Hüseynbala Səlimov
Nəsillər arasındakı anlaşılmazlıq nə bir xalq üçün xarakterikdir, nə də konkret dövr üçün. Bütün xalqlarda və dövrlərdə belə olub–yaşlılar gəncləri "aşınma”da, gənclər isə yaşlıları mühafizəkarlıqda, yeniliyi dərk etməməkdə günahlandırıb.
Bəlkə də ədəbiyyat sarıdan naşı görünəcəm, amma düşünürəm ki, problem özünün ən gözəl bədii ifadəsini də İ.Turgenevin məşhur "Atalar və oğullar” romanında tapıb.
Bizdə də bu səpkidə böyük romanlar yazılmasa da, hər halda, belə söhbətlər dəbdədir. Hey görürsən ki, yaşlılarımız ilk fürsətdəcə gileylənirlər ki, bəs, gənclər əldən getdi və ata-baba yolunu tamam - kamal azdılar...
Əslində mən yaşlıların tərəfində olmalı idim, çünki artıq 54-ü haqlamaqdayam. Amma gəl, nə qədər çalışıramsa, yaşlıların, demək, elə özümün də tərəfimi tuta bilmirəm.
Ona görə ki, gəncləri hansı haqla qınayacağımızı yəqinləşdirməyə çətinlik çəkirəm. Nəylə öyünək onların qarşısında? Yaltaqlanmaqdan və əyilib–qalxmaqdan sual işarəsinə dönmüş qamətimizləmi?
On illərlə sovetin vaxtında, 26 il də müstəqillik dövründə başımızı girələməklə nəinki onların, hətta bundan sonra gələcək daha on nəslin başını yerə soxmağımızlamı?
Nə qoyub gedirik onlara ki, hələ durub nəsə tələb də edək gənclərdən! Soruşmazlarmı ki, qurduğunuz dövlət elə bumu? Soruşmazlarmı ki, bəs qoruduğunuz ölkə elə bumu? Soruşmayacaqlarmı ki, bəs 80 min kvadrat kilometrin 20 faizi hara getdi?..
Nə gen-bol torpağı var, nə də gen-bol azadlığı! Bütün mənalarda DARISQAL bir məmləkət! Soruşmazlarmı ki, bununla öyünürsünüzmü və bunu gözümüzə soxursunuzmu? Bunları deyib, elə hər bir mənada bu uçuq–sökük diyarın sənəd–sünədini də sifətimizə çırpmazlarmı?..
Kiməsə irad izhar etməkçün də mənəvi haqq lazımdır, bizimsə belə haqqımız yoxdur, çünki neçə illər bundan əvvəl onu itirdik və geri almaq haqqında da düşünmədik.
O ki qaldı digər məsələlərə, gənclərdən bədgüman olmağa başqa əsas da yoxdur, bizdən daha savadlı və daha bacarıqlıdırlar.
Bəli, biz, sovet vaxtlarının gəncləri, xeyli abstrakt şeylərdən "xəbərdar”dıq, hər şeydən xəbərimiz vardı, amma eynizamanda da heç nəyi yerli–yataqlı bilmirdik.
Beynimizi on illərlə mücərrəd şeylərlə doldururdular, sonra da qayıdırdılar ki, sizə universitetdə, institutda deyilənləri unudun, çünki real praktika tamam başqa şeydir...
Amma indiki gənclər nəyi bilirlərsə, konkret bilir, ən əsası da işləməyi bacarırlar.
Yadıma bir detal düşür. Uzağın söhbəti də deyil, 90-cı illərdə olubdur. İlk dəfə elan edildi ki, qəzetlər dövlət yardımı ala bilər, amma bununçün biznes–plan təqdim edilməlidir. Redaksiyalar bir–birinə dəymişdi və heç kim bilmirdi ki, biznes-plan nə məsələdir!..
Amma onu sizin üçün indi istənilən 2-ci kursun iqtisadçı tələbəsi tərtib edə bilər.
Ona görə də gənclərdən bədgüman olmayaq. Əksinə, utanaq ki, onlara babat ölkə miras qoya bilmədik ki, özlərini reallaşdıra bilsinlər. Bəli, çox təəssüf, gənclərimizin çoxu bu ölkədə özünü reallaşıdıra bilmir; nə dövlət qulluqçusu kimi, nə biznes adamı kimi, nə də yaradıcı insan kimi!
Səbəbi də budur ki, Şərq tipli quruluşlarda və cəmiyyətlərdə bir "xəlvətilik elmi” deyilən məsələ də var. Yox, fikriniz möhtərəm şeyx Seyid Yəhya Bakuvinin "xəlvətiyyə” təliminə getməsin, dediyim "xəlvətilik” elmi başqadır, özündə başqa şeyi – ictimai tülkülüyü ehtiva edir...
Cəmi bir tezislə ifadə etsək, məğzi də budur ki, qaqaş, başını aşağı sal, sən də bir tərəfdən sök məmləkəti, necə deyərlər, gecə xəlvət, tülkü bəy!
Bütün Şərq tipli quruluşlar və cəmiyyətlər üçün xarakterikdir bu. Bir sözü qoyub, o birinə keçmək olmasın, amma mən də Trampın ötən həftə Yerusəlimlə bağlı qərarından yazmalı oldum.
Tərəf tutmadan çox mətləblərə toxundum həmin yazıda. Birincisi, yataqlarında da "sionist sövdələşməsi”nin izini axtaran qardaşımız ərəblərə xatırlatdım ki, deməyin ki, bizi müsəlman olduğumuza görə sevmirlər, çünki sevgi məsələsinə qalanda, yəhudiləri sevməyən daha çox olub və hətta indi də az deyil. Daim təqib olunub və sıxışdırılıblar, hətta indinin özündə, antisemitizm rəsmi şəkidlə yasaq olan vaxtda belə onlara münasibət birmənalı deyil...
Amma siz ərəblərə nə var ki?.. Maşallah, az qala, 20 dövlətiniz var ki, 20-sinin də ərazisi İsrailin 22 min kvadrat kilometrlik ərazsindən qat–qat böyükdür!
Dünyada sevilməyə qalanda da, yenə də bəxtinizdən narazılıq edib, Tanrınıza təpik atmayın. Müsəlman ölkələri bir yana, Avropa dövlətləri və hətta Roma papası əməlli–başlı Trampa qarşı çıxdı...
Amma bircə sualı yazmaqdan özümü heç cür saxlaya bilmədim. Soruşdum ki, əziz ərəb qardaşlarımız, bir mənə deyin, görüm, sizi nəyə görə sevmək lazımdı? Orta əsrləri andıran monarxiyalarınıza görə, yoxsa 21-ci əsrdə apardığınız məzhəb savaşlarına görə?..
Elə bizimkilərə də belə gileylər yad deyil, oturub–durub ya cəmi Dünyanın erməni hiyləsinə uymasından danışırlar, ya da ikili standartlar deyilən məsələdən! Yekun nəticə isə eynidir–bizi də sevmirlər!..
Mənimsə ağlımdan keçir ki, bir bunlardan da soruşum: heç özünüz özünüzü sevirsinizmi, Azərbaycanı bir ölkə olaraq və azərbaycanlıları xalq olaraq sevirsinizmi?..
Kiməsə xoş gəlməkçün yox, lap elə ürəkdən azərbaycanlı olduğunuza görə qürur duyursunuzmu?..
Sovetin vaxtında bu xalqın elitası rayonlulara "çuşka” və yaxud "kolxoznik” deyərdi! Doğrusu indi, bilmirəm, hansı ayama dəbdədir, amma əminəm, bu xalqın nə "yuxarı”sı "aşağı”sını, nə də ki, "aşağı”sı "yuxarı”sını sevir, küll halında götürdükdə isə hamısı birlikdə: "Vətən ölmək üçün yaxşı!”- deyir...
Bilirsiniz, bu "Ölmək üçün vətən yaxşı!” sözləri haqda çox düşünmüşəm. Axırda da qərara gəlmişəm ki, burada da bir hiyləgərlik var, çünki başqa yerlərdə heç də hər ölən üçün ağlamazlar, başqa yerdə heç də hamı üçün 40 gün yas saxlamazlar, başqa yerdə insanlar tanış-biliş deyib hamının hüzürünə getməz, həqiqətən də saydıqları, sevdikləri və hörmət etdiklərinin dəfninə yollanarlar.
Amma burada... Nə isə... Uzunçuluq oldu, deyəsən. Qalanı qalsın, gələn dəfəyə. Axırda cəmi ikicə şey deyəcəm.
Birincisi, müsəlmanlarla yəhudilərin fərqi bilirsiniz, nədədir? Yəhudiləri BAŞQALARI sevmir, biz müsəlmanlarsa ÖZÜMÜZ özümüzü sevmirik!
İkincisi, gəncləri qınamayaq, onlardan bədgüman da olmayaq, çünki BÖYÜKLÜK HAQQINI qazana bilmədik...
Şərhlər