Günün 1/3-ni yuxuya sərf etsəniz belə, səhər oyanarkən özünüzü sanki heç yatmamış kimi hiss edə bilərsiniz. Saatların çoxluğu hər zaman gümrahlıq demək deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" yazır.
Lisenziyalı klinik psixoloq və RAND təşkilatının baş elmi əməkdaşı Vendi Troksel yuxunun müddəti ilə keyfiyyəti arasındakı mühüm fərqi vurğulayır. Onun sözlərinə görə, təxminən hər üçüncü yetkin insan bərpaedici olmayan yuxu keyfiyyəti ilə üzləşir.
Psixoloq qeyd edir ki, bir çox insan kifayət qədər – 7-8 saat yatdığını desə də, buna baxmayaraq yorğun və halsız oyanır.
Enerjinin əsas "oğruları”
Ekspertə görə, axşam saatlarında spirtli içki və qəhvə qəbulu yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirir. Bundan əlavə, stress, narahatlıq və yatmazdan əvvəl smartfon istifadəsi yuxunu parçalayır və dərin mərhələyə keçidin qarşısını alır.
Materialda qadınlara xüsusi diqqət ayrılır. Bildirilir ki, qadınlar kişilərlə müqayisədə daha tez-tez yuxu problemləri yaşayır və onlarda yuxusuzluq iki dəfə çox müşahidə olunur. Xüsusilə menopauza dövründə risk kəskin artır.
Az yatmağa alışmaq – həll deyil
Məqalədə qeyd olunur ki, bəziləri gündə cəmi 4 saat yataraq özlərini yaxşı hiss etdiklərini düşünsələr də, bu yanıldıcıdır.
Vendi Troksel izah edir ki, bu, orqanizmin daha az yuxuya ehtiyacı olması deyil, sadəcə yuxu çatışmazlığına uyğunlaşmasıdır. Araşdırmalar göstərir ki, yuxusuzluq insanın öz vəziyyətini düzgün qiymətləndirmə qabiliyyətini zəiflədir.
Onun sözlərinə görə, belə insanlar əslində yuxu çatışmazlığının koqnitiv qabiliyyətlərinə və məhsuldarlığına təsirini dərk etmirlər.
Yuxunu necə yaxşılaşdırmaq olar?
Ekspert tövsiyə edir ki, sağlam rejimə keçmək üçün hər axşam yuxu müddətini tədricən – təxminən 15 dəqiqə artırmaq lazımdır. Həmçinin yatmazdan əvvəl nə ac qalmaq, nə də həddindən artıq yemək məsləhət görülür.
Fiziki aktivliklə bağlı isə o bildirir ki, intensiv məşqləri günün daha erkən saatlarında etmək daha məqsədəuyğundur, çünki gec saatlarda idman sinir sistemini həddindən artıq stimullaşdırır.
Bununla yanaşı, insanın bioloji ritminə hörmət etməsi vacibdir: "gecə quşları” (gec yatmağa meyilli insanlar) özlərini səhər tezdən məşq etməyə məcbur etməməlidirlər.
Aydın
Şərhlər