostu olan kişi xeylağı yox idi cənazəni qəbrə sallasın? Zəlimxan Yaqub, Nəriman Həsənzadə orda nə üçün dayanmışdı?! İndi tutaq ki, onlar yaşlı idilər. Bəs orda olan cavanlar niyə bunu etmədilər? Axı qanunla kimsə məzara düşməli, kəfənin ayaq, baş tərəfinin iplərini açmalıdır. Gördüm, heç kim fikir vermir, çoxunun heç dindən başı çıxmır, russayağı böyüyən adamlardılar, elə o cür də dəfn elədim.



- Bir din adamı kimi bu məsuliyyət sizin üzərinizdə qalmır?

- Yox. Mən din adamı kimi göstərişlərmi verdim, yerinə yetirib, yetirməmək artıq onların öz işidir. Mən məzara düşüb dediklərimi edə bilməzdim.

- Məşhur insanlardan başqa kimləri dəfn etmisiniz?

- Yadıma Famil Mehdi, Şahmar Əkbərzadə düşür, amma çox olub.

- Bu yaxınlarda belə bir təklif oldu ki, imamlarla bağlı keçirilən ayinlər şəhidlərimiz üçün də keçirilsin.

- Çox gözəl təklifdir. Ona görə ki, İmama Hüseyn şəhidlik məktəbinin banisidir. Onun davamçısı Raquf Orucov və digər şəhidlərimizdir. Raquf mənim şagirdim olub. Onda qorxu hissi olmayıb. Ona nə qədər təpinirdim, hətta arada bir-ikisini vururdum da, amma qəti şəkildə qorxmurdu. Uşaq var ki, qapı bərk çırpılanda diksinir, amma o, elə deyildi (kövrəlir).

- Mollalar peşə gərəyi ağlamırlar. Amma siz Raquf Orucovun adını çəkəndə kövrəldiniz. Başqa nələr kövrəldir sizi?

- Quzanlının yanında Xındırıstan kəndində bənövşələr var. Ordan vətənimə - Şahbulağa baxanda ağlayıram. Vaxtilə erməni qorxusundan Ağdama girə bilmirdi, indi onlar orda at oynadır, mən də kənardan baxıb ağlayıram. Atamın, anamın, qardaşımın məzarı qalıb orda. Məni bu ağladır (kövəlir). Bu var-dövləti, torpaqsız, vətənsiz mən neynirəm?! Mənim Ağdamda on iki otaqlı evim vardı. Tarım, sazım, qarmonum vardı. İndi burda da bir nəfər tanışım mənə tar hədiyyə edib. Boş vaxtım olanda çalıb gününmü keçirirəm, özümü ovuduram. (Ayağa qalxıb tarı götürür bir balaca ifa edir, kövrəlir).

- Yaxşı səsiniz də var. Mərsiyyə demisiniz?

- Yox. Xoşum gəlmir. Mərsiyə Qarabağ tərəflərdə işlənməyib. Bakı məclislərində, cənub bölgəsində və İranda daha yayğın olub. Kişi gedib yas məclisində "Dədə vay!” deməz. Məclisdə dindən, peyğəmbərdən, imamlardan danışmaq lazımdır.

- Aşıq Ədalət vəsiyyət etmişdi ki, onu sazı ilə dəfn etsinlər. Etdilər də. İslama görə, düzdür bu?

- Arxeoloji qazıntılar da sübut edir ki, insanın ən sevimli əşyası onunla dəfn ediblər. Yaxud, kim hansı peşənin sahibi idisə, o peşəyə aid rəsmlər, döymələr baş daşına vurulurdu. Vəsiyyət şəriətə uyğundursa, onu yerinə yetirmək olar. Amma qeyri-mümkün vəsiyyətlər dinə ziddir. Şəriətə zidd vəsiyyətlər etməməyə çalışmaq lazımdır. Bizim din adamları bəzən tutduqları yerdən kəsirlər, "Olmaz” deyib dayanırlar. Amma insani məqamlar var ki, buna əməl olunması lazımdır. Bir qadın vardı, oğlu şəhid olmuşdu, ana rəhmətə gedəndə vəsiyyət etdi ki, oğlumun şəklini qəbirdə sinəmin üstünə qoysunlar. Mən o qadının vəsiyyətini yerinə yetirdim. Burda şəriətə zidd heç nə yoxdur. Quruca şəkildir. Şəriətə zidd olan başqa məqamlardır. Bir dəfə bir dəfn mərasimində rəhmətə gedən qadının qızı dedi ki, ya özümü öldürərəm, ya da anamın altına döşək qoymalısan, anam həyatda çox əziyyət çəkib. Dedim, bala, mən onu belə dəfn edə bilmərəm, istəyirsən gəl, döşəklə özün dəfn elə. Dəfn olunan insan torpaqla təmasda olmalıdır. Torpaqdan yaranıb, torpağa çevrilməlidir. Kəfən də şərtidir, əhləd daşının altına girənəcəndir. Tanrı buyurur ki, parça olmasa belə, insanı halal heyvanın dərisinə bükün, bu olmasa, görünməsi lazım olmayan yerlərini daş və ya palçıqla bağlayın.

- Dəfn zamanı hər hansı qeyri-adi hadisələr baş veribmi?

- O qədər olub ki! 7-ci mikrorayonda qəbiristanlığı sökürdülər, üç il əvvəl dəfn olunan qadının qəbri açılanda məəttəl qaldıq. Meyit necə vardısa, elə də qalmışdı. Çürüməmişdi. Həmin məzarın kənarında əkilən şam ağaclarının kökü qadının meyitini çulğamışdı. Bədənin bütün nəmini ağac kökləri sormuşdu, ona görə çürüməmişdi. İkinci qəbri açanda gördük, bir rus kişinin saçı uzanıb. Buna nəbati ruh deyirlər. Bədəndə bir müddət qalır. Üçüncü qəbir açılanda, gördük rəhmətə gedən cavan bir qadının əli qalxıb əhləd daşının üstünə. Məlum oldu ki, qadın kliniki ölüm keçirib, bilməyiblər. Nəbzi vura-vura gətirib dəfn ediblər. Qəbirdə qadın nəfəs alıb, bir udumluq havanı udandan sonra ölüb. Belə hadisələr çox olub. Amma biri var, heç vaxt unutmuram. Ağdamda bir qadının nişanlı oğlu ağır xəstəlikdən dünyasını dəyişdi. Getdim, gördüm, mağara aşıq gətiriblər. Günahdır... Təsəvvür edin, gözümdən axan yaş mənə imkan vermirdi duanı oxuyum. Ordakı şüvəni, qiyaməti, qeyri-adi mənzərəni mən heç yerdə görməmişdim. Ayırd edə bilmirdim, yuxu görürəm, yoxsa, baş verənlər reallıqdır. Ana toyu tutulmuş övladını məzara toyla yola salırdı. Oğlanın nişan paltarlarını qəbrinin üstünə tökəndə mən dözə bilməyib, ordan aralaşdım. Elə məqamlarda qaçıb getməklə canımı qurtarıram.



- Bütün bunlardan sonra yaşamaq çətin olar...

- Çox çətindir. Bu danışdıqlarım hər yadıma düşəndə bir mərhələ qocalıram. Ürəyi gedib yıxılanları, dərddən çökənləri görmüşəm. Allah məni robot yaratmayıb. Mən də insanam, düşüncəm, hissim var. Amma bütün bunlarla yanaşı biz yaşayışımızı, ölümümüzü nə tezləşdirə, nə yubada bilərik. Hər şey allahın əlindədir. Övladlarımızı, nəvələrimizi yaşatmaq üçün yaşayırıq. Ömrümüzün harda bitəcəyini isə bircə allah bilir.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR