“Azərbaycanın ATƏT ilə əlaqələri davam edəcək, biz təşkilatın tamhüquqlu üzvüyük və qərarların qəbulu prosesində iştirak edirik”.Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
Diplomat ATƏT Daimi Şurasının iclasında ATƏT-in Bakı ofisinin statusunun layihələrin əlaqələndiricisi statusuna dəyişdirilməsi barədə qəbul edildiyi qərarını APA-ya şərh edib. Onun sözlərinə görə, Azərbaycan ATƏT üçün maraqlı ölkədir: “Bizim ATƏT ilə layihələrin sayı artır. Biz regionda ən dinamik inkişaf edən və ən iri ölkəyik. Azərbaycan regionun lokomotividir. Ona görə də, bir çox beynəlxalq təşkilatlar kimi, ATƏT də regionda əsas diqqətini Azərbaycana cəmləşdirib. Yəni burada söhbət ATƏT-in Bakı ofisinin statusunun aşağı salınmasından getmir. Bu statusunun dəyişdirilməsidir”.
Bu qərardan sonra ATƏT-in Minsk Qrupunda dəyişikliklərin mümkünlüyünü şərh edən E. Abdullayev bildirib ki, ATƏT-in Minsk Qrupu digər məqsədlər üçün yaradılan tamam fərqli formatıdır: “Minsk Qrupu ATƏT-in üzvləri tərəfindən yaradılan və üçü həmsədr ölkə olmaqla 15 üzv ölkələrdən ibarət olan vasitəçi missiyadır. Bu format sırf münaqişənin həlli üçün yaradılıb”.
Qeyd edək ki, dünən ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusunu alıb. Bu qərar ATƏT-in Daimi Şurasının iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib. Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərar böyük dəyişikliklərə səbəb olmayacaq. Bu mandat çərçivəsində ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.
ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN başçısı Leonid Kojara bildirib ki, layihələrin əlaqələndiricisi mandatının qəbul edilməsi ATƏT və Azərbaycan arasında təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır.
Xatırladaq ki, bu ilin yazında Azərbaycan tərəfi ATƏT-ə təşkilatın Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.
Qaynar.info
Şərhlər