Xarici ekspert: “Azərbaycanın

Xarici ekspert: “Azərbaycanın "Şimal-Cənub" layihəsindəki rolu çox əhəmiyyətlidir“

Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

Azərbaycan bu layihədə hansı rola malikdir və onun reallaşması ölkəmizə nə kimi imkanlar yaradır?

Məsələni "Report"a şərh edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Nikolay Silaev Azərbaycanın tranzit rolunun əhəmiyyətli dərəcədə artacağını deyib:

"Azərbaycanın ərazisindən dəhlizin Rusiya və İranı birləşdirən dəmir yolu hissəsi keçir. Bundan daha vacib olanı isə odur ki, Azərbaycanın ərazisində faktiki olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin və Türkiyə istiqamətində olan dəmir yolunun birləşməsi baş verir. Bu mənada Azərbaycanın "Şimal-Cənub" layihəsindəki rolu çox əhəmiyyətlidir. İranla bağlı məlum məsələlər fonunda dəhlizlə bağlı qeyri müəyyənlik var. Lakin dəhlizlə əlaqədar ümumi durumdan aslı olmayaraq, Azərbaycanı Rusiya ilə birləşdirən dəmiryolunun modernizasiyası iki ölkə arasındakı ticarətə böyük impuls verəcək. Elə həm də həmin infrastrukturun inkişafı ilə əlaqədar olaraq ixrac imkanlarının artması nəticəsində son zamanlar Rusiya bazarında Azərbaycan malları xeyli çoxalıb".

"Azərbaycanın tranzit rolu əhəmiyyətli dərəcədə artacaq. Belə ki, "Rusiya Dəmir Yolları" ASC ilə artıq Bakı-Tibilisi-Qars dəhlizindən istifadə ilə bağlı razılaşma var. İstənilən halda İrandakı dəmir yolu tikilib qurtaracaq. Bu ilin yayından isə kifayət qədər yaxşı yüklənmə ilə Qazaxstanın Aktau limanından Bakıya mütəmadi konteyner reysi açılıb. Yəni Azərbaycan artıq nəqliyyat habına çevrilməkdədir.

Bir çox hallarda bu nəqliyyat dəhlizləri müzakirə olunan zaman məsələyə hədindən çox coğrafi-siyasi mövqedən yanaşılır və ona Çin mallarının Avropaya hansı marşrutla gedəcək kimi çox böyük proseslər kontekstində baxılır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, axın böyükdür və hamı üçün yer olacaq. Ən əsası isə odur ki, nəqliyyat infrastrukturunun, yük axınlarının sıxlığının artması Xəzərətrafı ölkələrin özləri üçün vacibdir. Çünki infrastrukturun inkişafı iqtisadi artıma impuls verəcək. Yəni vacib olan təkcə tranzit yox, həm də iqtisadi inkişaf üçün yeni imkanlardır",- ekspert əlavə edib. 



Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.

XƏBƏRLƏR
BLOGLAR