Azərbaycanın xaricdən idxal etdiyi kənd təsərrüfatı məhsulları sırasında alma, armud, ananas, araxis, badam, banan, fındıq ləpəsi, kivi, badımcan, bibər, ərzaqlıq kartof, lobya, kələm kimi məhsullar üstünlük təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalı və ixracı sahəsində bir çox ölkələrlə yaxından əməkdaşlıq edir. Bu ilin ilk dörd ayı ərzində ölkəmizə ümumilikdə 600 735 ton müxtəlif çeşiddə məhsullar idxal olunub ki, bunun da böyük bir hissəsini meyvə-tərəvəz məhsulları təşkil edir. Azərbaycanın əməkdaşlıq etdiyi ixracatçı ölkələr sırasında Türkiyə, İran, Qazaxıstan, Rusiya kimi ölkələr üstünlük təşkil edir. Bu ölkələrdən idxal olunan kənd təsərrüfatı məhsulları sırasında alma, armud, ananas, araxis, badam, banan, fındıq ləpəsi, kivi, badımcan, bibər, ərzaqlıq kartof, lobya, kələm kimi məhsullar üstünlük təşkil edir.
Ölkəyə meyvə-tərəvəz gətirilərkən onların geri qaytarılmasına və ya ölkədə ümumiyyətlə, satışının qadağan edilməsinə səbəb olan halların olub-olmadığına gəldikdə, xidmətdən bildirilib ki, ölkəmizə idxal olunan yaxud ölkəmizdən baş ölkələrə ixrac olunan bütün kənd təsərrüfatı məhsullarından götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında analiz olunur. Əgər analizlərin nəticəsi müsbət olarsa, məhsulun idxal və ya ixrac olunmasına icazə verilir. Əks halda, həmin məhsul ya ixracatçı ölkəyə geri qaytarılır, ya da beynəlxalq tələblər gözlənilməklə məhv edilir.
Xidmətdən qeyd edilib ki, 2018-ci ilin I rübü ərzində kənd təsərrüfatı məhsullarından, əsasən də əkin və səpin materiallarından götürülmüş nümunələrin ekspertizası zamanı 57 zərərli orqanizmlər aşkar edilib.
Bu dövr ərzində insan həyatına və sağlamlığına təhlükə törədən zəhərli kimyəvi maddələr və karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilmiş 53 623 kiloqram meyvə-tərəvəz məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Şərhlər