Ekonomiks 19:26 16.12.2018

Xaricdən Azərbaycana qızıl-brilyant idxalında şübhəli 20 qat artım

Xaricdən Azərbaycana zinət əşyalarının idxalında kəskin artım baş verib. Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilir. 

Belə ki, "Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar" adlanan əmtəə qrupu üzrə idxalın dəyəri 2016-cı ilin 9 ayında 23.3 mln. dollar, 2017-ci ilin 9 ayında 25.5 mln. dollar olub. 2018-ci ilin eyni dövründə birdən-birə 20 dəfəyədək artaraq 477 mln. dollara çatıb.

Nəticədə əgər 2017-ci ildə idxalda bu qəbildən olan zinət əşyalarının payı cəmi 0.4% olmuşdusa, bu il 5.2%-ə çatıb.



İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, açıqlanan gömrük statistikasından belə anlaşılır ki, uzun illər gizli idxalın əsas mənbələrindən biri də qiymətli daş və metallar olub: "Hər halda rəsmi statistika belə deməyə əsas verir. Dünya tarixi yəqin ki, idxalda belə sıçrayışlı inkişaf görməyib".

Ekspert bildirir ki, ölkədə iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin artmadığı, əksər ailə təsərrüfatlarının qazancının gündəlik mallar səbətinə yetdiyi bir şəraitdə zinət əşyalarına tələbatın 1 ildə 20 dəfə artması inandırıcı görünmür. 

"Kim bilir, bəlkə ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının elə hakiimiyyətin özü tərəfindən izləməyə götürüilməsi səbəbindən zənginlərin "qara kapitalı" zinət əşyalarına çevirməkdən başqa sərfəli alternativi qalmayıb?" deyə R.Ağayev bildirir.