Xaqani Cavadoğlunun tərcüməsində şeirlər

Xaqani Cavadoğlunun tərcüməsində şeirlər

Yanvar ayının 23-də şair-tərcüməçi Xaqani Cavadoğlunun 35 yaşı olur. Bu münasibətlə onun tərcümə yaradıcılığından bir neçə nümunəni oxucularımıza təqdim edirik. 

Lyu Velç (Amerikalı şair)

Əsas söhbət 

Uğrunda yaşamaq üçün heç nə tapa bilməyənlər 
Həmişə uğrunda ölmək üçün nə isə kəşf eləyirlər.
Sonra onlar bizlərin də o nəsnə uğrunda
Ölməyimizi istəyirlər.


Eyncl  Tou 

Sabah olmayacaq 
(Ana bətnindəki dölün dilindən)

Sabahkı gün öləcəyəm
Bu dünyaya tamarzıyam.
Anam heç kədərli deyil,
Uğursuz sevgi barıyam.

Nə gül dərib, iyləyəcəm,
Nə görəcəm gün işığın,
Nə sahil boyu  gəzəcəm,
Nə duyacam yaz yağışın 

Halıma yananım yoxdur,
Mən heç vaxt öpülməyəcəm
Ruhum göyə ucalanda,
Görəsən yada düşəcəm?

Bu gün mənim son günümdür,
Son nəfəsim, son nidamdır.
Gör nələr edə bilərdim...
Sabah həyatla vidamdır.     



Antoni Uest

Səndə sevdiklərim 

Səni ilk dəfə görəndə 
məni yerə mismarlayan gözlərin.

Günəşin gözlərini qamaşdıran 
və ruhumu isidən təbəssümün.

Dağ çayı tək ürəyimə 
axıb tökülən səsin.

Yerişin və nəfəsimi 
kəsən zərifliyin.

Sifətimə dağılmasını
istədiyim saçların.

Sığalladığım və incəliyini sifətimlə 
duymaq istədiyim əllərin.

Boynuma sarılıb və dartıb 
məni sənə yaxınlaşdırmağını istədiyim qolların.
Ən çox da həyatı duymağımda 
etdiyin dəyişikliklər.

SƏNİ SEVİRƏM!

Virqo 

Fantaziya 

Bütün həyatım boyu mən mükəmməl insan barədə
fantaziya qurmuşam.
Çoxsaylı romantik hekayələr və nağıllar 
bu fantaziyanı düşüncəmdə 
gerçəkliyə çevirməkdə mənə kömək etdi.
Bu fantaziyanın axtarışı bir çox 
peşmançılıqlara gətirib çıxardı.
Gerçəklik göstərdi ki, belə adam yoxdur.
İllər keçdikcə fantaziya yoxa çıxmağa başladı -
Səninlə rastlaşana kimi.

Fantaziyadan əlimi üzmək üzrə idim ki,
sən qarşıma çıxdın.
Fantaziyam gerçək oldu,
Gerçəkliyim - sən.


Melissa Neydinq

Sevirəm 

Gülümsəməyini sevirəm.
Gülümsəməyinə mənim səbəb ola bilməyimi sevirəm.
Səni xoşbəxt görməyi sevirəm.
Xoşbəxtliyinə mənim səbəb ola bilməyimi sevirəm. 

Gözəl gözlərinə baxmağı sevirəm.
Gözlərində əks olunmağı sevirəm.
Əlimdən tutmağını sevirəm.
Cəsarətimi toplayıb sənin əlindən tutmağımı sevirəm.

Səni cırnadıb özündən çıxarmağı sevirəm.
Məni cırnadıb özümdən çıxarmağını sevirəm. 
Mənə toxunmağını sevirəm.
Sənə toxunmağı sevirəm.

Hər dəfə səni görəndə 
Necə gözəl olduğunu yenidən kəşf etməyimi sevirəm.
Mənə cazibədar olduğumu hiss etdirməni sevirəm.
Səni öpməyi dəli kimi istəməyi sevirəm.
Hadisələri tələsdirməməyini sevirəm.

Hələ də mənim dostum olmaq istəməyini sevirəm.
Sənin olmaq istəməyimi sevirəm. 
Səninlə bağlı o qədər nəsnəni sevirəm ki, 
Ancaq, ən önəmlisi odur ki:
Səni sevirəm! 

David Lehman 

Qadın kişini sevdiyi zaman 

Qadın marqarita (1) deyərkən, daykiri (2) nəzərdə tutur.
Qadın xəyalpərəst dediyi zaman, dəyişkən nəzərdə tutur.
Və o, "Bir də heç vaxt səni dindirməyəcəm” deyəndə,
"Mən qəmli halda pəncərənin qarşısında dayananda,
arxandan qollarını belimə dola” demək istəyir.

Kişi bunu bilməlidir.

Kişi qadını sevdiyi zaman, o, Nyu-Yorkda olur,
qadın isə Virciniyada və ya
o, Bostonda yazır, qadın isə Nyu-Yorkda oxuyur və yaxud
qadın Balboa Parkında əynində sviter gözündə eynək,
o isə İtakada yarpaqları dırmıqlayır və yaxud da
kişi maşınla İst-Hempton istiqamətində gedir,
qadın isə rəngbərəng yelkənli qayıqların yarışdığı
körfəzə açılan pəncərənin önündə hüznlü halda dayanır.
O isə bu vaxt Lonq-Aylend şosesində tıxaca düşür.

Qadın kişini sevdiyi zaman, gecə saat ikiyə on dəqiqə işləyir,
qadın yatıb, o isə duzlu krendel yeyə-yeyə,
limonad içə-içə idman verilişinə baxır,
iki saat sonra kişi yuxudan oyanır və yırğalana-yırğalana
qadının ilıq bədəninin uzandığı çarpayıya doğru yeriyir.

Qadın sabah deyərkən, üç-dörd həftədən sonranı nəzərdə tutur.
O, "Biz indi mənim barəmdə danışırıq” deyəndə kişi danışığı kəsir.
 Qadının ən yaxın rəfiqəsi gəlib çıxır və soruşur, "Kimsə ölüb?”

Qadın kişini sevdiyi zaman, onlar gözəl bir iyul günü
şəlalədə lüt çimməyə gedirlər.
Su şırıltı ilə hamar daşların üzəri ilə axır
və kainatda yad olan heç nə yoxdur

Dəymiş almalar onların yanında yerə düşür.
Axı, o almaları necə yeməyə bilərlər?

Kişi, "Keçid dövrünə yaşayırıq” deyəndə,
qadın qurtum-qurtum içdiyi martini kimi quru tərzdə
"Çox orijinal fikirdir” deyə cavab verir.

Onlar durmadan mübahisə edir.
Məzəlidir.
Nə istəyirsən canımdan?
Elə biri üzr.
Yaxşı, üzr istəyirəm, ay səfeh.
Üzərində "Gülüş” yazılmış lövhə qaldırılır.
Bu donmuş bir şəkildir.
"Öpüşsüz dəli olmuşam” qadın deyir,
"bu barədə mənə təklif irəli sürə bilərsən”
və bu ingilis ləhcəsində əla səslənir.

Onlar bir ildə yeddi dəfə ayrıldı və doqquz dəfə də
ayrılmaqla bir-birilərini hədələdilər.

Qadın kişini sevdiyi zaman, kişinin onu
xarici ölkədə "Jeep” maşını ilə qarşılamasını istəyir.
Kişi qadını sevdiyi zaman, orada onu gözləyir. O, qadının iki saat
gecikməsinə və soyuducunun bomboş olmağına görə şikayətlənmir.

Qadın kişini sevdiyi zaman, oyaq qalmaq istəyir.
O, günün sona çatmasını istəmədiyi üçün ağlayan uşaq kimidir.

Kişi qadını sevdiyi zaman, yatmış qadını seyr edərək düşünür:
"Gecəyarı aya yaraşdığı kimi yuxu da sevgilisinə yaraşır”.
Onun gözü önündə minlərlə işıldaquş sayrışır.
Qurbağaların səsi orkestrin simli alətlər bölməsinin məşqini xatırladır.
Ulduzlar üzümşəkilli sırğalar tək aşağı sallanır.

-----------------------------------
1. Tekila, limon və ya laym şirəsi və şəkərdən düzəldilən kokteyl.
2. Rom, laym şirəsi və şəkərdən düzəldilən kokteyl.


Luis Simpson (Yamaykalı şair)

Şokoladlar 

Bir dəfə Çexova baş çəkməyə gəlmişdilər.
Qonaqlar onun istedadı barədə öz fikirlərini ifadə etdikcə
Ustad özünü narahat hiss edirdi. Nəhayət, o dedi:
"Siz şokoladları xoşlayırsınız?”

Qonaqlar təəccübləndilər və heç nə demədilər.
O, sualı bir də verdi,
sonra bir xanım cəsarətini toplayıb 
utanaraq astadan "Bəli” dedi.

"Deyin görüm” deyə o irəli əyildi
və onun  eynəyi parıldadı
"hansı növ? Açıq rəngli şirin şokolad,
yoxsa tünd rəngli və acı?”

Hamı söhbətə qoşuldu.
Onlar içərisində albalı, 
badam və Braziliya qozu 
olan şokoladlardan danışdılar.
Özlərini saxlaya bilməyərək 
bir-birilərinin sözlərini kəsdilər.
İnsanlar Balkanlarda yürüdülən siyasət 
və yaxud  kişi və qadınlarla 
bağlı mübahisəli məsələlər barədə 
nə düşündüklərini bilməyə bilər,
ancaq onlar xırda doğranmış hindqozunun dadı barədə 
müəyyən fikrə malikdirlər.

Nəhayət, kimsə likörlü şokoladlardan söz saldı,
və hamı, hətta "Vanya dayı”nın müəllifi belə
hisslərini ifadə etmək üçün 
söz tapmaqda çətinlik çəkirdi.

Qonaqlar gedəndə o qapının yanında dayandı
və əl verib onlarla sağollaşdı.

Peterburqa qayıdan faytonda qonaqların hamısı 
etdikləri söhbətin çox qeyri-adi olduğunu bildirdilər.

Sara Tizdeyl

Sənin deyiləm 
Nə səndəyəm, nə qeyb oluram səndə... 
Hərçənd istərəm qeyb olam, necə ki, 
gündüz qeyb olur nur şam əriyəndə, 
dənizdə qeyb olur qar dənəciyi. 

Sevirsən məni sən, bilirəm, nə qəm,  
Ruhun işıqlıdır, qəlbin eşq dolu.
Mən məndəyəm, fəqət elə təşnəyəm 
nurda nur sayağı səndə qeyb olum. 

Al məni, sevgində qərq eylə...Titrət 
ruhumu... Nə duya, nə görə bilim; 
eşq fırtınasında sovrulsun fitrət,
bir şam şöləsi tək çırpınsın könlüm!..


Çarlz Bukovski 

Demək yazar olmaq istəyirsən?   
Hər şeyə rəğmən,
o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa,
yazma.
Çağrılmadan gəlməzsə ürəyindən
düşüncəndən, ağzından və canından,
yazma.
Söz axtararaq,
saatlarla oturub
zilləməlisənsə gözünü bilgisayarın ekranına
və ya yazı makinasının üzərində belini bükməlisənsə,
yazma.
Pul və ya 
şöhrət üçün yazırsansa, 
yazma.
Yatağında qadınlar istədiyindən yazırsansa,
yazma.
Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından, 
yazma.
Əyləşib təkrar-təkrar,
yenidən yazmalısansa,
yazma.
Başqa birisi kimi yazmağa çalışırsansa,
çıxart bunu yadından.

Onun içindən 
gurultuyla çıxmasını gözləməlisənsə, 
o halda səbrlə gözlə.
O, heç vaxt gurultuyla çıxmazsa,
məşğul ol başqa işlə.

Onu ilk öncə həyat yoldaşına,
və ya qız dostuna, oğlan dostuna,
və ya valideynlərinə və yaxud ümumiyyətlə oxumalısansa kiməsə,
sən hazır deyilsən.

çoxsaylı yazarlardan olma,
özünü yazar adlandıran
minlərlə insandan olma,
maraqsız, bezikdirici və lovğa olma,
xudbinlik hissi səni boğmasın.
Dünya kitabxabaları
Sənin kimilər ucbatından
əsnəyə-əsnəyə dalıb yuxuya.
Bunların sayını artırma.
Yazma.
O, ruhundan raket kimi
fırlamazsa çölə,
Sakit durmaq
məcbur etməzsə səni dəliliyə
və ya özünə sui-qəsdə və ya
qətlə 
yazma.

Gerçək zamanı çatarkən
və seçilmişsənsə sən,
o, bunu özü edəcək.
Və o bunu sən və ya
o sənin içində ölənə kimi
etməkdə davam edəcək.

Bunun başqa yolu yoxdur.
Və heç vaxt da olmayıb.

Ədəbiyyat.biz

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR