Hüseynbala Səlimov
Siyasət 10:26 11.12.2023

Xəzər İttifaqı: O, kimə lazımdır?..

Ötən həftə geosiyasət və geoiqtisadiyyat məzmunlu ciddi bir bəyanat oldu. Rusiya mənbələrinin xəbərlərinə görə, bu ölkə region dövlətlərilə birlikdə Xəzər İttifaqı yaratmaq istəyir ki, bura digər ölkələr, xüsusən də Qərb dövlətləri müdaxilə etməsin. 

Bəli, belə çıxır ki, Moskva yenidən öz yaxın xarici ilə birlikdə ətrafına "dəmir pərdə” çəkməyə hazırlaşır. Elə bu səbəbdən də sual yaranır: Bu "dəmir pərdə”nin bizə, konkret olaraq, Azərbaycana nə xeyri olacaq? Bu geosiyasi təşəbbüs kimin maraqlarına xidmət edir?

Aydın məsələdir ki, Rusiya, nə edirsə, etsin, bu, ilk növbədə onun özünün maraqları üçündür, çünki imperiyalar heç bir vaxt "geosiyasi filantropiya” ilə məşğul olmurlar, onlar üçün hətta dostlar və müttəfiqlər anlayışı da olmur, imperiya daim "ağalar və nökərlər” bölgüsünə meyl edir. Yeni təşəbbüsün də əsas məğzi Rusiyanın Xəzər regionundakı maraqlarını bir daha qanuniləşdirmək və buraları öz rəqiblərinin ən azı böyük bir hissəsinin üzünə bağlamaqdır. 

Moskva heç vaxt bu regiona geosiyasi iddialarını gizlətməyib, az qala, Xəzəri öz daxili dənizi elan etməyə çalışıb. Etiraf edək ki, buna qismən də nail olub – məsələn, Qara dənizdən və yaxud da ki, Şimal dənizindən fərqli olaraq, Xəzərdə hələki ABŞ-ın və yaxud da NATO-nun gəmiləri üzmür...

Amma bu da hələ hamısı deyil. Ötən həftə Xəzər İttifaqı ilə bağlı verilən bəyanatın duzunu daha bir məqam da artırdı. Bakı ən yüksək səviyyədə bəyan etdi ki, onun Avropa İttifaqına inteqrasiya etmək planları yoxdur. Burada bir neçə detalı qeyd etmək lazım gəlir. 

Birincisi, əlbəttə, hazırda Azərbaycanın ABŞ və Avropa ilə münasibətləri elə də yüksək səviyyədə deyil, ona görə ki, Vaşinqton və Paris açıq-aşkar ermənipərəst siyasət aparır və bu səbəbdən də Bakının belə bir vəziyyətdə Avropaya inteqrasiyadan danışması ən azı məntiqsiz görünərdi. Amma biz son vaxtlar bir misalı diqqətə gətirməyə çalışırıq və bunu bir neçə dəfə etməyə cəhd göstərmişik. Böyük Atatürk Qərblə savaş aparırdı, çünki Qərbin Türkiyə (o vaxtki Osmanlı!) ilə bağlı çox təhlükəli, hətta müdhiş planları vardı –onlar bu ölkəni, ümumiyyətlə, tam şəkildə xəritədən silmək istəyirdilər! Amma böyük Atatürk Qərblə savaşa-savaşa ölkəsinə Qərbin siyasi dəyərlərini gətirdi, Lenin Rusiyası ilə daha yaxın olsa da, başa düşdü ki, sovet Rusiyası perspektiv üçün onun ölkəsi –Türkiyə üçün heç də yaxın müttəfiq ola bilməz, ona görə də münasibətlər çox soyuq, hətta müharibə vəziyyətində olsa belə, Mustafa Kamal strateji müttəfiq kimi yenə də Qərbi seçdi!.. 

Hazırda Azərbaycanda nə baş verir? Gəlin bir məqamı heç bir vaxt unutmayaq. Moskva bizə qarşı Dağlıq Qarabağ münaqişəsini ona görə başlatmışdı ki, biz heç vaxt Qərbə, Avropa strukturlarına inteqrasiya haqqında, ABŞ-la yaxın əməkdaşlıq barədə düşünməyək. İndi nə alınır? Belə çıxmırmı ki, Kreml Azərbaycanda istədiyinə nail olubdur? 

İkincisi, Azərbaycanın ən yaxın, hətta təbii müttəfiqi Türkiyə hesab olunur. Sonuncu NATO-nun üzvüdür və üstəlik, NATO-nun son sammitində prezident R.T.Ərdoğan bəyan etdi ki, Avropa İttifaqına üzv olmaq onun ölkəsi və xalqı üçün aktual bir məqsəd olaraq qalır. O, hətta yeni NATO üzvlərini bu məsələdə Ankaraya yardımçı olmağa çağırdı. Belə hesab olunur ki, prezident Ərdoğanın Yunanıstana da bu son səfəri qismən bu problemlə bağlıdır. Bunları niyə deyirik? Bakı beynəlxalq siyasətini Ankara ilə koordinasiya etdiyini bildirir və hər iki tərəfin rəsmilərinin dediyinə görə, bu qarşılıqlı şəkildə baş verir. Ona görə də bir daha soruşuruq: biz Türkiyənin NATO üzvü olmasını, hətta Avropa İttifaqına üzv olmaq məqsədi də güdməsini tamamilə nəzərə almaya bilərikmi? Axı o, bizim təkcə bu regionda yox, hətta bütün dünyada ən yaxın müttəfiqimizdir!..

O ki qaldı Qərbin bizə qarşı indiki siyasətinə, düşünürük ki, bu da müvəqqəti bir xarakter daşıyır, burada Bayden və Makron cənablarının şəxsi siyasi ambisiyaları heç də az rol oynamır. Elə bizim özümüzün də Qərbə qarşı soyuq münasibətimizdə subyektiv məqamlar az deyildir. 

Amma gəlin bir detalı unutmayaq: Azərbaycan ən azı energetika sahəsində Qərblə çox intensiv əməkdaşlıq edir. Biz Ruisyaya qoşularaq Xəzər regionunu ABŞ-ın və Avropanın üzünə bağlasaq, məsələn, trans-Xəzər layihəsinin və digər qlobal kommunikasiya layihələrinin taleyi necə olacaq? Axı bu layihələrin gerçəkləşməsində Qərbin siyasi və hətta maliyyə dəstəyi ən önəmli amillərdən biridir...

Hüseynbala Səlimov