"Azərbaycan Ordusunun ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir”.
"Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev "Azərbaycan ordusu” qəzetindən dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, ictimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən "Açıq qapı" günlərində əyani şəkildə görür, belə təchizatla qürurlanır: "Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir. Son illərdə onlarla yeni hərbi hissə inşa edilib, onlarla hərbi hissə əsaslı təmir olunub. Yeni inşa edilən hərbi hissələrin ikisinin açılışında cənab Ali Baş Komandan da iştirak etdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əlavə stimul oldu. İnşa edilən, əsaslı təmir olunan hərbi hissələrdə əsgər yeməkxanalarının proyektləri Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi ilə konkret olaraq Ərzaq Xidməti İdarəsiylə razılaşdırılır. Nəticə etibarilə bu razılaşma həm yeməkxanaların estetik biçimində, həm də təbii işıqlandırılmasının təmin olunmasında əhəmiyyətli olur. İstər yeni inşa olunan, istərsə də əsaslı təmir edilən hərbi hissələrdə anbarlar yenilənir, ən müasir qurğularla, soyuducularla təchiz olunur ki, bu da müxtəlif növ ərzaqların keyfiyyətli saxlanılması, yeməklərin keyfiyyətli hazırlanmasını təmin edir. Hərbi hissələr bütün infrastrukturlarla təmin olunur. Bütün bunlar yüksək keyfiyyətli ərzaqlardan hazırlanan xörəklərin yüksək keyfiyyətli olacağına zəmanət deməkdir”.
Xidmət rəisi vurğulayıb ki, hərbi hissələrdə yeniləşmə prosesi davam edir: "Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyələri və göstərişləri əsasında Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə də yenidənqurma tədbirlərini yüksək səviyyədə təmin edib. Bunun nəticəsidir ki, əksər hərbi hissələrdə çörəkbişirmə sexi var, bu da şəxsi heyətin vaxtında isti, təzə çörəklə təmin edilməsi, əlavə işçi qüvvəsinə qənaət olunması deməkdir”.
Polkovnik xatırladıb ki, bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni Mərkəzi Ərzaq anbarı istifadəyə verilib: "Ən müasir saxlama vasitələriylə - quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz edilən 500 tonluq anbarlar ordunun şəxsi heyətini yüksək keyfiyyətli ərzaqlarla və konservləşdirilmiş ərzaq məhsullarıyla bundan sonra da yüksək səviyyədə təmin edəcək. Vəzifəsi hərbi hissələrə yüksək keyfiyyətli xidmət göstərmək olan Ərzaq Xidməti İdarəsinin Mərkəzi anbarla bir sırada bölgələrdə də saxlama bazaları və anbarları vardır ki, bunlar da istər məsafə, istərsə də yüksək keyfiyyətli və operativ xidmət baxımından gərəklidir. Yeni ərzaq anbarının açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi. Biz bu tapşırıqları da böyük məsuliyyətlə yerinə yetirəcəyik”.
Şərhlər