Siyasət 10:21 11.10.2019

XİN-in “qara siyahı”sı tənqid hədəfində

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə bir neçə şəxsin adını "qara siyahı”dan çıxarıb. Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong, Mun Kyeong Won və Almaniya vətəndaşı, müstəqil jurnalist Silvia Stöber XİN-ə məktubla müraciət edərək adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər.

Nazirlik xəbər verir ki, məktublarında Ji Sun Kim, Lee Soo, Mun Kyeong Won və Silvia Stöber Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Onların müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. XİN bu qərarlarına fərqli reaksiyalar var. Çoxları XİN-i prinsipsiz olmaqda suçlayaraq, ayağı qanunsuz olaraq Dağlıq Qarabağa dəyən istənilən şəxsin adının siyahıda saxlanılmasını vacib sayır. Bir növ üzr istəməklə heç nəyin həll olunmadığı bildirilir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Musavat"a açıqlamasında bu qərarları normal saydığını bildirib: "Müxtəlif ölkələrdə də belə addımlar atılır. Hesab edirəm ki, XİN-in son qərarları düzgündür. İnsanın hansı səbəblərə görə işğal altındakı ərazilərimizə getməsi və oradakı davranışları araşdırılır. Ola bilər ki, hansısa bir insanın qanunsuz səfəri zamanı ərazi bütövlüyümüz əleyhinə orada fikirlər səsləndirilməsin. Heç də hər kəsin müraciəti əsasında ”qara siyahı"dan adın çıxarılması halı olmur. Bu təcrübə mövcuddur. Məsələn, Gürcüstanda hansısa cərimələr nəzərdə tutulur. Ukraynada da bəzən bu və ya digər insanlara qarşı bunabənzər tədbirlər qəbul olunur. Burada yeni bir nəsə yoxdur".

Tofiq Zülfüqarov: "Qara siyahı" var, amma onun qanunu əsasları mövcud deyil"

T.Zülfüqarov nazir olduğu dönəmlərdə insanları "qara siyahı”ya salma kimi təcrübənin olmadığını da söylədi: "Bizdə indinin özündə də qanunlarda ciddi boşluqlar var. Bu da onunla daha çox bağlıdır ki, Milli Məclisdə işğal edilmiş ərazilərlə bağlı qanun qəbul olunmayıb. Amma Gürcüstan və Ukrayna bu qanunları qəbul edib. Yəni əldə hüquqi əsas yoxdur. Yalnız bəyanatlar vermək mümkündür. Onu demək istəyirəm ki, ”qara siyahı" var, amma onun qanunu əsasları mövcud deyil. Sadəcə bizdə sərhəd haqqında qanun tətbiq olunur. Hər zaman dediyim kimi, yenə də deyirəm ki, işğal haqqında qanun qəbul olunmalıdır. Bu qanunda konkret göstərilməlidir ki, Ermənistan bizə qarşı hərbi təcavüz edib. Ondan irəli gələn məsələlərin hamısı tənzimlənməlidir. Milli Məclisdə bununla bağlı hüquqi boşluqlar uzun illərdir mövcuddur. Hesab edirəm ki, burada əsas problem bundan ibarətdir. Gələcəkdə işğalçıya qarşı maddi iddia irəli sürsək, bunun təbii olmalı olduğunu indidən unutmamalıyıq. Hər kəsə bəllidir ki, işğal edilən ərazilərimiz dağıdılıb, etnik təmizləmələr baş verib. Bunların hamısı qanun çərçivəsində həll yolunu tapmalıdır".

Akif Nağı: "Heç kəsin adı siyahıdan çıxarılmamalıdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı tam əksini düşünür: "Hesab edirəm ki, Xarici İşlər Nazirliyinin ”qara siyahı"larla bağlı tutduğu mövqe tədbirlərdən biridir. Düşünürəm ki, daha sərt tədbirlər görülməlidir. Açığı indiyə qədər bu nazirlikdən təsirli, tutarlı bir mövqeyin, tədbirin şahidi olmamışıq. Kənardan məsləhət vermək çətindir. Amma hər halda hesab edirik ki, müəyyən təsirli metodlar olmamış deyil. İndi "qara siyahı” forması var. Vaxtaşırı görürsən ki, kimsə və ya kimlərsə siyahıdan çıxarılır. Xahiş və digər yollarla bunlar baş verir. Bu cür qərarları mən tamamilə yanlış hesab edirəm.  Dağlıq Qarabağa səfər edənlərin sayı az deyil. Doğrudur, bəzi ölkələrin vətəndaşları ümumiyyətlə, ora getməkdən çəkinirlər. Amma onu müşahidə edirik ki, qanunsuz səfər edənləri sayı getdikcə artır. Təkcə ötən həftə Amerikadan iki heyət həkim qrupu ora gedib. Digər ölkələrdən də vaxtaşırı belə səfər edənlərin şahidi oluruq. Onların çox ermənilərin sifarişlərini yerinə yetirən şəxslərdir. Pul alıb, gedirlər. Bu da qondarma rejimin dünya birliyinə çatdırılmasının bir formasıdır. Ona görə də bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyi prinsipial olmalıdır. Heç bir halda, istisna hal belə olsa, heç kəs siyahıdan çıxarılmamalıdır. Bunun da təsirlərinin olmaması mümkün deyil. Onların səfərlərinin tam məhdudlaşdırılması yolu tutulmalıdır".