Xəbər lenti

XİN rəhbərləri görüşüb
Siyasət 21:35 10.06.2013

XİN rəhbərləri görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-dən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Bosniya və Herseqovina nümayəndə heyətini salamlamış və ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib.

Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov, Bosniya parlamenti tərəfindən Xocalı Soyqırımına dair qətnamənin qəbul olunmasını yüksək qiymətləndirmiş və təşəkkürünü bildirib. İki ölkə arasında iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmiş və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq məqsədilə müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin əməkdaşlığın genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılması və ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasının zəruriliyini nəzərə çatdırıb.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ölkəmizə səfərindən məmnun olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirmişdir. Ölkəmizlə siyasi sahədə yüksək əməkdaşlığın mövcud olduğunu və Bosniya parlamentinin fevral ayında qəbul etdiyi qətnamənin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. 

Azərbaycan və Bosniya və Herseqovinanın bir çox ölkələr üçün mədəniyyətlərin və dinlərin sülh şəraitində birgə yaşadığı model ölkələr olduğunu qeyd edən Zlatko Laqumciya, ölkəsində həyata keçirilən infrastruktur, enerji, turizm layihələrində Azərbaycan şirkətlərini iştirak etməyə dəvət etmişdir. 

Bosniyalı nazir, həmçinin Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirmiş və təşəkkürünü bildirib.

Hər iki nazir görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi üzrə razılıq əldə etmiş və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->